Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) – Azərbaycan münasibətləri

Image result for osce flag

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) – Azərbaycan münasibətləri

Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Müşavirənin (ATƏM) (1 yanvar 1995-ci ildən ATƏT) üzvlüyünə 1992-ci ilin 30 yanvarında qəbul olunmuşdur. ATƏM Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatı olmuşdur.

Azərbaycan ilk dəfə olaraq, 1992-ci ilin iyulun 8-10-da Helsinkidə keçirilən ATƏM-in Zirvə Toplantısında iştirak etmiş, onun sənədlərini imzalamışdır.

ATƏT-in əsas sənədi 1975-ci ildə imzalanmış Helsinki Yekun Aktıdır. Helsinki Yekun Aktı ATƏT məkanında dövlətlərarası münasibətlərin prinsipial çərçivəsini müəyyən edir və özündə “İştirakçı dövlətlər arasında münasibətlərin rəhbəredici Prinsiplərini” ehtiva edir. Həmin prinsiplər aşağıdakılardır:

  • Suveren bərabərlik və suverenliyə xas olan hüquqlara hörmət;
  • Güc tətbiqi ilə hədələməmə və gücdən istifadədən çəkinmə;
  • Sərhədlərin toxunulmazlığı;
  • Dövlətlərin ərazi bütövlüyü;
  • Mübahisələrin dinc yolla nizama salınması;
  • Daxili işlərə qarışmama;
  • İnsan hüquqları və fundamental azadlıqlara hörmət;
  • Xalqların bərabərhüquqluluğu və öz müqəddaratını təyin etmə hüququ;
  • Dövlətlər arasında əməkdaşlıq;
  • Beynəlxalq hüquqdan irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi.

ATƏT və Ermənistan-Azərbaycan münaqişəsi

1992-ci ilin fevral ayından başlayaraq Ermənistan-Azərbaycan münaqişəsi ATƏM-in prinsiplərinə uyğun olaraq üzv olan dövlətlərin daha çox diqqət obyektinə çevrildi. Bu məqsədlə fevral ayının ortalarında ATƏM-in ilk xüsusi missiyası Azərbaycana səfər etmişdir.

Fevralın 27-28-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) iclasında ilk dəfə olaraq Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələr aparıldı. Dağlıq Qarabağın Azərbaycan Respublikasına mənsub olmasını təsdiq edən sənəddə, sərhədlərin dəyişdirilməməsi şərti ilə, münaqişənin sülh yolu ilə həllinə çağırış öz əksini tapdı.

1992-ci ilin mart ayının 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) birinci əlavə görüşündə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində vəziyyət müzakirə olundu. Görüşdə ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul olundu.

5-6 dekabr 1994-cü ildə baş tutmuş Budapeşt sammitinin işinin konkret yekunu olaraq Ermənistan-Azərbaycan münaqişəsinə dair “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” adlı qərar qəbul olunmuşdur. Qərarda iştirakçı dövlətlər BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı müvafiq qətnamələrinə sadiqliyini təsdiq etmiş; münaqişənin həllinə nail olmaq üçün danışıqların aparılması məqsədilə Minsk Konfransının həm-sədrlik institutunu təsis edərək, həmsədrlərə öz vasitəçilik fəaliyyətlərində ATƏM-in prinsiplərini və onların razılaşdırılmış mandatlarını əsas götürməyi tapşırmış; münaqişə zonasında tətbiq edilməsi üçün ATƏT-in çoxmillətli sülhü dəstəkləmə missiyasının təsis edilməsini razılaşdırmışlar.

Budapeşt Sammitinin nəticələrinə əsasən, 20 dekabr 1994-cü ildə Vyanada Ermənistan-Azərbaycan münaqişəsi üzrə ATƏT-in üzv ölkələrinin təyin etdiyi hərbi nümayəndələrdən ibarət Yüksək Səviyyəli Planlaşdırma Qrupu (YSPQ) təsis olunmuşdur. YSPQ-nun mandatına münaqişə zonasında ATƏT-in çox-millətli sülhü dəstəkləmə əməliyyatının konsepsiyasını hazırlamaq və həmin qüvvələrin komplektləşdirilməsi və fəaliyyəti ilə bağlı ATƏT-in Fəaliyyətdə olan Sədrinə tövsiyə vermək daxildir.

28 avqust 1995-ci ildə ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsi (ŞN) vəzifəsi təsis olunmuşdur. Şəxsi Nümayəndə Fəaliyyətdə olan Sədr, ATƏT-in Minsk Qrupu və onun həmsədrləri və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun münaqişə ilə əlaqəli fəaliyyətinə yardım etmək vəzifəsini daşıyır. Hazırda Şəxsi Nümayəndənin fəaliyyətinin əsas istiqamətlərindən biri Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində atəşkəsin monitorinqini həyata keçirməkdən ibarətdir.

