Vyetnam

Waving Flag of Vietnam (Animated Gif)

Vyetnam Sosialist Respublikası

 

Prezident, Vyetnam Kommunist Partiyasının Baş katibi: Zati-aliləri cənab Nquyen Fu Çonq

Baş Nazir: cənab Nquyen Suan Fuk

Parlament (Milli Assambleya) Sədri: xanım Nquyen Thi Kim Nqan

Baş Nazirin müavini, Xarici İşlər naziri: cənab Fam Bin Min

Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı səfiri: cənab Anar İmanov

Vyetnam Sosialist Respublikasının Azərbaycan Respublikasındakı səfiri: cənab Nqo Dık Man

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi internet səhifəsi http://hanoi.mfa.gov.az

 

İkitərəfli münasibətlər

Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlər 23 sentyabr 1992-ci ildə qurulmuşdur.

Azərbaycan və Vyetnam arasında ənənəvi dostluq münasibətlərinin təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Vyetnam Prezidenti Ho Şi Min tərəfindən qoyulmuşdur. 1959-cu ildə Vyetnam Prezidenti Ho Şi Minin Azərbaycana və 1983-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Vyetnama səfərləri xalqlar arasında əlaqələrin inkişafına zəmin yaratmışdır.   

Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi 2013-cü ildə təsis olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 fevral 2013-cü il tarixli 2744 saylı sərəncamı ilə Anar Laçın oğlu İmanov Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. 16 may 2013-cü il tarixində səfir A.İmanov etimadnaməsini Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqa təqdim etmişdir.

23 avqust 2018-ci ildə Vyetnam Sosialist Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Nqo Dık Man (iqamətgahı Moskva şəhərində olmaqla) etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim etmişdir.

Son illər ərzində Azərbaycan ilə Vyetnam arasında əlaqələr fəal şəkildə inkişaf edir. 18-19 may 2014-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri ölkələr arasındakı münasibətlər tarixində yeni səhifə açmış, əlaqələrin bütün sahələr üzrə inkişafına güclü təkan vermişdir. 13-15 may 2015-ci il tarixlərində Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri Azərbaycan-Vyetnam münasibətlərinin tarixində vacib hadisə olmuş və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə şərait yaratmışdır.

2013-cü ildən hazırkı zamanadək Vyetnam Milli Assambleyasında (Parlament) Vyetnam-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu, Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Vyetnam Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupu yaradılmış, İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası təsis edilmişdir. Həmçinin sözügedən dövr ərzində Hanoy şəhərində Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası və Azərbaycan Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzi yaradılmışdır. Qeyd olunan qurumlar Azərbaycan ilə Vyetnam arasında əlaqələrin davamlı inkişafına öz ciddi töhfəsini verir.

Son illər ərzində Azərbaycandan Vyetnama Ədliyyə və Energetika nazirləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri və Milli Məclisin deputatları rəsmi səfərlər etmişlər. Vyetnamdan Azərbaycana Vyetnam Prezidenti Administrasiyası və Kommunist Partiyasının yüksək rütbəli rəsmiləri, Milli Assambleyasının (Parlament) deputatları, Mədəniyyət, İdman və Turizm, Sənaye və Ticarət nazirləri və Hərbi Dəniz Qüvvələrinin Komandanı səfər etmişlər.

12-15 sentyabr 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Vyetnam Sosialist Respublikasına rəsmi səfər etmişdir. Səfər zamanı Vyetnam tərəfi ilə aparılan rəsmi danışıqlar ilə yanaşı, Elmar Məmmədyarov Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi və Vyetnam Sosialist Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən “Vyetnam-Azərbaycan münasibətlərinin 25 illiyi: Nailiyyətlər və gələcək perspektivlər” adlı konfransda fəxri qonaq qismində iştirak etmişdir.

24-28 fevral 2018-ci il tarixlərində Azərbaycan Respublikası Birinci Vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru və Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Vyetnam Sosialist Respublikasında səfərdə olmuşdur.

