Birləşmiş Millətlər Təşkilatı

Image result for un flag

Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan

 

BMT-nin yaranma tarixi

Birləşmiş Millətlər Təşkilatı İkinci Dünya Müharibəsinin başa çatmasından sonra – 1945-ci ilin oktyabr ayının 24-də təsis edilmişdir.

Məqsədləri

BMT-nin məqsədlərinə beynəlxalq sülh və təhlükəsizliyin qorunması, ölkələr arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi, iqtisadi, sosial, mədəni və humanitar xarakterli beynəlxalq problemlərin həlli istiqamətində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi və insan hüquqları və əsas azadlıqlara hörmətin təşviq edilməsi daxildir.

Prinsipləri

BMT-nin prinsiplərinə üzv dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsinə əsasən götürülmüş öhdəliklərin üzv dövlətlər tərəfindən vicdanla yerinə yetirilməsi, beynəlxalq mübahisələrin sülh yolu ilə həlli, dövlətlərin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı və BMT-nin məqsədlərinə zidd olan hər hansı bir şəkildə güclə hədələməmə və ya güc tətbiq etməmə, Nizamnaməyə əsasən BMT tərəfindən aparılan fəaliyyətə üzv dövlətlər tərəfindən dəstəyin göstərilməsi, təşkilata üzv olmayan dövlətlər tərəfindən BMT prinsiplərinə riayət olunma, üzv dövlətlərin daxili işlərinə müdaxilə etməmə daxildir.

Əsas orqanları

BMT-nin əsas orqanları Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Qəyyumluq Şurası, Beynəlxalq Ədalət Məhkəməsi və Katiblikdir.

Mənzil-qərargahı

BMT-nin mənzil-qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşir.

Üzv dövlətləri

BMT-nin 193 üzv dövləti var.

 

Azərbaycanın BMT-yə üzvlüyü

18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası az sonra - 1992-ci ilin 2 mart tarixində BMT-nin üzvlüyünə qəbul edilmişdir. BMT üzvlüyü Azərbaycana bərabərhüquqlu üzv kimi beynəlxalq ictimaiyyətə qovuşmaq və Təşkilatın Nizamnaməsində əks olunmuş mexanizmlərdən istifadə edərək, öz təhlükəsizliyi və rifahını təmin etmək və eləcə də beynəlxalq sülh və inkişafa töhfə vermək üçün əməkdaşlıq etmək imkanını açmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirakı ilə Azərbaycan Respublikası ilə BMT arasında məzmunlu tərəfdaşlığın əsası qoyulmuşdur. Azərbaycan BMT çərçivəsində siyasi dialoq və praktiki əməkdaşlıqda fəal iştirak edir.

Azərbaycan BMT-nin əsas orqanları, ixtisaslaşmış və digər qurumları ilə yaxından əməkdaşlıq edir. BMT-nin seçkili orqanlarında iştirak etməklə Azərbaycan BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin yerinə yetirilməsinə öz töhfəsini verir. Ölkəmiz BMT-nin Uşaq Fondunun (UNİCEF) İcraiyyə Şurasına (1995-1997, 1998-2000, 2005-2009), Qadınların vəziyyəti üzrə Komissiyaya (2000-2002), Dayanıqlı İnkişaf üzrə Komissiyaya (2002-2004), İqtisadi və Sosial Şuraya (ECOSOC) (2003-2005, 2017-2019), İnsan Hüquqları Komissiyasına (2005-2006), İnsan Hüquqları Şurasına (2006-2009), Dünya Səhiyyə Təşkilatının İcraiyyə Şurasına (2006-2009), BMT-nin İnkişaf Proqramı/BMT-nin Əhali Fondunun İcraiyyə Şurasına (2008-2010), Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Müdirlər Şurasına (2009-2011, 2018-2020), Təhlükəsizlik Şurasına (2012-2013), Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasına (2013-2017), Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına (2015-2018, 2019-2022), Beynəlxalq Telekommunikasiya İttifaqının Radiotənzimləmə Komitəsinə (2019-2022) Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəyə (2019-2022), Beynəlxalq Əmək Təşkilatının Rəhbər Orqanına (2017-2020), Ümumdünya Poçt İttifaqının Poçt Əməliyyatları Şurasına (2017-2020) üzv seçilmişdir.

