İtaliya

Waving Flag of Italy (Animated Gif)

İtaliya Respublikası

 

Prezident: Zati–aliləri Sercio Mattarella

Baş Nazir: cənab Cuseppe Konte

Senatın Sədri: xanım Maria Elisabetta Alberti Kasellati

Deputatlar Palatasının Sədri: cənab Roberto Fiko

Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri: cənab Luigi Di Maio

Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfiri: cənab Məmməd Əhmədzadə

İtaliya Respublikasının Azərbaycan Respublikasındakı səfiri: cənab Auqusto Massari

Azərbaycan Respublikası Səfirliyinin rəsmi internet səhifəsi: http://rome.mfa.gov.az/

 

İkitərəfli münasibətlər

İtaliya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci ildə tanımış, 8 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur.

1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada Səfirliyi təsis edilmişdir. İtaliyanın iqamətgahı Azərbaycanda yerləşən ilk fövqəladə və səlahiyyətli səfiri Alessandro Fallovalita (1997-2001-ci illər), Azərbaycanın iqamətgahı İtaliyada yerləşən ilk fövqəladə və səlahiyyətli səfiri Elmar Məmmədyarov (2003-2004-cü illər) olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2009-cu il tarixli Sərəncamı ilə xanım Marqarita Kosta İtaliya Respublikasının Genuya şəhərində və Liquriya, Pyemont, Valle d`Aosta, Lombardiya regionlarında Azərbaycan Respublikasının fəxri konsulu təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə Domeniko Koko İtaliya Respublikasının Kataniya şəhərində və Siciliya, Kalabriya regionlarında Azərbaycan Respublikasının fəxri konsulu təyin edilmişdir.

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə İşçi Qrup fəaliyyət göstərir. İşçi Qrup 25 nəfərdən ibarətdir, rəhbəri deputat Azər Kərimlidir.

İtaliya Respublikası Parlamentində Azərbaycanla həm İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyası, həm də Parlamentlərarası İttifaq yanında İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu fəaliyyət göstərir.

Dostluq Assosiasiyasının rəhbəri Liqa partiyasının təmsilçisi, deputat Rossana Boldidir.

Dostluq Qrupunun rəhbəri “5 Ulduz Hərəkatı” partiyasının təmsilçisi, senator Stefano Luçididir.

Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Komissiyanın Azərbaycan tərəfdən həmsədri Energetika naziri, İtaliya tərəfdən həmsədri isə Xarici İşlər və beynəlxalq əməkdaşlıq nazirinin müavinidir. Hökumətlərarası komissiyanın ilk iclası 20 oktyabr 2006-cı il tarixində Bakıda, ikinci iclası 6 iyul 2011-ci il tarixində Romada, üçüncü iclası 17 dekabr 2013-cü il tarixində Bakıda, dördüncü iclası isə 13 iyun 2016-cı il tarixində Romada keçirilmişdir.

 

Siyasi məsləhətləşmələr

Azərbaycan Respublikası və İtaliya Respublikasının xarici işlər nazirlikləri arasında mütəmadi olaraq siyasi məsləhətləşmələr həyata keçirilir. Siyasi məsləhətləşmələrin sonuncusu 27 mart 2019-cu il tarixində Romada keçirilmişdir. Azərbaycan nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, İtaliya nümayəndə heyətinə isə Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Baş katibi Elizabetta Belloni rəhbərlik etmişdir.

 

Səfərlər

Ali səfərlər

Azərbaycan Respublikası Prezidentinin İtaliya Respublikasına ilk rəsmi səfəri 24-27 sentyabr 1997-ci il tarixlərində Prezident Heydər Əliyev tərəfindən həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasına ilk rəsmi səfəri 24-26 fevral 2005-ci il tarixlərində həyata keçirilmişdir. Prezident İlham Əliyev, həmçinin 25-26 noyabr 2008 və 13-15 iyul 2014-cü il tarixlərində İtaliya Respublikasında rəsmi, 2 iyun 2011 və 8-10 iyul 2015-ci il tarixlərində isə işgüzar səfərlərdə olmuşdur.

İtaliya Respublikası Prezidentinin Azərbaycan Respublikasına ilk dövlət səfəri 18-19 iyul 2018-ci il tarixlərində Prezident Sercio Mattarella tərəfindən həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın İtaliya Respublikasına ilk rəsmi səfəri 25-26 sentyabr 2018-ci il tarixlərində həyata keçirilmişdir.