10-13 mart 2019-cu il tarixlərində Azərbaycan və Vyetnam XİN-ləri arasında siyasi məsləhətləşmələrin aparılması üçün Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Ramiz Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Vyetnam Sosialist Respublikasına rəsmi səfər etmişdir. Səfər zamanı Vyetnam tərəfi ilə aparılan siyasi məsləhətləşmələr və keçirilən rəsmi görüşlər ilə yanaşı R. Həsənov Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi və Vyetnam Sosialist Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan və Vyetnam diplomatiyası: Paralellər, inkişaf, dövlət quruculuğunda rolu” adlı konfransda fəxri qonaq qismində iştirak etmişdir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 18 sənəd imzalanmışdır.

 

Humanitar sahədə əməkdaşlıq

26 sentyabr 2014-ci ildə Hanoy şəhərində Vyetnamın Elm və Texnologiya Assosiasiyaları Birliyinin Siyasət, Hüquq və İdarəçilik İnstitutu nəzdində Azərbaycan Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzi yaradılmışdır. Mərkəzin direktoru Dao Suan Tiendir. 

10 oktyabr 2015-ci ildə Hanoy şəhərində Azərbaycan-Vyetnam Dostluq Assosiasiyası yaradılmışdır. Assosiasiyanın Sədri Vyetnam Milli Assambleyasının (Parlament) deputatı Nghiem Vu Khaidır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 7 may 2015-ci ildə Bakı şəhərində ADA Universitetində Azərbaycan-Vyetnam Dostluq Forumunun ilk iclası keçirilmişdir. Tədbirdə Azərbaycan təhsil ocaqlarının 40 vyetnamlı məzunu iştirak etmişdir.

22 sentyabr 2017-ci ildə Vung Tau şəhərində Azərbaycan-Vyetnam Dostluq Forumunun II iclası keçirilmişdir. Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 sentyabr 2017-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə Vyetnam Prezidenti Administrasiyasının Beynəlxalq Əlaqələr idarəsinin Baş direktoru xanım Nguyen Vu Ha Le və Vyetnam  Milli Asambleyasının üzvü, Vyetnam–Azərbaycan Dostluq Assosiasiyasının sədri Nghiem Vu Khai “Tərəqqi” medalı ilə təltif edilmişlər. Həmçinin tədbir zamanı Azərbaycan və Vyetnam arasında diplomatik münasibətlərin qurulmasının 25-illiyi münasibətilə Azərbaycan və Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, habelə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə Vyetnam Sosialist Respublikasının yüksək mükafatlarından olan və ölkə Prezidenti tərəfindən verilən “Dostluq” ordeni təqdim olunmuşdur.

Azərbaycan tərəfindən Vyetnama həm ikitərəfli əsasda, həm də Qoşulmama Hərəkatı xətti ilə təhsil sahəsində təqaüdlər ayrılmışdır.

Heydər Əliyev Fondunun dəstəyi ilə 2018-ci ildə Vyetnamın Ha Giang əyalətinin Giap Trung qəsəbəsində ibtidai məktəb inşa olunmuşdur.

 

İqtisadi sahədə əməkdaşlıq

Əsas əməkdaşlıq sahələri: Enerji, turizm, kənd təsərrüfatı və balıqçılıq.

 

İki ölkə arasında ticarət dövriyyəsinin, ixracın və idxalın həcmi (milyon ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2014

79.76

75.37

4.39

2015

13.6

3.9

9.7

2016

76.1

48.9

27.2

2017

101.1

55.1

46

2018

141.3

74.8

66.5

 

Azərbaycandan ixrac olunan məhsullar: reaktiv mühərriklər üçün kerosin yanacağı və xam neft.  

Vyetnamdan idxal olunan məhsullar: Təzə və dondurulmuş balıq, çay, düyü, dərman vasitələri, ayaqqabı, hesablama maşınları, blok və müxtəlif qurğular, elektrik mühərrikləri, elektrik akkumulyatorları, telefon aparatları, mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları.

Azərbaycan Repsublikası ilə Vyetnam Sosialist Respublikası arasında iqtisadi sahə üzrə qüvvədə olan 11 əsas sənəd mövcuddur.

 

Müştərək Komissiya

Adı: İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası.

Yaranma tarixi: 27 iyun 2014-cü il.

Sonuncu iclasın tarixi: 20 iyun 2018-ci ildə Bakı şəhərində İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının ikinci iclası keçirilmişdir.

Arxiv üzrə axtarış

xin diplomatic service