 

BMT-nin fəaliyyətinin əsas istiqamətləri:

BMT-nin fəaliyyəti 3 sütun üzərində qurulub: sülh və təhlükəsizlik, inkişaf və insan hüquqları.

 

1. Azərbaycanın BMT çərçivəsində beynəlxalq sülh və təhlükəsizliyə töhfəsi

Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvü kimi BMT Nizamnaməsində əks olunmuş əsas məqsəd olan beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasına davamlı olaraq töhfə verir. Azərbaycan bu məqsədlə BMT orqanlarında sülh və təhlükəsizlik məsələlərinə dair siyasi müzakirələrdə iştirak edir və BMT-nin mandatı ilə həyata keçirilən praktiki fəaliyyətə töhfə verir.

Sülh və təhlükəsizliyə dair beynəlxalq siyasi proseslərdə iştirak

Azərbaycanın 2012-2013-cü illər dövrü üzrə BMT TŞ-nin qeyri-daimi üzvlüyü beynəlxalq sülh və təhlükəsizliyin bərqərar edilməsi üzrə siyasi proseslərdə ölkəmizin çəkisini artırmışdır. Beynəlxalq sülh və təhlükəsizliyin bərqərar edilməsinə məsul əsas qurum olan BMT TŞ üzvlüyü zamanı Azərbaycan tərəfi həmişə beynəlxalq hüquq və ədaləti müdafiə etmişdir. Şuraya üzvlük zamanı rotasiya qaydasına əsasən Azərbaycan TŞ-yə iki dəfə sədrlik etmişdir. Birinci sədrliyimiz dövründə 2012-ci ilin 4 may tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə TŞ-də Beynəlxalq sülh və təhlükəsizliyə terrorizmin açdığı hədələr mövzusu çərçivəsində “Terrorizmlə mübarizə sahəsində öhdəliklərin yerinə yetirilməsi ilə bağlı beynəlxalq əməkdaşlığın gücləndirilməsi” adlı yüksək səviyyəli görüş keçirilmişdir. İkinci sədrliyimiz dövründə Azərbaycan tərəfi ənənəvi olaraq sədr ölkə tərəfindən təşkil edilən yüksək səviyyəli iclası “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusuna həsr etmişdir. 28 oktyabr 2013-cü il tarixində təşkil edilən bu iclas ilk dəfə belə bir mövzuya aid edilmişdi.  Əlavə olaraq, Azərbaycanın təklifi əsasında 30 may 2012-ci il tarixində “Mübahisələrin dinc yolla həlli, münaqişələrin qarşısının alınması və həlli: vasitəçilik, hüquqi həll və ədalət” mövzusunda BMT TŞ-nin “Arria formulası” çərçivəsində qeyri-rəsmi müzakirələri təşkil olunmuşdur.

Ümumilikdə, Azərbaycan BMT TŞ-yə üzvlüyü dövründə beynəlxalq sülh və təhlükəsizliyə aid mühüm qərarların qəbul olunmasında yaxından iştirak etmiş və bu sahədə beynəlxalq konsensusun möhkəmlənməsinə öz töhfələrini vermişdir.

Sülhü qoruma məsələləri

Azərbaycan 1999-cu ildən bəri BMT TŞ mandatı əsasında aparılan bir çox beynəlxalq sülhməramlı əməliyyatlara töhfə vermişdir. Azərbaycan indiyədək BMT TŞ-nin 1244 (1999) saylı qətnaməsi əsasında NATO-nun rəhbərliyi altında keçmiş Yuqoslaviyanın Kosovo bölgəsində (KFOR) və 1386 (2001) saylı qətnaməsi əsasında Əfqanıstanda (ISAF), 1511(2003) saylı qətnaməsi əsasında İraqda (MNF-I) aparılan sülhməramlı əməliyyatlarda iştirak edib. Hazırda Azərbaycan BMT TŞ-nin 2189 (2014) qətnaməsi əsasında Əfqanıstanda NATO-nun komandanlığı altında aparılan “Qətiyyətli dəstək” əməliyyatında və BMT-nin Cənubi Sudan Respublikasında həyata keçirdiyi sülhü qoruma əməliyyatında (UNMISS) iştirak edir.

