Qoşulmama Hərəkatı

Image result for non aligned movement

Qoşulmama Hərəkatı və Azərbaycan

Hərəkatın Məqsəd və prinsipləri:

  1. BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də əsas insan hüquq və azadlıqlarına hörmət etmək;
  2. Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək;
  3. Böyüklüyündən asılı olmayaraq bütün irqlərin və xalqların bərabərliyini tanımaq;
  4. Digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək;
  5. BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət etmək;
  6. Böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək;
  7. Digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən imtina etmək;
  8. BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri dinc, sülh yolu ilə həll etmək;
  9. Qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək;
  10. Ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək.

 

Hərəkatın yaranma tarixi:

1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransı Qoşulmama Hərəkatın təsis edilməsi istiqamətində ilk əhəmiyyətli addım hesab edilir. Bandunq Konfransından 6 il sonra, 1-6 sentyabr 1961-ci il tarixlərində keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Qoşulmama Hərəkatının institusional əsası qoyulmuşdur.

 

Mənzil qərargahı:

Qoşulmama Hərəkatının daimi orqanı və mənzil qərargahı yoxdur. Büro QH-nin daimi əsasda fəaliyyət göstərən və qurumdaxili əlaqələndirmə işlərini tənzimləyən əsas orqanıdır. Büro vasitəsilə QH öz üzvlərinin BMT orqanlarında vahid mövqedən çıxış etməsini əlaqələndirir. Büroya rəhbərliyi təşkilatın sədri olan dövlətin BMT yanında daimi nümayəndəsi həyata keçirir.   

 

Üzv dövlətlər:

Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.

 

Qoşulmama Hərəkatı çərçivəsində keçirilən görüşlərin formatları:

QH-yə üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Zirvə Görüşləri (Summit of Heads of State and Government of the Non-Aligned Movement) QH-nın ən ali toplantısıdır. Sammitlər 3 ildən bir Baş Assambleyanın ümumi müzakirələrindən ən azı bir ay əvvəl keçirilir. Sammitdən öncə Əlaqələndirici Büro Konfransa rəhbərlik edəcək Büronun tərkibini müəyyən edir. Sədr dövlətlə bərabər regional əsasda (8 Afrika, 7 Asiya, 4 Latın Amerika və Karib, 1 Şərqi Avropa) 20 sədr müavini seçilir. Sammitdən bir neçə gün əvvəl yüksək vəzifəli şəxslərin iclası və xarici işlər nazirlərinin görüşü keçirilir. Yüksək vəzifəli şəxslərin iclasında qəbul edilən qərar və sənədlərə xarici işlər nazirlərinin görüşündə baxılır və təsdiqləndikdən sonra qəbul edilməsi üçün sammitə təqdim olunur.

Aralıq Nazirlər Konfransları (Mid-term Ministerial Meeting) sammitdən 18 ay sonra keçirilir və sammitdə qəbul edilən qərarların icrası ilə bağlı vəziyyəti nəzərdən keçirir və növbəti sammitə hazırlıq işləri görür.

BMT Baş Assambleyasının ümumi debatları çərçivəsində nazirlər səviyyəsində görüşlər sentyabr ayında Nyu-Yorkda keçirilir.

 

Qoşulmama Hərəkatına üzvlük proseduru:

QH-yə üzv olmaq istəyən dövlət Hərəkatın fundamental prinsiplərinə sadiqliyini ifadə etməli və Qoşulmama Hərəkatının Sədrinə yazılı müraciət etməlidir. Üzvlüklə bağlı qərar konsensus yolu ilə qəbul edilir.

 

Azərbaycanın Hərəkata üzv olduğu vaxt:

Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, QH-yə tam hüquqlu üzv qəbul olunmuşdur.

 

Qoşulmama Hərəkatı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi:

09-10 may 2012-ci il tarixlərində Misirin Şarm əl-Şeyx şəhərində Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun nazirlər səviyyəsində növbəti iclasında Yekun Sənədin qəbulu zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bənd də daxil edilmişdir. Bu xüsusda Qoşulmama Hərəkatının üzv dövlətləri Ermənistan və Azərbaycan arasında münaqişənin dövlətlərin ərazi bütövlüyünə hörmət, ərazi bütövlüyünə qarşı güc tətbiq etməmək və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməsinə dəstək ifadə etmişdir.

30-31 avqust 2012-ci tarixlərində İran İslam Respublikasının Tehran şəhərində QH Dövlət və Hökumət Başçılarının 16-cı Zirvə Görüşü keçirilmişdir. Sammit zamanı qəbul olunmuş Yekun Sənədin 391-ci maddəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmişdir. Nazirlər görüşündə qəbul olunmuş bənddən bir addım önə gedərək bu bənddə dövlətlər münaqişənin məhz Azərbaycan Respublikasının “ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində” həllinə dəstəyi ifadə etmişdir.   

28-29 may 2014-cü il tarixlərində Əlcəzairdə QH-nin XVII nazirlər iclası keçirilmişdir. QH üzv dövlətləri nazirlər iclasının yekun sənədinin 421-ci bəndində və Marqaritada keçirilmiş Sammitin 500-cü bəndində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməmiş qalmasına təəssüflərini ifadə etmiş və münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsinə dəstəklərini ifadə etmişlər. 

4-6 aprel 2018-ci il tarixlərində Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Aralıq Nazirlər Konfransının yekun sənədində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməmiş qalmasına təəssüf və münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsinə dəstək ifadə edilmişdir.

18-21 iyul 2019-cu il tarixlərində Venesuelanın Karakas şəhərində Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər səviyyəsində növbəti iclası keçirilmişdir. İclasda AR Xarici İşlər Nazirliyinin nümayəndə heyəti iştirak etmişdir. İclasın yekununda qəbul edilmiş Karakas Yekun Sənədi Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı əvvəlki sənədlərdə əksini tapmış dəstək mövqeyini bir daha təkrarlamışdır.

 

Hərəkata Sədrlik:

Azərbaycan Respublikası  2019-2022-ci illərdə Hərəkata sədrlik edəcəkdir. Bu xüsusda, QH-nin növbəti sammitinin 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilməsi planlaşdırılır. 

Arxiv üzrə axtarış

xin diplomatic service