Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat (GUAM)

Image result for Organization for Democracy and Economic Development – GUAM

Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat (GUAM)

 

GUAM-ın yaranma tarixi

Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM) Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna tərəfindən təsis edilmiş regional təşkilatdır.

İlk öncə, 10 oktyabr 1997-ci il tarixində Strasburq şəhərində Avropa Şurasının Sammiti çərçivəsində GUAM Məşvərət Forumu təsis edilmiş, 7 iyun 2001-ci il tarixində isə GUAM Birliyi formalaşmışdır. 23 may 2006-cı il tarixində Kiyev şəhərində keçirilən Zirvə Görüşündə dövlət başçıları tərəfindən nizamnamə sənədinin imzalaması nəticəsində GUAM Təşkilat statusunu qazanmışdır.

 

GUAM-ın məqsədləri və fəaliyyət sahələri

GUAM-ın əsas məqsədləri sırasına demokratiyanın möhkəmləndirilməsi, dövlətlərin iqtisadi inkişafının, təhlükəsizlik və sabitliyin təmin olunması daxildir. Bu məqsədlərə nail olunması üçün GUAM çərçivəsində üzv dövlətlərin ərazilərində həll olunmamış münaqişələrin nizamlanması məqsədilə fəal əməkdaşlıq edilməsi, beynəlxalq terrorizm, ekstremizm və aqressiv separatizm, habelə onlarla bağlı olan digər mənfi hallarla mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi, üzv dövlətlərin dayanıqlı inkişafı məqsədilə, dinamik iqtisadi artım, sosial ahənglik və ətraf mühitin mühafizəsi vasitəsilə qarşılıqlı fəaliyyətin gücləndirilməsi, iqtisadiyyat, ticarət və nəqliyyat sahələrində əməkdaşlığın dərinləşdirilməsi və Azad Ticarət Zonası haqqında Sazişin həyata keçirilməsinə başlanılması, enerji təhlükəsizliyi sahəsində səylərin artırılması, üzv dövlətlərin beynəlxalq tranzit potensialından istifadə olunması kimi məsələlər prioritetlik təşkil etməkdədir.

GUAM-ın Nizamnaməsinə əsasən, Təşkilatın strukturuna Şura və Kiyev şəhərində yerləşən Katiblik daxildir. Təşkilatın əsas orqanı olan Şura öz fəaliyyətini dövlət başçıları, xarici işlər nazirləri, milli əlaqələndiricilər və GUAM yanında daimi nümayəndələr səviyyəsində həyata keçirir.

GUAM çərçivəsində bir sıra sahəvi əməkdaşlıq istiqamətləri üzrə işçi qrupları və digər əməkdaşlıq mexanizmləri mövcuddur, bunlar; ticarət və nəqliyyatın dəstəklənməsi, sərhəd və gömrük nəzarətinin təmin edilməsi, beynəlxalq və regional məsələlər, turizm, energetika, GUAM azad ticarət zonası, investisiya layihələri, fövqəladə hallar və radioloji təhlükəsizlik, infrastruktur, fəlakətlərin idarə olunması, ətraf mühitin mühafizəsi, səhiyyə, su resurslarının idarəçiliyi, mədəniyyət kimi sahələrdə əməkdaşlıq məsələlərini əhatə edir.

GUAM-ın əlaqədar təşkilatları sırasında GUAM Biznes Şurası və GUAM Parlament Assambleyası yer almaqdadır.

 

Azərbaycan-GUAM əlaqələri

Azərbaycan GUAM-ın təsisçi üzvlərindən biri kimi təşkilat çərçivəsində fəal mövqeyə malikdir və Təşkilatın daha çox iqtisadi yönümlü təşkilata çevrilməsi işini dəstəkləyir. Azərbaycan GUAM çərçivəsində bir sıra prioritet sahələr, o cümlədən ticarət, gömrük, nəqliyyat, enerji, kənd təsərrüfatı kimi sahələr üzrə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın inkişaf etdirilməsinə önəm verir.

Azərbaycan 2007–2008-ci, 2012 və 2016-cı illər ərzində GUAM-da sədrlik etmişdir. Altay Əfəndiyev 1 yanvar 2016-cı il tarixindən etibarən 4 illik müddətə Təşkilatın baş katibi vəzifəsinə seçilmişdir.

Arxiv üzrə axtarış

xin diplomatic service