YUNESKO

Image result for unesco flag

YUNESKO

Yaranma tarixi :

BMT-nin mədəniyyət, elm və təhsil sahəsi üzrə ixtisaslaşmış təşkilatı olan YUNESKO-nun Nizamnaməsi 16 noyabr 1945-ci ildə Londonda imzalanmış və 4 noyabr 1946-cı ildən öz rəsmi fəaliyyətinə başlamışdır.

Məqsədi :

Nizamnaməsinə əsasən YUNESKO-nun məqsədi dünyada təhsil, elm və mədəniyyət, vasitəsilə sülhün saxlanmasına, irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq BMT Nizamnaməsinin bütün xalqlar üçün tanıdığı ədalətə, qanuna, insan hüquqları və azadlıqlarına universal hörməti təmin etmək üçün millətlər arasında əməkdaşlığa töhfə verməkdir. YUNESKO məqsədinə çatmaq üçün fəaliyyətində təhsil, təbii, sosial və humanitar elmlər, mədəniyyət, kommunikasiya və informasiya proqramlarına istinad edir.

Əsas orqanları :

YUNESKO üç əsas işçi orqandan ibarətdir: Baş Konfrans, İcraiyyə Şurası və Katiblik.

Mənzil qərargahı :

YUNESKO-nun mənzil qərargahı Fransanın paytaxtı Paris şəhərində yerləşir. Parisdəki baş qərargahından əlavə, dünyanın müxtəlif ölkələrində regional bürolara, institutlara və mərkəzlərə malikdir.

YUNESKO-nun baş direktoru :

Baş direktor vəzifəsini 2017-ci ilin 13 noyabr tarixindən xanım Odre Azule (Fransa) icra edir.

Üzv dövlətlər :

Hazırda YUNESKO 193 ölkə və 11 assosiativ üzvdən ibarətdir.

 

Azərbaycan və YUNESKO

SSRİ dövründə əməkdaşlıq

Keçmiş SSRİ-nin tərkibində olarkən Azərbaycan YUNESKO ilə əməkdaşlıq etməyə başlamışdır. Bu əməkdaşlığın qurulmasında və inkişaf etdirilməsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur. YUNESKO-nun Azərbaycan mədəniyyəti ilə bağlı təşkil etdiyi tədbirlərdə yaxından iştirak edən Heydər Əliyev 1983-cü ildə Bakıda təşkil edilmiş “Şərq xalça sənəti” I Beynəlxalq Simpoziumu zamanı YUNESKO-nun Baş Direktorunun xüsusi məsləhətçisi Federiko Mayorla görüşmüşdür.

YUNESKO-nun Parisdəki baş qərargahında “Azərbaycan xalçaları” (1981), “Azərbaycan əlyazmaları” (1985), Londonda isə YUNESKO-nun himayəsi altında “Bakının memarlığı” (1985) sərgiləri keçirilmişdir. 1984-cü ilin noyabr ayında YUNESKO-nun baş qərargahında Azərbaycan Dövlət Rəqs ansamblının çıxışı olmuşdur.

YUNESKO Bakıda iki beynəlxalq tədbirin – “Dil və şəhər” (1981) və “Şərq xalça sənəti” (1983) konfranslarının keçirilməsi üçün Azərbaycana maliyyə yardımı göstərmişdir. 1983-cü ildə Azərbaycan hökuməti xalçaçı-rəssam Lətif Kərimovun toxuduğu, üzərində Memar Əcəmi Naxçıvaninin təsviri olan xalçanı Bakıya səfər etmiş YUNESKO-nun Baş Direktoru Amadu Mahtar M`Bou vasitəsilə təşkilata hədiyyə etmişdir.

YUNESKO-ya üzvlük :

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, 3 iyun 1992-ci il tarixində YUNESKO-ya üzv qəbul edilmişdir.

YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası :

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 21 fevral 1994-cü il Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi yanında YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılmışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 sentyabr 2005-ci il tarixli 1006 saylı Sərəncamı ilə “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Prezidenti” sözləri ilə əvəz edilmiş və Milli Komissiyanın tərkibi müəyyənləşdirilmişdir.

YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri xarici işlər naziri Elmar Məmmədyarovdur.

Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyi :

Azərbaycan Respublikasının Prezidentinin 29 sentyabr 2004-cü il Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyi təsis edilmiş və Eleonora Hüseynova Daimi Nümayəndə təyin olunmuşdur (2004-2014).

23 may 2014-ci il tarixindən Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi Anar Kərimovdur.

Nümayəndəliyin internet səhifəsi: http://unesco.mfa.gov.az/

Azərbaycan Respublikası ilə əməkdaşlıq : 

YUNESKO-ilə dərin əməkdaşlığın qurulmasında və əməkdaşlıq perspektivlərinin müəyyən edilməsində yüksək səviyyəli görüşlərin mühüm rolu olmuşdur. 1993-cü ilin dekabr ayında Prezident Heydər Əliyev Fransa Respublikasına rəsmi səfəri çərçivəsində YUNESKO-nun baş direktoru Federiko Mayorla görüşmüş və onu Azərbaycana səfərə dəvət etmişdir. 18 noyabr 1996-cı il tarixində YUNESKO-nun Baş Direktoru Federiko Mayorun Bakıya səfəri çərçivəsində Azərbaycan-YUNESKO arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Memorandumda Azərbaycana təhsil, mədəniyyət və digər sahələrdə yardımların göstərilməsi nəzərdə tutulurdu. Həmçinin sənəddə Azərbaycanın mədəniyyət abidələrinin mühafizəsi və bərpası sahəsində əməkdaşlıq məsələləri də öz əksini tapmışdı.

YUNESKO-nun yeni Baş Direktoru Koiçiro Matsuura Prezident Heydər Əliyevin dəvəti ilə türkdilli ölkələrin dövlət başçılarının "Kitabi-Dədə Qorqud"un 1300 illiyinə həsr edilmiş zirvə görüşündə iştirak etmək məqsədilə ilk dəfə 9 aprel 2000-ci ildə Bakıda səfərdə olmuşdur.

Cənab İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Azərbaycan hökumətinin səyləri nəticəsində YUNESKO ilə sıx əməkdaşlıq davam etdirilmişdir. Bunun nəticəsidir ki, müxtəlif illərdə YUNESKO-nun Baş direktorları olmuş K.Matsuura, İrina Bokova və hazırkı Baş direktor Odre Azule ölkəmiz tərəfindən Bakıda təşkil edilmiş beynəlxalq tədbirlərdə iştirak etmək üçün Azərbaycana səfər etmiş və ölkə rəhbərliyi tərəfindən yüksək səviyyədə qəbul edilmişlər. Ölkəmizin YUNESKO ilə münasibətlərdə əlamətdar və gələcək əməkdaşlığa mühüm təkan verən hadisə  2004-cü ilin sentyabr ayında Azərbaycanın zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və tədqiqində xidmətlərinə görə YUNESKO-nun şifahi və musiqi ənənələri sahəsində Xoşməramlı Səfiri fəxri adının Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya verilməsi olmuşdur. Bu fəxri ad verildikdən sonra Mehriban xanım Əliyeva Fransaya səfərləri zamanı YUNESKO-nun Baş direktorları ilə mütəmadi görüşmüş və təşkilatla əməkdaşlığın daha da dərinləşdirilməsi yollarını müzakirə etmişdir. Misal olaraq, 24 avqust 2005-ci ildə YUNESKO-nun Baş Direktoru Koiçiro Matsuuranın Bakı şəhərində  keçirilmiş “YUNЕSKО-Аzərbаycаn: gələcəyə körpü” mövzusunda beynəlxalq kоnfrаnsda iştirakını, kоnfrаnsın sоnundа YUNЕSKО ilə Аzərbаycаn аrаsındа təhsil sаhəsində əməkdаşlığа dаir Qаrşılıqlı Аnlаşmа Mеmоrаndumunun imzаlаnmasını, Bakıda Heydər Əliyev Fondu və AR Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək” konfransında (14 may 2008-ci il) və Birinci Beynəlxalq Muğam Festivalında (18-25 mart 2009-cu il) iştirakını, 28-31 iyul 2010-cu il tarixlərində YUNESKO-nun yeni Baş Direktoru xanım İrina Bokovanın Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın dəvətilə Azərbaycanda səfərdə olmasını, 30 iyul 2010-cu il tarixində Qəbələdə İkinci Klassik Musiqi Festivalının rəsmi açılışında iştirak etməsini, 29-31 may 2013 və 16-18 may 2015-ci illərdə İkinci və Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarında iştirak etmək məqsədilə yenidən ölkəmizə səfər etməsini, 2015-ci il noyabrın 16-da isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın YUNESKO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak etməsini, sabiq baş direktor Koişiro Matsuura, sonra isə  YUNESKO-nun baş direktoru İrina Bokova ilə görüşlərini, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın 2018-ci il mayın 18-də Parisdə YUNESKO-nun baş qərargahında 1999-2009-cu illərdə təşkilatın baş direktoru olmuş Koişiro Matsuuranın anadan olmasının 80 illiyi münasibətilə konfransda iştirakını, hazırkı Baş direktor Odre Azule ilə görüşünü və 30 iyun -10 iyul 2019-cu ildə Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün Bakıda səfərdə olmuş YUNESKO-nun Baş direktoru Odre Azule ilə görüşü xüsusi qeyd etmək lazımdır.

