Əfqanıstan

Waving Flag of Afghanistan (Animated Gif)

Əfqanıstan İslam Respublikası

 

Prezident: Zati-aliləri cənab Məhəmməd Əşrəf Qani

İcra rəisi: cənab Abdullah Abdullah

Parlamentin Yuxarı Palatasının Sədri: cənab Fazel Hadi Muslimyar

Parlamentin Aşağı Palatasının Sədri: cənab Mir Rahman Rahmani                              

Xarici İşlər naziri: cənab İdris Zaman

Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasındakı səfiri: cənab Həsən Zeynalov (iqamətgahı Aşqabad şəhərində olmaqla)

Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri: cənab Xeyrullah Spelenay

 

İkitərəfli münasibətlər

Əfqanıstan İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 21 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 16 noyabr 1994-cü ildə qurulmuşdur. Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi 2012-ci ilin noyabr ayında təsis edilmişdir. Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi eyni zamanda Əfqanıstan İslam Respublikasında akkreditə olunmuşdur.

 

Ali və Yüksək səviyyəli səfərlər

Əfqanıstan İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Əşrəf Qani 1 dekabr 2014-cü ildə, 22 dekabr 2015-ci ildə (rəsmi), 1 dekabr 2017-ci ildə və 14-15 mart 2019-cu ildə Azərbaycana səfər etmişdir.

Əfqanıstan İslam Respublikasının Xarici İşlər naziri cənab Zarar Əhməd Osmani 18-19 mart 2014-cü ildə, cənab Salahuddin Rabbani isə 5-6 aprel 2018-ci ildə Azərbaycan Respublikasına səfər etmişlər.

14 mart 2019-cu ildə Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani 7-ci Qlobal Bakı Forumunda iştirak məqsədilə Azərbaycana səfəri zamanı Prezident cənab İlham Əliyev ilə görüşmüşdür.

25-26 oktyabr 2019-cu ildə Qoşulmama Hərəkatının 18-ci Zirvə Toplantısında iştirak məqsədilə Bakıya səfəri zamanı Əfqanıstan Prezidenti ilə Azərbaycan Prezidenti arasında ikitərəfli görüş keçirilmişdir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası və Əfqanıstan İslam Respublikası arasında 14 sənəd imzalanmışdır.

 

Humanitar sahədə əməkdaşlıq

“ADA” Universitetində Əfqanıstandan olan tələbələr üçün təhsil imkanı yaradılmış, həmçinin Əfqanıstan nümayəndələri üçün kurslar təşkil edilmişdir.

2014-cü ildə Azərbaycan Əfqanıstanda sel və daşqınların fəsadlarından əziyyət çəkənlərə humanitar yardım etmişdir.

Əfqanıstan diplomatları Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyi tərəfindən “ADA” Universitetində təşkil olunan ixtisasartırma kurslarında iştirak etmişdir.

Dövlət idarəçiliyində səmərəliliyin artırılması sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi öz təcrübəsini Əfqanıstan ilə bölüşür.

Azərbaycan Əfqanıstan Milli Ordusu üzrə Etimad Fonduna müxtəlif illərdə maliyyə və texniki yardımlar etmiş, Əfqanıstanın Bərpası Etimad Fonduna vəsait köçürmüşdür. 2012-ci ildə Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi Əfqanıstanın inkişafı üçün BMT-nin İnkişaf Proqramı çərçivəsində maliyyə yardımı göstərmişdir.

 

İqtisadi sahədə əməkdaşlıq

2017-ci ildə Azərbaycan, Əfqanıstan, Türkmənistan, Gürcüstan və Türkiyə arasında Nəqliyyat və tranzit üzrə əməkdaşlıq Sazişi (Lapis Lazuli) imzalanmışdır.

2019-cu ilin iyul ayında Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun birinci iclası keçirilmişdir.

 

Təhlükəsizlik sahəsində əməkdaşlıq

Azərbaycan 2002-ci ildən NATO ilə əməkdaşlıq çərçivəsində Əfqanıstanda sülhün və sabitliyin bərqərar olunmasında iştirak edir. Azərbaycanın Qətiyyətli Dəstək Missiyasında iştirak edən sülhməramlılarının sayı 120 nəfərdir. Azərbaycan qoşun, multimodal tranzit, təlim və maliyyə yardımı təminatı ilə Qətiyyətli Dəstək Missiyasına töhfə verir.

Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi ilə Əfqanıstanın müvafiq qurumu arasında qarşılıqlı təcrübə mübadiləsi həyata keçirilir.

Azərbaycan Asiyanın Ürəyi-İstanbul Prosesinin iştirakçısıdır.

Azərbaycan 2017-ci ildə Asiyanın Ürəyi – İstanbul Prosesinə Əfqanıstanla birlikdə həmsədrlik etmişdir.

30-31 may 2017-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Araz Əzimov Əfqanıstana səfəri zamanı Asiyanın Ürəyi – İstanbul Prosesinin səfirlər səviyyəsində görüşünə həmsədrlik etmişdir.

01 dekabr 2017-ci ildə Bakıda keçirilmiş Asiyanın Ürəyi – İstanbul Prosesinin 7-ci Nazirlər Toplantısında Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani iştirak etmişdir.

 

Ticarət Dövriyyəsi (milyon ABŞ dolları)

İl İdxal İxrac Dövriyyə
2017 52 239.6 0.5 52 240.0
2018 71 537,94 1.60 71 539,54

2019

(Yanvar-İyun)

56 348,54 51.69 56 400.23

Arxiv üzrə axtarış

xin diplomatic service