Digər praktiki əməkdaşlıq məsələləri

Azərbaycan sülh və təhlükəsizliyə dair tematik məsələlərin təşviq edilməsi üçün BMT-nin aidiyyəti qurumları ilə əməkdaşlıq edir. Ölkəmiz BMT və İslam Əməkdaşlığı Təşkilatının müvafiq qurumları ilə birlikdə “Terrorçuluğun qarşısının alınması üçün əməkdaşlığın gücləndirilməsi” mövzusunda 18-19 mart 2013-cü il tarixlərində yüksək səviyyəli beynəlxalq konfransa ev sahibliyi etmişdir. Bundan əlavə, terrorçuluğa, mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin yayılmasına qarşı mübarizə və digər müvafiq sahələrdə BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi (UNODC) ilə effektiv əməkdaşlıq həyata keçirilməkdədir.

 

2. İnkişaf və əməkdaşlığa dair məsələlər

İnkişaf və əməkdaşlıq BMT-nin əsas məqsədlərindən biridir. Dünyada rifahın və əməkdaşlığın artmasının müharibələrin önlənməsi və sülh və təhlükəsizliyin möhkəmlənməsində rolu nəzərə alınaraq, BMT çərçivəsində inkişaf və əməkdaşlığa dair əhəmiyyətli ölçüdə praktiki əməkdaşlıq imkanları formalaşdırılmışdır. Artıq ikinci onillikdir ki, inkişaf məsələləri BMT-nin yüksək səviyyəli müzakirələrində ən əsas vəzifə kimi qarşıya qoyulmuş və bu istiqamətdə konkret zaman çərçivələrində müəyyən hədəflərə nail olunması qərarlaşdırılmışdır. 2015-ci il BMT sammitində 2000-ci il sammitində başladılmış bu səylərin növbəti 15 il ərzində (2030-cu ilə qədər) davam etdirilməsi qərara alınmış və qlobal inkişafa dair bır sıra konkret hədəflər (17 “Dayanıqlı İnkişaf Məqsədi” üzrə 169 hədəf) müəyyən edilmişdir. BMT müxtəlif qurumları vasitəsi ilə bu sahədə beynəlxalq əməkdaşlığı təşviq edir.

Azərbaycan BMT-yə üzv olduğu tarixdən inkişaf məsələləri üzrə əhəmiyyətli əməkdaşlıq formalaşdırılmışdır. Azərbaycanın bu istiqamətdə BMT ilə əməkdaşlığı iqtisadi artım, yoxsulluğun aradan qaldırılması, ərzaq təminatı, təhsil, ətraf mühit, gender bərabərliyi və s. kimi mühüm inkişaf məsələlərini əhatə edir.

Azərbaycan müvafiq iqtisadi imkan əldə edən vaxtdan humanitar həmrəylik prinsiplərinə sadiq olaraq, bir sıra ölkələrə yardımlar etməyə başlamışdır. Bu məqsədlə, Azərbaycan Hökuməti 2011-ci ildə Xarici İşlər Nazirliyinin nəzdində Beynəlxalq İnkişafa Yardım Agentliyini (AIDA) yaratmış və həmin Agentliyin xətti ilə beynəlxalq humanitar və inkişaf yardımı göstərilir. Həmçinin, Azərbaycan elektron hökumət və ictimai xidmətlər sahəsində öz üstün təcrübəsini BMT çərçivəsində paylaşır.

 

3. İnsan hüquqlarının təşviqi

Azərbaycan beynəlxalq hüququn inkişafı, o cümlədən, beynəlxalq hüququn kodifikasiyası məsələlərində fəal iştirak edir. Azərbaycan tərəfi bu istiqamətdə fəaliyyəti zamanı dövlətlərin suverenliyi, siyasi müstəqilliyi və ərazi bütövlüyü, suveren bərabərliyi və daxili işlərinə qarışmamaq kimi beynəlxalq hüquq prinsiplərini rəhbər tutur.