Bu cür görüşlər və əməkdaşlıqlar sayəsində Azərbaycanın qədim və zəngin mədəniyyəti öz hüdudlarını aşaraq dünya mədəni irsinin tərkib hissəsinə çevrilmişdir. Eyni zamanda YUNESKO vasitəsilə dünya ölkələri ilə elm və təhsil sahəsində mübadilə imkanları yaranmışdır. 

Azərbaycan Respublikası YUNESKO-nun aşağıdakı Konvensiyalarına qoşulmuşdur: 

  1. Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında 14 may 1954-cü il Konvensiyası (1993), ona dair Birinci Protokol (1993) və İkinci Protokol (2000);
  2. Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında 16 noyabr 1972-ci il Konvensiyası (1993);
  3. Avropa regionu dövlətlərində tədris kurslarının, ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında 21 dekabr 1979-cu il Konvensiyası (1994);
  4. Asiya və Sakit Okean dövlətlərində tədris kurslarının, ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında 16 dekabr 1983-cü il regional Konvensiyası (1995);
  5. Müəlliflik hüququ haqqında 6 sentyabr 1952-ci il Ümumdünya Konvensiyası (1997);
  6. Avropa regionunda ali təhsil ixtisaslarının tanınması haqqında Konvensiya (1998);
  7. Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında 14 noyabr 1970-ci il Konvensiyası (1997);
  8. Başlıca olaraq su quşlarının məskəni kimi beynəlxalq əhəmiyyətə malik su-bataqlıq yerləri haqqında 2 fevral 1971-ci il Konvensiyası (2001);
  9. Fonoqram istehsalçılarının mənafelərinin onların fonoqramlarının qanunsuz istehsalında mühafizəsi haqqında 29 oktyabr 1971-ci il Konvensiyası (2001);
  10. Beynəlxalq xüsusi hüququ unifikasiya institutunun (YUNİDRUA) oğurlanmış, yaxud qanunsuz çıxarılmış mədəni dəyərlər haqqında 1995-ci il Konvensiyası (2003);
  11. Qeyri-maddi mədəni irsin qorunması haqqında 17 oktyabr 2003-cü il tarixli Konvensiyası (2006);
  12. İdmanda dopinqə qarşı mübarizə haqqında 19 oktyabr 2005-ci il tarixli Beynəlxalq Kоnvеnsiyа (2007) ;
  13. Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 20 oktyabr 2005-ci il Konvensiyası (2010).

