Türkiyə

Waving Flag of Turkey (Animated Gif)

Türkiyə Respublikası

Prezident: Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğan

Vitse-prezident: cənab Fuad Oqtay

Türkiyə Böyük Millət Məclisinin Sədri: cənab Mustafa Şəntop

Xarici İşlər naziri: cənab Mövlud Çavuşoğlu

Azərbaycanın Respublikasının Türkiyə Respublikasındakı səfiri:   cənab Xəzər İbrahim

Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri: cənab Erkan Özoral

Azərbaycanın Respublikasının  Səfirliyinin rəsmi internet səhifəsi: www.ankara.mfa.gov.az

 

İkitərəfli münasibətlər

Türkiyə Azərbaycanın müstəqilliyini 9 noyabr 1991-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 14 yanar 1992-ci il tarixində qurulmuşdur. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir.

1992-ci ilin yanvar ayında Türkiyə Respublikasının Azərbaycan Respublikasında Səfirliyi açılmışdır. 

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi 1992-ci ilin avqust ayında açılmışdır.

1993-cü ilin yanvar ayında Azərbaycanın İstanbulda Baş Konsulluğu açılmışdır. Məsim Hacıyev 20 May 2016-cı il tarixindən etibarən Azərbaycanın bu şəhərdə baş konsulu kimi fəaliyyət göstərir.

12 aprel 2004-cü il tarixində isə Qarsda Azərbaycanın Baş Konsulluğu təsis edilmişdir. Nuru Quliyev 24 Avqust 2016-cı il tarixindən etibarən Qarsda Azərbaycanın baş konsulu kimi fəaliyyət göstərir.

Türkiyənin 1992-ci ildə Naxçıvan MR-da Baş Konsulluğu açılmışdır. 3 oktyabr 2018-ci il tarixindən Mehmet Emin Kiraz Naxçıvan MR-də Türkiyənin baş konsulu kimi fəaliyyət göstərir. 

Türkiyənin 2010-cu ilin 15 sentyabr tarixindən Gəncədə Baş Konsulluğu açılmış və Zeki Öztürk 3 sentyabr 2018-ci il tarixindən baş konsul kimi fəaliyyət göstərir.

Türkiyə 2012-ci ilin 8 sentyabr tarixindən Lənkəranda Fəxri Konsulluğunu təsis etmiş və Mayıs Mənsimov həmin tarixdən fəxri konsul kimi fəaliyyətə başlamışdır. 

Azərbaycan Xalq Cümhuriyyətinin 28 may 1918-ci ildə müstəqilliyini elan etməsi ilə başlayan Türkiyə-Azərbaycan siyasi əlaqələri Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Türkiyənin  ilk dövlət olaraq 9 noyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıması ilə bərpa olmuşdur.

Ulu öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Ümümmilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi ilə əsaslı təmələ sahib olan ölkələrimizin əlaqələri ilbəil daha da inkişaf etməkdədir. Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və s. bütün sahələrdə çox uğurla inkişaf edir. İki dövlətin rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqda və müsbət nəticələr verməkdədir.

Son 25 ildə Azərbaycan və Türkiyə arasında siyasi əlaqələr strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş, 15 sentyabr 2010-cu ildə İstanbulda imzalanmış Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YSSƏŞ) yaradılmasına dair Birgə Bəyannamə ilə təsbit olunmuş YSSƏŞ-in mütəmadi keçirilən iclasları iki ölkə arasındakı bütün sahələrdə əlaqələrin daha da genişlənməsi və dərinləşməsinə öz töhfəsini vermişdir. Şuranın 25 oktyabr 2011-ci ildə İzmir şəhərində ilk iclası keçirilmiş, 11-12 sentyabr 2012-ci il tarixində Qəbələ şəhərində 2-ci, 2013-cü ilin 12-13 noyabr tarixlərində Ankarada 3-cü, 2015-ci ilin 14-15 yanvar tarixlərində Ankarada 4-cü, 15 mart 2016-cı il tarixində Ankarada 5-ci və 31 oktyabr 2017-ci il tarixdə isə Bakıda 6-cı, 25 aprel 2018-ci il tarixdə Ankarada 7-ci iclası keçirilmiş, iclaslar zamanı bütün sahələrdə əlaqələr müntəzəm nəzərdən keçirilmiş və yekununda bir çox sahələrə dair əməkdaşlığa dair mühüm sənədlər imzalanmışdır. 

Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və “Yeni İpək Yolu” nəqliyyat dəhlizinin önəmli hissəsini təşkil edən, 30 oktyabr 2017-ci ildə öz fəaliyyətinə Bakı şəhərində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikası Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutmuş təntənəli açılış mərasimi ilə başlayan, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Birgə əməkdaşlıq və təşəbbüs ilə inşası davam etdirilən, artıq XXI Əsrin layihəsi adlandırılan Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəməri layihəsinin reallaşması da Türkiyə və Azərbaycan arasında səmimi dostluq və faydalı tərəfdaşlığının növbəti məhsuludur. Bu layihələr iki ölkənin regional qüvvəsini artıraraq qlobal mövqelərini möhkəmləndirməyə xidmət edir.

Azərbaycan və Türkiyənin Gürcüstan, İran İslam Respublikası, Pakistan, Türkmənistan ilə ayrılıqda üçtəfərli formatda və Gürcüstan və İran ilə dördtərəfli formatda əməkdaşlığı da regional təhlükəsizlik, sabitlik və rifaha öz töhfəsini verməkdədir.

Türkiyə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü və Ermənistanın tarixi ərazilərimizin işğalı nəticəsində yaranmış münaqişədə Azərbaycanın ədalətli mövqeyini hər zaman müdafiə edir və iki ölkə arasında beynəlxalq arenada qarşılıqlı dəstək ənənəsi davam etdirilir.

Qarşılıqlı etibar və qardaşlığa əsaslanan çoxtərəfli əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə ölkələrimiz BMT başda olmaqla bütün beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin və regionun rifahı naminə yaxından əməkdaşlıq edir.

 

Səfərlər

Ali səfərlər

14-15 yanvar 2015-ci il tarixlərində Prezident İlham Əliyev Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclasında iştirak etmək məqsədilə Türkiyə Respublikasına səfər etmişdir.

17 mart 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Trans-Anadolu qaz boru kəmərinin təməlinin qoyulması münasibətilə Qarsda keçirilən mərasimdə iştirak etmək məqsədilə Türkiyəyə işgüzar səfər etmişdir.

24 aprel 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çanaqqala zəfərinin 100 illiyi münasibətilə keçirilən tədbirdə iştirak etmək məqsədilə Türkiyəyə işgüzar səfər etmişdir.

12 iyun 2015-ci il tarixində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan I Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfər etmişdir.

14-16 noyabr 2015-ci il tarixlərində Prezident İlham Əliyev “Böyük İyirmiliyin” (G20) Antalyada keçirilən Sammitində iştirak etmək məqsədilə Türkiyəyə işgüzar səfər etmişdir.

15 mart 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasında iştirak etmək məqsədilə Türkiyə Respublikasına işgüzar səfər etmişdir.

13-15 aprel 2016-cı il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən 13-cü Sammitində iştirak etmək məqsədilə Türkiyəyə işgüzar səfər etmişdir.

25-26 aprel 2016-cı il tarixlərində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT “Sivilizasiyalar Alyansının VII Qlobal Forumu”nda iştirak etmək üçün ölkəmizə işgüzar səfər etmişdir.

22-24 may 2016-cı il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda keçirilən “Ümumdünya Humanitar Sammit”ində iştirak etmək məqsədilə Türkiyəyə  işgüzar səfər etmişdir.