Bu yanaşmadan çıxış edərək, ölkəmiz BMT çərçivəsində insan hüquqlarının təşviqi sahəsində proseslərdə də fəal iştirak edir. Azərbaycan bir sıra qətnamələrin müəllifi və ya həm-müəllifi olmuşdur. Bunlar arasında müvafiq BMT orqanlarında qəbul olunan “İtkin düşmüş şəxslər” və “Silahlı münaqişələr zamanı girov götürülmüş, o cümlədən sonradan həbs edilmiş qadın və uşaqların azad edilməsi”  başlıqlı qətnamələri göstərmək olar. Ölkəmiz insan hüquqlarının ümumi standartlarının təmini məsələsi ilə yanaşı insan hüquqlarının kütləvi şəkildə pozulduğu hallara (xüsusilə münaqişələr zamanı) diqqətin artırılmasına səy göstərir.

 

BMT və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Sülh və təhlükəsizlik istiqaməti üzrə Azərbaycan-BMT əməkdaşlığında ən ümdə məsələ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı Ermənistanın davam edən güc tətbiqinə son qoyulmasına və ölkənin ərazi bütövlüyünün təmin olunmasına beynəlxalq dəstək əldə etməkdir. BMT beynəlxalq sülh və təhlükəsizliyin bərqərar edilməsi məqsədindən irəli gələrək, Ermənistan-Azərbaycan münaqişəsinə dair bir sıra qətnamələr və sənədlər qəbul etmişdir.

Ermənistan-Azərbaycan münaqişəsinə dair ən mühüm BMT sənədləri Təhlükəsizlik Şurasının 1993-cü il ərzində qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrdir. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması tələb edilir.

1992-1996-cı illər ərzində BMT TŞ-nin Sədrləri Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təsdiqləyən və münaqişənin sülh yolu ilə həll olunmasına yönəlmiş ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyən bəyanatlarla çıxış etmişlər.

BMT Baş Assambleyasında 2006 və 2008-ci illərdə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələr qəbul olunmuşdur. Bu qətnamələrdə Azərbaycan ərazi bütövlüyünə dəstək ifadə edilmişdir.

Hazırda ölkəmiz “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı bəndi hər il BA-nın gündəliyində saxlayır. Həmçinin, “GUAM məkanında həlli uzanan münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri” adlı bənd də BA-nın gündəliyində qalmaqdadır.

 

Birləşmiş Millətlər Təşkilatının Ermənistan-Azərbaycan münaqişəsinə dair qəbul etdiyi sənədlərin siyahısı

Təhlükəsizlik Şurasının qətnamələri

Təhlükəsizlik Şurasının Qətnaməsi (S/RES/822) - 30 aprel 1993

Təhlükəsizlik Şurasının Qətnaməsi (S/RES/853) – 29 iyul 1993

Təhlükəsizlik Şurasının Qətnaməsi (S/RES/874) – 14 oktyabr 1993

Təhlükəsizlik Şurasının Qətnaməsi (S/RES/884) – 12 noyabr 1993

Təhlükəsizlik Şurası Sədrinin bəyanatları

Təhlükəsizlik Şurası Sədrinin Bəyanatı (S/23904) – 12 may 1992

Təhlükəsizlik Şurası Sədrinin Bəyanatı (S/24493) – 26 avqust 1992

Təhlükəsizlik Şurası Sədrinin Bəyanatı (S/24721) – 27 oktyabr 1992

Təhlükəsizlik Şurası Sədrinin Bəyanatı (S/25199) – 29 yanvar 1993

Təhlükəsizlik Şurası Sədrinin Bəyanatı (S/25539) – 06 aprel 1993

Təhlükəsizlik Şurası Sədrinin Bəyanatı (S/26326) – 18 avqust 1993

Təhlükəsizlik Şurası Sədrinin Bəyanatı (S/PRST/1995/21) – 26 aprel 1995

Baş Assambleyanın qətnamələri

Azərbaycandakı məcburi köçkün və qaçqınlara təcili beynəlxalq yardım, A/RES/48/114 – 20 dekabr 1993

Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət, A/RES/60/285 – 7 sentyabr 2006

Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət, A/RES/62/243 – 14 mart 2008

Arxiv üzrə axtarış

xin diplomatic service