Almaniya

Waving Flag of Germany (Animated Gif)

Almaniya Federativ Respublikası

 

Federal Prezident Zati-aliləri cənab Frank-Valter Ştaynmayer

Bundesratın Prezidenti cənab Daniel Günter

Bundestaqın Prezidenti cənab Volfqanq Şoyble

Federal Kansler xanım Anqela Merkel

Federal Xarici İşlər naziri cənab Hayko Maas

 

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında səfiri: cənab Ramin Həsənov

Almaniya Federativ Respublikasının Azərbacan Respublikasındakı səfiri: cənab Volfqanq Maniq

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi internet səhifəsi: www.berlin.mfa.gov.az

 

İkitərəfli münasibətlər

Almaniya Federativ Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 12 yanvar 1992-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 20 fevral 1992-ci il tarixində qurulmuşdur.

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında Səfirliyi 2 sentyabr 1992-ci ildə açılmışdır.

Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasında Səfirliyi 22 sentyabr 1992-ci ildə açılmışdır.

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasının Baden-Vürttemberq federal torpağını əhatə etməklə Ştutqart şəhərində Fəxri konsulu Otto Hauserdir.  Azərbaycan Respublikası Prezidentinin 30  mart 2010-cu il tarixli sərəncamı ilə təyin edilmişdir.

 

Ali və yüksək səviyyəli səfərlər

Azərbaycan və Almaniya arasında əlaqələr bütün sahələrdə yüksək səviyyədə inkişaf etmişdir. İki ölkə arasında siyasi dialoq ali və yüksək səviyyədə mütəmadi qarşılıqlı səfərlər vasitəsilə davam etdirilir. 

Azərbaycan Respublikasının öz müstəqilliyini bərpa etməsindən etibarən Azərbaycan tərəfindən Almaniyaya dövlət başçısı səviyyəsində 4-ü rəsmi, 8-i işgüzar olmaqla 12 səfər, Baş Nazirin 1 işgüzar səfəri, həmçinin Xarici İşlər naziri səviyyəsində 3-ü rəsmi, 10-u işgüzar olmaqla 13 səfər baş tutmuşdur.

2018-ci ilin avqustunda AFR-in Federal Kansleri Anqela Merkelin ölkəmizə uğurlu səfəri olmuş və bu səfər ikitərəfli münasibətlərə yeni dinamika vermişdir. İndiyədək Almaniyadan Azərbaycana Xarici İşlər naziri səviyyəsində 7 səfər baş tutmuşdur.

Həmçinin digər nazirliklər və dövlət qurumları, habelə parlamentlər arasında mütəmadi səfərlər həyata keçirilir, intensiv məsləhətləşmələr aparılır.

 

Parlamentlərarası işçi qrupları

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu vardır. Rəhbəri Xanlar Fətiyevdir.

Almaniya Federativ Respublikası Bundestaqında Almaniya-Cənubi Qafqaz qrupu fəaliyyət göstərir. Rəhbəri Yohanes Karsdır.

 

Müqavilə-hüquq bazası

Azərbaycan və Almaniya arasında 77 sənəd imzalanmışdır.

 

Humanitar sahədə əməkdaşlıq

İnkişaf naminə əməkdaşlıq

Azərbaycan və Almaniya arasında inkişaf naminə əməkdaşlıq qeyri-neft sektorunda özəl sektorun inkişafını əhatə edir. Bundan əlavə, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) Azərbaycanda normativ mühitin təkmilləşdirilməsi, tələbatyönümlü peşə təhsilinin qurulması, turizm və kənd təsərrüfatı sahəsində kiçik və orta müəssisələrin gücləndirilməsi, maliyyə və texniki əməkdaşlıq çərçivəsində kredit sisteminin inkişafı və s. kimi mühüm sahələrdə, habelə iqtisadiyyatın diversifikasiyası istiqamətində layihələri dəstəkləyir.  

Mədəniyyət və təhsil sahəsində əməkdaşlıq

Mədəniyyət sahəsində münasibətlərin başlanğıcı XIX əsrin əvvəlinə təsadüf edir. Azərbaycanın qərb bölgəsində (indiki Göygöl, əvvəllər Helenendorf, indiki Şəmkir, əvvəllər Annenfeld) çoxsaylı abidələr (kilsələr də daxil olmaqla) 1818-1819-ci illərdən etibarən  burada məskunlaşmış şvabları xatırladır.

2017-ci ildə Azərbaycanda alman məskənlərinin salınmasının 200 illik yubileyi Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Azərbaycan və Almaniyada çoxlu sayda tədbirlərlə qeyd edilmişdir. Azərbaycanda alman irsi dövlət səviyyəsində qorunur və təşviq edilir.

Azərbaycan və Almaniya arasında 1995-ci ildə ikitərəfli “Mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş“ imzalanmışdır. 2008-ci ildə Azərbaycan xaricdə öz ilk mədəniyyət ilini Almaniyada keçirmişdir.

Mədəniyyət sahəsinin vacib tərkib hissəsi olan Alman-Azərbaycan Mədəniyyət Birliyi “Kapellhaus“da yerləşir (protestant kilsəsinin əvvəllər musiqi salonu). Burada hər il çoxsaylı mədəni tədbirlər təşkil edilir. 2017-ci ilin dekabr ayından etibarən Bakıda həmçinin Goethe Mərkəzi fəaliyyət göstərir.