9-10 oktyabr 2016-cı il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda təşkil olunan “23-cü Dünya Enerji Konqresi”ndə iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfər etmişdir.

9-10 iyul 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda təşkil olunan “22-ci Dünya Neft Konqresi”ndə iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfər etmişdir.

19-20 oktyabr 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda təşkil olunan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə iştirak etmək məqsədilə Türkiyə Respublikasına işgüzar səfər etmişdir.

 30-31 oktyabr 2017-ci il tarixlərində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı-Tblisi-Qars dəmiryolunun açılış mərasimində və “Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası”nın VI iclasında iştirak etmək məqsədilə ölkəmizə işgüzar səfər etmişdir.

12-13 dekabr 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda təşkil olunan İslam Əməkdaşlıq Təşkilatının Qüdslə bağlı fövqəladə Zirvə görüşündə iştirakla bağlı Türkiyə Respublikasına işgüzar səfər etmişdir.

24-25 aprel 2018-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasına rəsmi səfər etmişdir.

12 iyun 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TANAP-ın rəsmi açılış mərasimində iştirak etmək məqsədilə Türkiyəyə səfər etmişdir.

15 sentyabr 2018-ci il tarixində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı şəhərinin daşnak-bolşevik qüvvələrindən azad edilməsinin 100 illiyi ilə əlaqədar bayram tədbirlərində iştirak etmək üçün ölkəmizə işgüzar səfər etmişdir.

19 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Star” Neft Emalı Zavodunun açılış mərasimində iştirak etmək üçün Türkiyəyə işgüzar səfər etmişdir.

Baş Nazirlərin səfərləri

3-4 dekabr 2015-ci il tarixlərində Türkiyə Respublikasının Baş Naziri Əhməd Davutoğlu Azərbaycana rəsmi səfər etmişdir.

3 iyun 2016-cı il tarixində Türkiyə Respublikasının Baş Naziri Binali Yıldırım ölkəmizə rəsmi səfər etmişdir.

20 dekabr 2017-ci il tarixində Türkiyə Respublikasının Baş Naziri Binali Yıldırım Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına işgüzar səfər etmişdir.

14-15 mart 2018-ci il tarixlərində Türkiyə Respublikasının Baş Naziri Binali Yıldırım VI Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

9 iyul 2018-ci il tarixində Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək məqsədilə Türkiyəyə işgüzar səfər etmişdir.

Parlament Sədrləri

20-23 yanvar 2015-ci il tarixlərində Milli Məclisin Sədri Oqtay Əsədov İslam Əməkdaşlıq Təşkilatının Parlament Konfransının 10-cu sessiyasında iştirak etmək məqsədilə Türkiyəyə işgüzar səfər etmişdir.

21-22 dekabr 2015-ci il tarixlərində Türkiyə Böyük  Millət Məclisinin Sədri İsmail Kahramanın rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

10-11 mart 2016-cı il tarixlərində Milli Məclisin Sədri Oqtay Əsədov Türkiyəyə rəsmi səfər etmişdir.

26 avqust 2016-cı il tarixində “Yavuz Sultan Səlim Körpüsü”nün açılış mərasimində iştirak etmək məqsədilə Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti Türkiyədə işgüzar səfərdə olmuşdur.

4 dekabr 2016-cı il tarixində Türkiyənin 11-ci Prezidenti Abdullah Gülün adını daşıyan muzeyin açılışında iştirak etmək məqsədilə Milli Məclisin Sədri Oqtay Əsədov Türkiyə Respublikasında (Kayseri) işgüzar səfərdə olmuşlar.

21-23 dekabr 2016-cı il tarixlərində Türkiyə Böyük Millət Məclisinin Sədri İsmail Kahramanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkdilli Dövlətlərin Parlament Assambleyasının Katibliyinin binasının açılış mərasimində iştirak etmək məqsədilə ölkəmizdə işgüzar səfərdə olmuşdur.