1996-cı il 2-3 dekabr tarixlərində keçirilən Lissabon Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ATƏT-in iştirakçı dövlətləri tərəfindən (Ermənistan istisna olmaqla) aşağıdakı prinsiplərə razılıq verilmişdir:

  1. Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;
  2. Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksən özünüidarəetmə statusunun verilməsi;
  3. Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təminatı.

1 yanvar 1997-ci ildən ATƏT-in Minsk prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər.

Hazırda Minsk Qrupunun Həmsədrləri aşağıdakılardır:

  • İqor Popov (Rusiya)
  • Endryu Şofer (ABŞ)
  • Stefan Viskonti (Fransa)

Minsk Qrupun tərkibinə Fransa, Rusiya, ABŞ, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan və rotasiyaya uyğun olaraq ATƏT-in Troykasının üzvləri qismində Slovakiya və Albaniya daxildir.

Azərbaycan tərəfinin təşəbbüsü ilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında 2005-ci ildə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə fakt-araşdırıcı missiya təşkil edilmişdir. Missiyanın yekun hesabatında Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırma faktları təsdiq olunmuş və işğal edilmiş ərazilərin demoqrafik strukturunun dəyişdirilməsinə yönələn bu fəaliyyətin dayandırılmasına dair çağırış edilmiş və qanunsuz məskunlaşdırma siyasətinin münaqişənin həllini çətinləşdirdiyi vurğulanmışdır.  

2010-cu ildə Azərbaycan tərəfinin təşəbbüsü ilə işğal edilmiş ərazilərə sahə qiymətləndirmə missiyasının səfəri təşkil edilmişdir. Səfərin məqsədi işğal edilmiş ərazilərdə həyata keçirilən qanunsuz fəaliyyət, o cümlədən qanunsuz məskunlaşdırma, iqtisadi resursların və təbii sərvətlərin qanunsuz istismarı və ərazilərin talan edilməsi faktlarını araşdırmaqdan ibarət olmuşdur. Sahə qiymətləndirmə missiyası işğal edilmiş ərazilərdə qanunsuz fəaliyyət barədə Azərbaycan tərəfinin narahatlığının əsaslı olduğunu təsdiqləmişdir. Missiyanın yekunlarına dair tərtib edilmiş hesabatda işğal edilmiş ərazilərdə mövcud olan status-kvonun qəbuledilməz olduğu öz əksini tapmışdır.

 

ATƏT-in qərar qəbuletmə orqanlarında Azərbaycanın iştirakı

Sammit - ATƏT-in əsas qərar qəbul etmə orqanı iştirakçı dövlətlərin dövlət və hökumət başçılarından ibarət Sammitdir.

Azərbaycan Respublikası təşkilata tam hüquqlu üzv olduqdan etibarən ATƏT-in 1992-ci ildə keçirilmiş Helsinki, 1994-cü ildə keçirilmiş Budapeşt, 1996-cı ildə keçirilmiş Lissabon, 1999-cu ildə keçirimiş İstanbul və 2010-cu ildə keçirilmiş Astana Sammitlərində iştirak etmişdir.

ATƏT-in sonuncu sammiti 2010-cu ilin 1-2 dekabr tarixlərində Astanada keçirilmişdir. Sammitdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. Sammit çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Azərbaycan və Ermənistan Prezidentləri, eləcə də, ATƏT-in Minsk Qrupuna həmsədr ölkələrin nümayəndə heyətləri başçılarının birgə bəyanatı qəbul edilmişdir. Bundan əlavə, Sammitdə qəbul edilmiş yekun Bəyannaməsində ATƏT məkanında həlli uzanan münaqişələrin beynəlxalq hüququn BMT Nizamnaməsi və Helsinki Yekun Aktında təsbit edilmiş norma və prinsipləri əsasında həllinin vacibliyi qeyd edilmişdir.

Nazirlər Şurası- Nazirlər Şurası təşkilatın Sammitdən sonra ikinci əsas qərar qəbul etmə orqanıdır. İştirakçı dövlətlərin xarici işlər nazirlərindən ibarət olan Şura bir qayda olaraq, ildə bir dəfə (Sammit keçirilən illər istisna olmaqla) təşkilata sədrlik edən ölkədə təşkil edilir.

Azərbaycan ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (NŞ) illik iclaslarında və müzakirəyə çıxarılan qərar və sənəd layihələrində müzakirələrində fəal iştirak edir. Müxtəlif illərdə təşkil edilmiş Nazirlər Şurasının iclaslarında Avropada təhlükəsizlik və sabitliyin təmin edilməsində ən böyük əngəllərdən biri kimi Ermənistan-Azərbaycan münaqişəsi diqqət mərkəzində olmuşdur. İclaslarda münaqişənin həlli yollarında dair müzakirələr aparmış və münaqişə ilə bağlı müvafiq bəyanatlar verilmişdir.