Mədəniyyət :

Azərbaycan hökumətinin mədəniyyət siyasəti nəticəsində bir sıra maddi və qeyri maddi irs nümunələrimiz YUNESKO-nun Ümumdünya İrs, Qeyri-maddi mədəni irs üzrə Reprezentativ və Təcili qorunmaya ehtiyacı olan abidələr siyahılarına daxil edilmişdir. Misal olaraq, "İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi” (2000-ci il), "Qobustan Qaya Sənəti Mədəni Landşaftı" (2007-ci il), « Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi » (2019-cu il),  "Azərbaycan Muğamı" (2003-cü il),  "Azərbaycan Aşıq Sənəti” (2009-cu il), "Novruz bayramı" ( 2009-cu il), "Ənənəvi Azərbaycan Xalçaçılıq Sənəti"  (2010-cu il),  "Tar və Onun İfaçılıq Sənəti"  (2012-ci il) "Azərbaycan Respublikasında Çovqan Ənənəvi Qarabağ Atüstü Oyunu" (2013-cü il), "Ənənəvi Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması" (2014-cü il), “Lahıcın misgərlik sənəti” (2015-ci il), “Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti: Lavaş, Katırma, Jupka, Yufka”  (2016-cı il), « Kamança hazırlanması və ifaçılıq sənəti » ( 2017-ci il), Dolma hazırlama və paylaşma ənənəsi (2017-ci il), “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” (2018-ci il) və “Dədə Qorqud irsi” (2018-ci il) qeyd etmək olar. Şəki şəhəri YUNESKO-nun əl sənəti və xalq incəsənəti üzrə Yaradıcı Şəhərlər şəbəkəsinə daxil olmuşdur (2017). 

Təhsil:

Bütün sahələrdə tərəqqinin kökündə təhsil durduğu üçün YUNESKO ilə əməkdaşlıqda bu sahədə prioritet təşkil edir. Bu məqsədlə 24 avqust 2005-ci il tarixində Bakı şəhərində “YUNЕSKО-Аzərbаycаn: gələcəyə körpü” mövzusunda keçirilmiş beynəlxalq kоnfrаns çərçivəsində YUNЕSKО ilə Аzərbаycаn аrаsındа təhsil sаhəsində əməkdаşlığа dаir Qаrşılıqlı Аnlаşmа Mеmоrаndumu imzаlаnmışdır. Mеmоrаndumdа təhsildə bərаbər imkаnlаrın yаrаdılmаsı, infоrmаsiyа və kоmmunikаsiyа tехnоlоgiyаlаrının tətbiqi, təhsilin bütün pillələri üzrə kurrikulumun yеniləşdirilməsi və müəllimlərin iхtisаs аrtırmа sistеminin təkmilləşdirilməsi vаsitəsilə kеyfiyyətin аrtırılmаsı, bеynəlхаlq əməkdаşlıq şəbəkəsinin təşkili və digər əsаs priоritеtlər əks оlunmuşdur.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 12-13 iyun 2006-cı il tarixlərində Bakı şəhərində YUNESKO-nun maliyyə dəstəyi ilə həyata keçirilən və məqsədi  xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün (əqli və fiziki cəhətdən qüsurlu uşaqlar) uşaq bağçalarında və ümumtəhsil məktəblərində tərbiyə və təhsil almaq imkanlarının yaradılması olan “Azərbaycanda inkluziv təhsilinin inkişafı” layihəsinin yekununa həsr edilmiş beynəlxalq konfrans, 18-21 dekabr 2006-cı il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən YUNESKO-nun maliyyə dəstəyi ilə “Azərbaycanda peşə təhsilinin inkişafı” mövzusunda beynəlxalq seminar və “Azərbaycanın ali təhsil müəssisələrində kredit sisteminin tətbiqi” mövzusunda milli seminar təşkil edilmişdir. Bundan başqa 18 iyun 2007-ci il tarixində Heydər Əliyev Fondunda YUNESKO, Azərbaycan Hökuməti və Heydər Əliyev Fondu arasında “Azərbaycanda peşə təhsilinin inkişafı” layihəsinin icra planına dair Saziş imzalanmış, 14-16 may 2008-ci il tarixlərində isə Bakıda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın təşəbbüsü və  YUNESKO-nun, Heydər Əliyev Fondunun və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Dünyada Savadlılığın Dəstəklənməsi üzrə YUNESKO-nun Regional Konfransları silsiləsindən “Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək” mövzusunda konfrans keçirilmişdir. Konfransda YUNESKO-nun baş direktoru Koiçiro Matsuura, YUNESKO-nun bir neçə xoşməramlı səfirləri, habelə bir sıra ölkələrin təhsil nazirləri və çoxsaylı mütəxəssisləri, Azərbaycan hökumətinin nümayəndələri, xarici ölkələrin Bakıdakı səfirləri iştirak etmişlər. 