22 may 2017-ci il tarixində İstanbulda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaranmasının 25-ci ildönümünə həsr edilmiş Zirvə Toplantısında iştirak etmək məqsədilə Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərdə olmuşdur.

22 may 2018-ci il tarixində İstanbulda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Zirvə Toplantısında iştirak etmək məqsədilə Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərdə olmuşdur.

28 avqust 2018-ci il tarixində Türkiyə Böyük Millət Məclisinin Sədri Binali Yıldırım rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdur.

20 sentyabr 2018-ci il tarixində Türkiyə Böyük Millət Məclisinin Sədri Binali Yıldırım Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda iştirak etmək üçün ölkəmizdə səfərdə olmuşdur.

29 oktyabr 2018-ci il tarixində İstanbul Hava Limanının açılış mərasimində iştirak etmək məqsədilə Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərdə olmuşdur.

19-21 noyabr 2018-ci il tarixində Türkdilli Dövlətlərin Parlament Assambleyasının 8-ci plenar iclasında, habelə, qurumun 10 illik yubileyinə həsr olunmuş konfransda iştirak etmək məqsədilə Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərdə olmuşdur.

5-6 mart 2019-cu il tarixlərində Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntopun rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

3 may 2019-cu il tarixində İstanbul “Böyük Çamlıca Məscidi”nin açılışından iştirak məqsədilə Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər etmişdir.

Xarici İşlər nazirləri

15 yanvar 2015-ci il tarixində Ankarada keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasında iştirak etmək məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Türkiyəyə səfər etmişdir.

25-26 fevral 2015-ci il tarixlərində Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana rəsmi səfər etmişdir.

13 may 2015-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov NATO-ya üzv dövlətlərin Xarici İşlər nazirlərinin iclasında iştirak etmək məqsədilə Türkiyəyə işgüzar səfər etmişdir.

28 avqust 2015-ci il tarixində Antalyada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşündə iştirak etmək məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Türkiyəyə səfər etmişdir.

15-16 sentyabr 2015-ci il tarixlərində Türkiyə Respublikasının Xarici İşlər naziri Feridun Sinirlioğlu Azərbaycana rəsmi səfər etmişdir.

26-27 noyabr 2015-ci il tarixlərində Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana rəsmi səfər etmişdir.

17-18 fevral 2016-cı il tarixlərində Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkəmizə işgüzar səfər etmişdir.

12-13 aprel 2016-cı il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 13-cü Zirvə Görüşünə hazırlıq iclasında iştirak etmək məqsədilə Türkiyəyə (İstanbul şəhəri) işgüzar səfər etmişdir.

14-15 iyul 2016-cı il tarixlərində Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkəmizə işgüzar səfər etmişdir.

2-3 dekabr 2016-cı il tarixlərində Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkəmizə işgüzar səfər etmişdir.

21-22 fevral 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində “Xocalı soyqırımı, bəşəriyyət əleyhinə cinayətlər və terrorizm” adlı beynəlxalq konfransda iştirak etmək məqsədilə Türkiyəyə işgüzar səfər etmişdir.

19 iyul 2017-ci il tarixində Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Azərbaycan, Türkiyə və Türkmənistan Xarici İşlər Nazirlərinin üçtərəfli görüşü”ndə iştirak etmək məqsədilə ölkəmizə işgüzar səfər etmişdir.

5-6 sentyabr 2017-ci il tarixlərində Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Azərbaycan, Gürcüstan və Türkiyə Xarici İşlər Nazirlərinin üçtərəfli görüşü”ndə iştirak etmək məqsədilə ölkəmizə işgüzar səfər etmişdir.

29-30 noyabr 2017-ci il tarixlərində Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Azərbaycan, Pakistan və Türkiyə Xarici İşlər Nazirlərinin üçtərəfli görüşü”ndə iştirak etmək məqsədilə ölkəmizə işgüzar səfər etmişdir.