Alman Akademik Mübadilə Xidməti (DAAD) hər il çoxsaylı təqaüdlər verir və alimlərin mübadiləsini təşviq edir. Yalnız 2016-cı ildə Azərbaycandan 260-dan çox tələbə DAAD təqaüdü almışdır.

Almaniyada minlərlə azərbaycanlı təhsil almış və ya almaqdadır. O cümlədən Azərbaycanın Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində 900 nəfərdən artıq gənc Almaniyada təhsil almaq üçün təqaüd almışdır.

Alman və Azərbaycan universitetləri və tədqiqat institutları arasında da əməkdaşlıq mövcuddur. DAAD-nin nümayəndəliyi Azərbaycanda alman dili tədrisinin keyfiyyətinin yaxşılaşdırılmasına kömək edir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində DAAD - Məlumat Mərkəzi vardır.

Rus və ingilis dilləri ilə yanaşı alman dili Azərbaycanda çoxsaylı orta və ali məktəblərdə tədris olunur. Bakıda Goethe İnstitutu və Xarici Məktəblər üzrə Mərkəzi İdarə (ZfA) tərəfindən alman dilinin tədrisi dəstəklənən dörd PASCH-məktəbi vardır.

Berlin Humbolt Universitetində “Azərbaycan tarixi” kafedrası fəaliyyət göstərir. Azərbaycan və Almaniyanın bis sıra ali məktəbləri arasında tərəfdaşlıq münasibətləri mövcuddur.

 

Qardaşlaşmış şəhərlər

Ludviqshafen və Sumqayıt arasında şəhərlərarası tərəfdaşlıq, Bakı və Maynz arasında şəhərlərarası dostluq münasibətləri mövcuddur.

 

İqtisadi sahədə əməkdaşlıq

Almaniya Azərbaycanın Avropada ən vacib iqtisadi tərəfdaşlarından biri, Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi tərəfdaşıdır.

2018-ci ildə ikitərəfli ticarət dövriyyəsi 1 875 803 000 avro olmuşdur ki, bu da əvvəlki il ilə müqayisədə 39,4% artım təşkil etmişdir. Azərbaycan Almaniyaya 1 442 094 000 avroluq məhsul ixrac edib, bu da əvvəlki il ilə müqayisədə 43,8% çoxdur. Azərbaycan Almaniyadan 433 709 000 avroluq məhsul idxal edib ki, bu da əvvəlki il ilə müqayisədə 26,7% yuxarıdır. Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin 71%-i Azərbaycanın payına düşür.

Azərbaycan 2018-ci ildə Almaniyaya 3 063 000 ton neft ixrac etmiş və Almaniyanın neft təchizatçıları sırasında 8-ci pilləni tutmuşdur. Neft ixracatı əvvəlki il ilə müqayisədə 25% artmışdır.

AFR Kansleri Angela Merkelin ölkəmizə səfəri çərçivəsində hər iki ölkənin siyasi liderlərinin iştirakı ilə iş adamları ilə görüşün keçirilməsi iqtisadi münasibətlərin dərinləşməsinə mühüm töhfə vermişdir.

2018-ci ilin noyabrında Berlində Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov və AFR-in İqtisadiyyat və Enerji Nazirliyinin dövlət katibi Tomas Baraysın iştirakı ilə 1-ci Azərbaycan-Almaniya Biznes Dialoqu keçirilmişdir.

2019-cu ilin yanvarında Bakıda Azərbaycan-Almaniya Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupun növbəti iclası keçirilmiş, iclasda iştirak etmək məqsədilə AFR-in İqtisadiyyat və Enerji Nazirliyinin dövlət katibi Tomas Barays Azərbaycana səfər etmişdir.

2012-ci ilin 12 noyabr tarixində Bakıda açılmış Almaniya-Azərbaycan Xarici Ticarət Palatası Almaniyanın MDB məkanında Moskvadan sonra ikinci xarici ticarət palatasıdır. Qurumun hər iki tərəfdən 200-dən artıq üzvü vardır.

 

Azərbaycan Respublikası ilə Almaniya arasında ticarət dövriyyəsi (milyon ABŞ dolları)

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

Saldo

2012

779,8

964,8

1744,6

185

2013

823

1356,7

2179,7

1274,4

2014

703,6

1925,6

2.629,2

1221,9

2015

690

1223,9

1913,9

533,9

2016

399

610,8

1009,8

211,8

2017

443,6

450,4

894,1

6,8

2018

659,9

780,8

1440,7

120,9

2019 01-03

122.3

287.8

410.1

165.5

Mənbə: Azərbaycan Dövlət Gömrük Komitəsi

 

Hökumətlərarası Komissiya

Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan yüksək səviyyəli İşçi Qrup 5 may 2011-ci ildə təsis edilmişdir.

Həmsədrləri:

Azərbaycan tərəfindən – iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov.

AFR-in İqtisadiyyat və Enerji Nazirliyinin xarici iqtisadi siyasət üzrə baş direktoru Ekhart Frants.

İşçi qrupun indiyədək 7 iclası keçirilmişdir. 1-ci iclas 19-21 oktyabr 2011-ci ildə Berlində, son 8-ci iclas isə 31 yanvar 2019-cu ildə Bakı şəhərində keçirilmişdir.

Arxiv üzrə axtarış

xin diplomatic service