BMT-nini Davamlı İnkişaf Məqsədləri 2030 prosesində YUNESKO insanların həyatının yaxşılaşdırılması və davamlı inkişafın təmin edilməsi üçün təhsilin keyfiyyətini yaxşılaşdırmaq, hamı üçün təhsilin əl çatan olması, təhsildə cinsi bərabərliyin təmin edilməsi və sair istiqamətlərdə geniş fəaliyyət aparmaqdadır. Azərbaycan Respublikası da istər ölkədə, istərsə də dünyanını az inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrində təhsilin keyfiyyətinin yüksəldilməsi üçün YUNESKO ilə əməkdaşlığı davam etdirir.    

Azərbaycan universitetlərində yaradılmış YUNESKO kafedraları : 

Bu günə qədər Azərbaycanda 2 YUNESKO kafedrası (Bakı Dövlət Universitetində “İnsan hüquqları və informasiya hüququ” YUNESKO Kafedrası - 2015-ci il, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzində İnformasiya və Kommunikasiya texnologiyalrının köməyi ilə müəllimlərin peşəkar inkişafının möhkəmkləndirilməsi üzrə YUNESKO kafedrası -2017) yaradılmış və YUNESKO ilə yaxından əməkdaşlıq edirlər.

YUNESKO-nun Assosiativ Məktəblər Şəbəkəsi. Azərbaycan YUNESKO ilə təhsil sahəsində əməkdaşlıq çərçivəsində Assosiativ Məktəblər Şəbəkəsində iştirak etməkdədir. Respublikanın 18 məktəbi artıq bu şəbəkəyə qoşulmuşdur.

Elm :

28-29 noyabr 2008-ci il tarixində YUNESKO üzrə Azərbaycan Milli Komissiyası, YUNESKO-nun Mərkəzi Asiya Tədqiqatları Beynəlxalq İnstitutu və AMEA-nın təşəbbüsü ilə “Strabon yolu Böyük İpək Yolunun bir hissəsi kimi” adlı beynəlxalq konfrans keçirilmişdir.

24 noyabr 2010-cu il tarixində YUNESKO-nun baş qərargahında AMEA-nın prezidenti M.Kərimov və YUNESKO baş direktorunun elm məsələləri üzrə müavini Qreçen Kalonji arasında “Azərbaycan Respublikası Hökuməti və YUNESKO arasında Yaponiyanın “İnsan Resursları İmkanlarının Gücləndirilməsi üzrə İnam Fondu”nun layihəsi üçün Əməliyyat Planına dair Müqavilə”imzalanmışdır. Müqaviləyə əsasən, Azərbaycanda elm və texnologiya strategiyasının hazırlanması və texnoparklarınyaradılmasına köməklik göstərilməsi məqsədilə Azərbaycan Hökumətinə 100.000 ABŞ dolları vəsait ayrılmışdır.

Eyni zamanda,“Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi”nə uyğun olaraq yaradılmış Etimad Fondu (TrustFund) vasitəsilə YUNESKO-nun İnsan və Biosfer Proqramı (MAB)  çərçivəsində Azərbaycan, Gürcüstan, Türkiyə, Türkmənistan və Özbəkistanda “Biosfer qoruqları Mərkəzi Asiyada sosial-iqtisadi inkişafın əsas vasitələri kimi - Şəbəkənin yaradılması” adlı layihənin həyata keçirilməsi nəzərdə tutulur.