19-20 dekabr 2017-ci il tarixlərində Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü”ndə iştirak etmək məqsədilə ölkəmizə işgüzar səfər etmişdir.

15 mart 2018-ci il tarixində Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Gürcüstan, İran və Türkiyə xarici işlər nazirlərinin dördtərəfli görüşü”ndə iştirak etmək məqsədilə ölkəmizə işgüzar səfər etmişdir.

5-6 aprel 2018-ci il tarixlərində Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qoşulmama Hərəkatının Xarici İşlər Nazirlərinin 18-ci görüşündə iştirak etmək məqsədilə ölkəmizə səfər etmişdir.

24 iyul 2018-ci il tarixində Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana rəsmi səfər etmişdir.

29-30 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkiyə, Gürcüstan və Azərbaycan, Türkiyə, İran xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşlərində iştirak etmək məqsədilə Türkiyəyə işgüzar səfər etmişdir.

14 dekabr 2018-ci il tarixində Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 39-cu görüşündə iştirak etmək məqsədilə ölkəmizə səfər etmişdir.

 

İqtisadi əməkdaşlıq

Azərbaycan-Türkiyə iqtisadi əlaqələri ölkəmizin müstəqilliyinin ilk illərindən etibarən inkişaf etməyə başlamışdır. Bu istiqamətdə ilkin olaraq 1 noyabr 1992 tarixində Azərbaycan və Türkiyə arasında Ankarada “Ticarət və İqtisadi Əməkdaşlıq haqqında Saziş” imzalanmış, 23 yanvar 1993 tarixindən isə qüvvəyə minmişdir.

İkitərəfli iqtisadi münasibətlərin hərtərəfli inkişafı baxımından, 1994-cü ildən sonra həyata keçirilən tədbirlər və hüquq-müqavilə bazasının təkmilləşdirilməsi istiqamətində atılmış addımlar xüsusi mərhələnin əsasını qoymuşdur.

Bu gün Azərbaycan və Türkiyə arasında müxtəlif sahələr üzrə təsis edilmiş bir sıra birgə mexanizmlər fəaliyyət göstərir. Bunlardan xüsusilə, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiya, Kənd Təsərrüfatı İcra Komitəsi, Quru Nəqliyyatı Birgə Komissiya, Gömrük Məsələləri üzrə Birgə Komitə kimi mexanizmləri vurğulamaq olar.

Həmçinin, ölkəmizin regional iqtisadi əməkdaşlığa verdiyi böyük əhəmiyyət və trans-regional infrastruktur layihələrində fəal iştirakının nəticəsi olaraq, iki ölkə arasında beynəlxalq əhəmiyyətli bir sıra regional layihələr həyata keçirilmişdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC), Bakı-Tbilisi-Ərzurum qaz kəməri (BTƏ), Bakı-Tbilisi-Qars dəmir yolu xətti (BTQ), Trans-Anadolu təbii qaz boru xətti (TANAP) layihələri bu baxımdan ən ümdə nümunələrdir.

BTC layihəsinin reallaşması istiqamətində mühüm addım kimi 29 oktyabr 1998-ci il tarixində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri arasında "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəmərinin tikintisi ilə bağlı imzalanmış "Ankara Bəyannaməsi", 18 noyabr 1999-cu il tarixində isə ATƏT-in İstanbul zirvə toplantısında "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyəti əraziləri ilə "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəməri vasitəsilə nəql edilməsinə dair" imzalanmış Sazişi göstərmək olar. 13 iyul 2006 tarixində Türkiyənin Ceyhan limanında Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin rəsmi açılış mərasimi keçirilmişdir.

BTC kimi Bakı-Tbilisi-Ərzurum qaz kəməri də iki ölkə arasındakı regional xarakterli ən mühüm layihələrdən biridir. 2007-ci ildən etibarən bu xətt ilə Türkiyəyə qaz nəqlinə başlanmışdır. BTC əsas ixrac boru kəmərinin fəaliyyətə başlaması, BTƏ qaz boru kəmərinin istismara verilməsi və bununla da, Azərbaycanın dünya bazarına neft və qaz ixrac etmək imkanı əldə etməsi ölkələrimizin imkanlarını daha da genişləndirmişdir.