Daimi Şura- iştirakçı dövlətlərin ATƏT yanında Daimi Nümayəndələrindən təşkil olunan qərar qəbul etmə orqanıdır. Daimi Şura özünün müntəzəm iclaslarını həftədə bir dəfə olmaqla Vyanada keçirir.

 

ATƏT-in icraçı instututları ilə əməkdaşlıq

ATƏT çərçivəsində iştirakçı dövlətlər arasında dialoq və əməkdaşlığın təşviqi və müvafiq sahədə qəbul edilmiş öhdəliklərin icrası məqsədilə iştirakçı dövlətlərə yardım göstərilməsi məqsədilə üç icraçı institut fəaliyyət göstərir: Demokratik Təsisatlar və İnsan hüquqları Bürosu (DTİHB), Media azadlığı üzrə Nümayəndə və Milli Azlıqlar üzrə Ali Komissar

DTİHB-nin baş ofisi Varşava şəhərində yerləşir və insan ölçüsü üzrə qəbul edilmiş öhdəliklərin icrasında iştirakçı dövlətlərə yardım etmək mandatına malikdir. 2017-ci ilin iyul ayından etibarən 3 illik müddətə bu qurumun direktoru vəzifəsini İngibyorq Solrun Gisladottir (İslandiya) həyata keçirir.

Azərbaycan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) ilə 1998-ci ildən başlayaraq əməkdaşlıq aparmış və demokratikləşdirmə, qanunun aliliyi, qanunvericiliyin, xüsusilə də seçki qanunvericiliyinin təkmilləşdirilməsi, miqrasiya, gender bərabərliyi və digər sahələrdə bir çox layihələr həyata keçirmişdir. DTİHB Azərbaycanda keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərinin müşahidə prosesində iştirak etmişdir.

ATƏT-in Media azadlığı üzrə Nümayəndəsi vəzifəsi təşkilatın Daimi Şurasının 5 noyabr 1997-ci il tarixli qərarı ilə təsis edilmişdir. Nümayəndənin mandatına ATƏT iştirakçı dövlətlərində media sahəsindəki prosesləri müşahidə etmək və müvafiq sahədə qəbul edilmiş öhdəliklərin icrasında iştirakçı dövlətlərə yardım etmək aiddir. Nümayəndənin ofisi Vyana şəhərində yerləşir. 2017-ci ilin iyul ayından etibarən 3 illik müddətə Media azadlığı üzrə Nümayəndə vəzifəsini Arlem Dezir (Fransa) həyata keçirməkdədir.

Azərbaycan hökuməti ATƏT-in Mətbuat Azadlığı üzrə Nümayəndəsi ilə onun mandatına daxil olan məsələlər ilə bağlı əməkdaşlıq edir. Bu təsisat ilə əməkdaşlığın nümunəsi kimi azərbaycanlı jurnalistlər və müxtəlif qurumların mətbuat xidməti əməkdaşları üçün keçirilən treninqlər, xüsusilə Azərbaycanın kütləvi informasiya vasitələrinə aid qanunvericiliyinin təkmilləşdirilməsi və onun hüquqi ekspertizasını göstərmək olar.

ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissar vəzifəsi ATƏM-in 1992-ci il Helsinki Sammitinin müvafiq qərarına əsasən təsis edilmişdir. Ali Komissarın mandatı ATƏT iştirakçı dövlətlərində milli azlıqlardan qaynaqlanan gərginliklərin qarşısını almaq məqsədilə erkən xəbərdarlıq və erkən fəaliyyət istiqamətlərini əhatə edir. Ali Komissarın ofisi Haaqa şəhərində yerləşir.

ATƏT-in tam-hüquqlu üzvü olmasından etibarən Azərbaycan ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarının Ofisi ilə əlaqələr yaratmışdır. Azərbaycan milli azlıqların hüquqlarının müdafiəsi, onların vətəndaşı olduqları dövlətlərin ictimai həyatına tam hüquqlu inteqrasiyası kimi vacib istiqamətlərdə yaxşı təcrübələrin bölüşülməsi və norma yaradıcılığı sahələrində əməkdaşlıq edir.

 

ATƏT-in sahə missiyaları ilə əməkdaşlıq

ATƏT-in Bakıda Ofisinin yaradılması haqqında 16 noyabr 1999-cu ildə ATƏT-in Daimi Şurasının 318 saylı qərarı qəbul olunmuşdur. Ofisin fəaliyyəti 1999-cu ilin noyabr ayının 25-də imzalanmış Qarşılıqlı Anlaşma Memorandumu əsasında qurulmuşdur.