Bakıda yaxın zamanlarda Elm və Texnologiya muzeyinin açılması və YUNESKO ilə yaxından əməkdaşlıq nəzərdə tutulur. YUNESKO-nun Baş direktoru Odre Azule Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı 19 iyul 2019-cu il tarixli məktubda “YUNESKO-nun uğurlu görsənən gələcək Bakı Elm və Texnologiya Muzeyinə texniki yardım göstərməyə hazır” olduğunu qeyd etmişdir.

İnformasiya və kommunikasiya :

İnformasiya və kommunikasiya sahəsi də digər sahələr kimi YUNESKO-nun yeni rəhbərliyinin daim diqqət mərkəzindədər və islahatlar aparılması üçün geniş fəaliyyət aparılmadadır.   

YUNESKO və Azərbaycan arasında informasiya və kommunikasiya sahəsində əməkdaşlığı genişləndirmək və YUNESKO-nun Kommunikasiya və İnformasiya Sektorunun ən mühüm proqramlarından biri olan “İnformasiya hamı üçün” Hökumətlərarası Proqramının məqsədlərinə milli səviyyədə nail olmaq üçün İFAP Milli Komitələrinin rolu və digər ölkələrin təcrübəsinə və İFAP-ın mandatına əsasən informasiya texnologiyaları və informasiyaya çıxış məsələlərinin daxil olduğunu nəzərə alaraq, ölkəmizdə İFAP Milli Komitəsinin AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində yaradılmasına dair iş aparılmışdır. 2018-ci il iyunun 20-21-də YUNESKO-nun baş qərargahında “İnformasiya hamı üçün” proqramı üzrə Hökumətlərarası Şuranın 10-cu sessiyasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin içtirakı təmin edilmiş və ölkəmizdə sahə üzrə əldə olunmuş nailiyyətlərlə bağlı təqdimat olmuşdur. Təqdimat YUNESKO-ya üzv dövlətlər və İFAP Katibliyi tərəfindən müsbət qiymətləndirilmiş və İFAP Katibliyi gələcəkdə Şuranın sessiyalarında oxşar təqdimatlarla digər ölkələri çıxış etməyə dəvət etmişdir.

İnformasiya və kommunikasiya sahəsinin tərkib hissəsi olan Dünya yaddaşı proqramı daim diqqət mərkəzindədir və hazırda proqramda islahatlar aparılması üçün YUNESKO-da geniş müzakirələr aparılmaqdadır. Artıq Azərbaycan tərəfindən təqdim edilmiş İbn Sinanın "Tibb elminin qanunu" əsərinin II cildi, Rüstəm Curcaninin "Nizamşahın ehtiyatları" əsəri, Əbu Əl-Qasım Əl-Zəhrəvinin "əl-Məqalə əs-Sələsun" əsəri 2005-ci ildə və Məhəmməd Füzulinin türkcə (azərbaycanca) “Divan”ının əlyazmasının surəti 2017-ci ildə Dünya Yaddaşı Reyestrinə daxil edilmişdir.

YUNESKO ilə birgə təşkil edilən beynəlxalq tədbirlər :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə dünyada mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə « Bakı Prosesi » adlı təşəbbüs irəli sürülmüşdür. YUNESKO-nun əsas tərəfdaş olduğu “Bakı prosesi” çərçivəsində 2009-cu ildən etibarən Bakıda hər iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bu forumlar zamanı dünyanı narahat edən aktual mövzular müzakirə edilir. 2019-cu il mayın 2-3-də “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında növbəti 5-ci Forum keçirilmiş və Forumda 105-dən çox ölkə və 35-dən çox beynəlxalq təşkilatın nümayəndələri iştirak etmiş, YUNESKO-nu isə Baş direktorun müavini Nada Al-Naşif təmsil etmişdir.