Nəqliyyat infrastrukturunun diversifikasiyası, beynəlxalq yük və sərnişin daşımalarının ölkələrimizin ərazisindən tranzitinin daha da artırılması, regional əməkdaşlığın inkişaf etdirilməsi baxımından Azərbaycan və Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edən hadisələrdən biri ölkələrimizin rəhbərlərinin təşəbbüsü və iradəsi ilə “Bakı-Tbilisi-Qars yeni dəmiryolu xətti” layihəsinin reallaşdırılması olmuşdur.

İki ölkənin təşəbbüsü ilə həyata keçirilən digər beynəlxalq əhəmiyyətli layihə - TANAP layihəsi Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatının diversifikasiyası baxımından böyük önəm daşıyır. TANAP çərçivəsində Türkiyəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanmışdır. Əvvəldə illik 16 milyard kubmetr təşkil edəcək qaz nəqlinin həcminin mərhələli surətdə əvvəlcə 24 milyard kubmetrə, sonra 31 milyard kubmetrə yüksəldilməsi nəzərdə tutulur. 1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaqdır.

Həmçinin, iki ölkənin təşəbbüsü ilə həyata keçirilən digər beynəlxalq əhəmiyyətli layihə  2018-ci ilin sentyabr ayında SOCAR-ın 6,300 milyon dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşası başa çatmış “Star” neft emalı zavodunun açılış mərasiminin keçirilməsini göstərmək olar.

Türkiyə və Azərbaycan arasındakı ticarət 1993-cü ildən etibarən davamlı artır. Türkiyə Azərbaycan iqtisadiyyatına ən çox investisiya qoyan ölkələrdən biridir. Azərbaycanda fəaliyyət göstərən 13000-dən artıq türk şirkətinin indiyədək iqtisadiyyatımıza investisiyalarının həcmi təxminən 10.000 milyon dollar məbləğində olmuşdur. Türk şirkətləri əsasən enerji, sənaye, telekommunikasiya, bank və sığorta, inşaat, nəqliyyat, qida, tekstil, səhiyyə kimi sahələrdə fəaliyyət göstərir.

Son illər isə Azərbaycandan Türkiyəyə investisiya qoyuluşlarında mühüm artım müşahidə olunur. Belə ki, hazırda Türkiyədə Azərbaycan sərmayəli 2000-ə yaxın şirkət fəaliyyət göstərir. Yalnız Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki investisiyalarının ümumi həcmi 2016-cı ildə 12,600 milyon dollara çatmışdır. Bununla da, Türkiyədə investisiya qoyan Azərbaycanlı iş adamları həm firma sayı, həm də investisiya həcmi baxımından Mərkəzi Asiya və Qafqaz ölkələri arasında ilk yerdədir.

14 aprel 2011-ci il tarixində “Türkiyədəki Azərbaycanlı İş adamları Birliyi” təsis edilmişdir. Türkiyə qanunvericiliyinə uyğun olaraq, Birliyin rəsmi qeydiyyatı prosesi uğurla tamamlanmış,15 aprel tarixində Türkiyə-Azərbaycan Biznes Forumu keçirilmişdir.

İki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq əlaqələrinin inkişafı məqsədilə “AR İqtisadiyyat və Sənaye Nazirlikləri ilə TR İqtisadiyyat Nazirliyi arasında ixracın təşviqi üzrə İşçi Qrupu” yaradılmışdır.

10-11 iyul 2014-cü il tarixlərində Türkiyədə Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının 7-ci iclası keçirilmişdir. Komissiyanın növbəti iclasının bu ilin payızında baş tutması gözlənilir.

Arxiv üzrə axtarış

xin diplomatic service