18 iyul 2000-ci ildə ATƏT-in Bakıdakı Ofisinin rəsmi açılışı baş tutmuşdur. 2014-cü ildə ATƏT-in Bakı Ofisi ATƏT-in Bakıda Proqram əlaqələndiricisinə transformasiya olunmuş və 4 iyul 2015-ci il tarixinədək fəaliyyət göstərmişdir.

 

ATƏT-in Fəaliyyətdə olan Sədri

ATƏT-in Fəaliyyətdə olan Sədri təşkilat çərçivəsində fəaliyyətin və iştirakçı dövlətlər arasında əməkdaşlığın əlaqələndirilməsi məqsədilə təsis edilmişdir. Təşkilata sədrlik edən ölkə Nazirlər Şurasının qərarı ilə bir il müddətinə müəyyən edilir. Fəaliyyətdə olan Sədr funksiyalarını isə həmin ölkənin xarici işlər naziri həyata keçirir.

2019-cu ilin yanvar ayının 1-dən etibarən ATƏT-də Sədrlik funksiyalarını Slovakiya yerinə yetirməyə başlamışdır. Hazırda ATƏT-in Fəaliyyətdə olan Sədri Slovakiyanın xarici işlər və Avropa məsələləri üzrə Naziri cənab Miroslav Layçakdır.

ATƏT Nazirlər Şurasının 25-ci iclasında qəbul edilmiş qərara əsasən 2020-ci ildə ATƏT-ə Sədrlik Albaniya tərəfindən həyata keçiriləcəkdir.

 

ATƏT-in Baş Katibi

ATƏT-in Baş katibi təşkilatın Katibliyi və icraçı qurumlarının gündəlik fəaliyyətinin əlaqələndirilməsi funksiyasını daşıyır. Nazirlər Şurasının qərarı ilə üç il müddətinə təyin edilir.

2017-ci ilin iyul ayından etibarən 3 il müddətinə ATƏT-in Baş Katibi vəzifəsini Tomas Qreminger (İsveçrə) həyata keçirir.

2018-ci ilin 12 sentyabr tarixində ATƏT-in Baş Katibi cənab Tomas Qreminger ölkəmizə səfər etmişdir. Səfər çərçivəsində Baş katib Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilmiş, Azərbaycan Respublikasının xarici işlər naziri, Bakı Beynəlxalq Dəniz Limanının rəhbərliyi və digər rəsmi şəxslərlə görüşlər keçirilmişdir. Keçirilmiş görüşlərdə Azərbaycan-ATƏT əməkdaşlığının praktik aspektlərinə dair fikir mübadiləsi aparılmışdır.

 

ATƏT Parlament Assambleyası

ATƏT iştirakçı dövlətlərinin 323 parlamentarisindən təşkil edilmiş Parlament Assambleyası ATƏT-in muxtar qurumu kimi parlament müstəvisində dialoqun təşviqi məqsədini güdür və məşvərətçi xarakter daşıyır. Parlament Assambleyasının Beynəlxalq Katibliyi Kopenhagen şəhərində yerləşir. Hazırda ATƏT PA-nın Baş katibi vəzifəsini Roberto Montella (İtaliya), Prezidenti vəzifəsini isə Georgi Tsereteli (Gürcüstan) həyata keçirir.

Azərbaycan Respublikasının Milli Məclisinin nümayəndə heyəti ATƏT PA-nın işində 3-ü əsas olmaqla, ümumilikdə 6 millət vəkili ilə təmsil olunur. Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Azərbaycan Respublikasının Milli Məclisinin Sədrinin müavini xanım Bahar Muradovadır. Azərbaycan nümayəndə heyətinin üzvü millət vəkili Azar Quliyev 2016-cı ildə ATƏT PA-nın vitse-prezidentidir.

Azərbaycan və ATƏT PA arasında sıx əməkdaşlıq münasibətləri formalaşmışdır. ATƏT PA-nın 2014-cü ildə İllik Sessiyası Bakıda təşkil edilmişdir. Qurumun müxtəlif illərdə keçirilmiş illik sessiyalarında Azərbaycan tərəfinin təşəbbüsü ilə müxtəlif qətnamələr qəbul edilmişdir. Hazırda qurum çərçivəsində Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılmış “İpək yoluna Dəstək” qeyri-rəsmi qrupu fəaliyyət göstərməkdədir.

 

ATƏT iştirakçı dövlətlərinin Daimi Nümayəndələrinin səfərləri

2012-ci ilin 9-11 sentyabr tarixlərində bir sıra ölkələrin ATƏT yanında Daimi Nümayəndələrindən ibarət qrupun ölkəmizə səfəri baş tutmuşdur.

Ikinci bu qəbildən olan səfər 2018-ci ilin 21-22 iyun tarixlərində baş tutmuşdur və səfərdə ümumilikdə 17 ATƏT iştirakçı dövlətinin daimi nümayəndəsi iştirak etmişdir.

Arxiv üzrə axtarış

xin diplomatic service