2011-ci ildən etibarən təşkil edilən və YUNESKO tərəfindən dəstəklənən Bakı Beynəlxalq Humanitar Forumu isə bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya gətirən tədbirdir. Altıncı Bakı Beynəlxalq Humanitar Forumu 2018-ci il oktyabrın 25-26 keçirilmişdir. Forum “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilmiş və bu Beynəlxalq tədbirdə 90-dan çox ölkədən və 24 beynəlxalq təşkilatdan 580-dən artıq nümayəndə iştirak etmişdir.

30 iyun -10 iyul 2019-cu il tarixində isə Bakıda Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası təşkil edilmişdir. Sessiyanın rəsmi açılış məraismində Azərbaycan Respublikasının Birinci vitse prezidenti Mehriban Əlıiyeva və YUNESKO-nun Baş direktoru Odre Azule iştirak etmişlər. YUNESKO-ya üzv olan ölkələrin qatıldığı bu sessiya zamanı Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi Ümumdünya İrs Siyahısına daxil edilmişdir.

Azərbaycana aid bir sıra tədbirlər YUNESKO ilə əməkdaşlıqda dünyanın bir çox yerlərində, xüsusən də təşkilatın mənzil qərargahında təşkil edilmişdir. Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və digər dövlət qurumlarının dəstəyi ilə Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyi (1996), Kitabi Dədə Qorqud Dastanının 1300 illik yubileyi (2000), NəsirəddinTusinin anadan olmasının 800 illik yubileyi (2001), Аkаdеmik Yusif Məmmədəliyеvin 100 illik yubileyi (2005), Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” Operasının ilk tamaşasının 100 illik yubileyi (2008), Mir Cəlal Paşayevin 100 illik yubileyi (2008), Xoşməramlı səfirlərin illik yığıncağı çərçivəsində ölkəmizin gənc istedadlarının “Azərbaycanın xoşməramlı mələkləri” adlı konserti (2008), Səttar Bəhlulzadənin 100 illik yubileyi (2009), Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə “Azərbaycanın gənc istedadları” adlı möhtəşəm konsert (2011), Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyi (2013), Qobustan həftəsi, Qobustanın YUNESKO-da tanıtımı çərçivəsində Fərəc Qarayevin “Qobustan kölgələri” baletinin nümayişi və Qobustanın qayaüstü rəsmlərinin fotoşəkillərindən ibarət sərgi (2014), Kitabi-Dədə Qorqud” eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illik yubileyi (2015), Nəsiminin ölümünün 600-cü ildönümü (2016), Cənubi Qafqazda alman yaşayış məskənlərinin salınmasının 200 illik yubileyi (2017), bəstəkar Qara Qarayevin 100 illik yubileyi (2019), Bakı Dövlət Universitetinin 100 illiyi (2019), Qoşulmama Hərəkatının üzvləri - Azərbaycan, Mali və Venesueladan olan tanınmış caz qruplarının iştirakı ilə “Caz sülhün xidmətində” adlı konsert və digər çoxsaylı tədbirlər təşkil olunmuşdur.

YUNESKO ilə imzalanmış əməkdaşlıq sazişləri:

Bu günə qədər YUNESKO ilə bir sıra əməkdaşlıq sazişləri imzalanmış və mühüm layihələr həyata keçirilmişdir. 18 iyun 2007-ci il tarixində Heydər Əliyev Fondunda YUNESKO, Azərbaycan Hökuməti və Heydər Əliyev Fondu arasında ölkəmizdə peşə təhsilinin inkişafını nəzərdə tutan layihənin icra planına dair” Saziş imzalanmışdır. 19 mart 2009-cu il tarixində Heydər Əliyev Fondu və YUNESKO arasında imzalanmış Əməkdaşlıq zasişi isə qeyri-maddi mədəni irsin qorunması üzrə strateji hədəflərə nail olmağı nəzərdə tuturdu.

27 oktyabr 2011-ci il tarixində YUNESKO ilə Azərbaycan arasında Haitinin zəlzələdən sonra mədəniyyət sektorunun bərpa edilməsi məqsədilə maliyyə yardımı ilə bağlı saziş imzalanmışdır. Sazişə əsasən, Azərbaycanın Birinci xanımı, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 50 min ABŞ dolları məbləğində maliyyə yardımı Haitinin Jakmel şəhərinin tarixi hissəsində yerləşən mədəni obyektlərin bərpasına sərf edilmişdir.

18 iyul 2013-cü ildə AR mədəniyyət və turizm naziri Ə.Qarayev və YUNESKO-nun Baş Direktoru İ.Bokova tərəfindən imzalanmış “Azərbaycan hökuməti ilə YUNESKO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi” nə əsasən Azərbaycanın təşkilat üçün ayırdığı 5 milyon ABŞ dolları məbləğindəki maliyyə töhfəsi qeyri-maddi mədəni irs, qızların təhsili, elm və innovasiya texnologiyalarının inkişafı sahəsində YUNESKO-nun işinin möhkəmləndirilməsini,  eyni zamanda azərbaycanlı mütəxəssislərin təşkilatda daimi işlə təmin olunmasını və Azərbaycan maraqlarının təşkilatda qorunmasını nəzərdə tuturdu. Artıq bu istiqamətdə Afrika, Asiya və Latın Amerikası ölkələrində bir sıra layəhələr həyata keçirilmişdir və yeni layihələr üzərində iş aparılır.

Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov və YUNESKO-nun Baş direktoru İrina Bokova tərəfindən 2014-cü ilin 24 yanvar tarixində, Parisdə, YUNESKO-nun Baş Qərargahında imzalanmış “Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Gənc Peşəkar Əməkdaş (GPƏ) Proqramının təşkili haqqında Saziş”nə əsasən, ölkəmizdən iki gənc mütəxəssis YUNESKO-da işlə təmin olunmuşdur. Saziş ölkəmizlə təşkilat arasında olan ikitərəfli münasibətlərin inkişaf istiqamətlərini genişləndirməklə, Azərbaycanın təşkilatda daha aktiv mövqe tutmasına, qərarların qəbul olunmasında yaxından iştirakına və ölkəmizin təşkilatla gələcək əməkdaşlıq imkanlarının artırılmasına imkan yaratmışdır.

Azərbaycan Respublikası ölkə ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinə və həmin ərazilərdə mədəni irs, məktəb, kitabxana, muzey və ictimai obyektlərin dağıdğlmasına həssaslıqla yanaşdığı üçün 2016-cı ildə YUNESKO-nun Silahlı münaqişə zamanı mədəni irsin qorunması üzrə hərbi bələdçisinin nəşr edilməsinə maliyyə yardımı göstərmişdir.

YUNESKO qurumlarında təmsil olunma:

Azərbaycan Respublikası təşkilata üzv olduğu dövrdən etibarən onun əsas və alt qurumlarında təmsil olunmaqla təşkilatın işinə öz töhfələrini vermişdir. Ölkəmiz YUNESKO İcraiyyə Şurasının (2005-2009), Beynəlxalq Hidroloji Proqram üzrə Hökumətlərarası Şurasını (2011-2015), Fiziki Təhsil və İdman üzrə Hökumətlərarası Komitənin (2011-2015), Qeyri-qanuni mənimsənilən mədəni mülkiyyətin restitusiyası və mənsub ölkəyə qaytarılmasının təşviq edilməsi üzrə Hökumətlərarası Komitənin (2011-2015), Kommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Proqramın Hökumətlərarası Şurasının (2011-2015), Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitənin (2011-2015), İnsan və Biosfer Komitəsinin (2015-2019), Fiziki Təhsil və İdman üzrə Hökumətlərarası Komitəsini (2015-2019), Ümumdünya İrs Komitəsinin (2015-2019), Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitənin (2015-2019) və Qeyri-Maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin (2018-2022), Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında Konvensiyanın Hökumətlərarası Komitəsinin (2019-2023) üzvü seçilmişdir.

Arxiv üzrə axtarış

xin diplomatic service