Baş Nazirlər

İtaliya Respublikasının Baş Naziri Enriko Letta 11-12 avqust 2013-cü il tarixlərində Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur.

Parlament Sədrləri

2010-cu il 3-5 may tarixlərində AR Milli Məclisinin Sədri Oqtay Əsədov İtaliyaya səfər etmişdir.

18-19 oktyabr 2018-ci il tarixlərində İtaliya Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati Azərbaycana rəsmi səfər etmişdir.

6-8 may 2019-cu il tarixlərində AR Milli Məclisinin Sədri Oqtay Əsədov İtaliyaya rəsmi səfər etmişdir.

Xarici İşlər nazirləri

Azərbaycan Respublikası Xarici İşlər Naziri Elmar Məmmədyarov İtaliyaya 6-7 oktyabr 2004-cü il, 7 oktyabr 2009-cu il, 28-29 aprel 2010-cu il, 20 aprel 2017-ci il, 28-29 mart 2018-ci il tarixlərində rəsmi,  19-20 fevral 2010-cu il, 4-6 iyun 2010-cu il, 6 iyul 2011-ci il, 3-5 fevral 2013-cü il, 24-25 oktyabr 2017-ci il, 5-7 dekabr 2018-ci il tarixlərində işgüzar səfərlər etmişdir.

İtaliya Respublikasının xarici işlər naziri Emma Bonino 17 dekabr 2013-cü il tarixində Şahdəniz-2 Yekun İnvestisiya Sazişinin imzalanma mərasimində iştirak etmək məqsədilə Azərbaycana işgüzar səfər etmişdir. 

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloni 7-8 noyabr 2016-cı il tarixlərində Azərbaycana rəsmi səfər etmişdir.

 

Humanitar sahədə əməkdaşlıq

1 iyun 2002-ci il tarixində Bakıda imzalanmış və 2005-ci ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Hökuməti və İtaliya  Respublikası Hökuməti arasında təhsil, mədəniyyət, elm və texnologiya sahələrində əməkdaşlıq haqqında Saziş bu əməkdaşlığın gerçəkləşdirilməsi üçün hüquqi bazanı təşkil edir.

30 noyabr 2011-ci il tarixində Heydər Əliyev Fondu tərəfindən Romada Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilən mərasim keçirilmişdir. Mərasimdə iştirak etmək üçün İtaliyada səfərdə olan Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva İtaliya Respublikası Prezidenti Ciorcio Napolitano və Baş nazirinin xanımı Elza Antonioli Monti ilə görüşmüşdür.

17-21 aprel 2012-ci il tarixlərində İtaliyada ilk dəfə olaraq Azərbaycan Mədəniyyət Günləri keçirilmişdir. Mədəniyyət günləri çərçivəsində 17 aprel tarixində Turinin Karinyano Teatrında, 18 aprel tarixində Venesiyanın Malibran Teatrında,  19 aprel  tarixində Milanın Cuseppe Verdi adına Konservatoriyasında və Romanın Auditorium konsert kompleksində Azərbaycanın milli və klassik musiqisi konsertləri keçirilmişdir. Romada keçirilmiş konsertdə Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva iştirak etmişdir.

20 aprel 2012-ci il tarixində Romanın məşhur “Villa Borghese” parkında Nizami Gəncəvinin abidəsinin açılışı olmuşdur. Mərasimdə Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva iştirak etmişdir.

2012-2013-cü illər ərzində İtaliyanın bir sıra aparıcı universitetləri ilə (Sapienza, Ka Foskari, Roma Tre) əməkdaşlıq sazişləri imzalanmışdır. Həmin sazişlər əsasında bu universitetlərdə Azərbaycanla bağlı müxtəlif mövzular üzrə elmi tədqiqatlar aparılmış, kitablar nəşr edilmiş, konfrans və dəyirmi masalar keçirilmişdir.

5 mart 2013-cü il tarixində Romanın Müasir İncəsənət Muzeyində “Fly to Baku” müasir incəsənət sərgisinin açılış mərasimi keçirilmişdir. Sərginin açılışında Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti M.Əliyeva iştirak etmişdir. Sərgi 26 mart tarixinədək davam etmişdir.

31 may 2013-cü il tarixində Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Venesiya Biennalesi çərçivəsində Azərbaycan pavilyonunun rəsmi açılışında iştirak etmişlər.

13-15 iyul 2014-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliya Respublikasına rəsmi səfəri zamanı "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliya Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Roma şəhərinin Meriyası arasında "Via Alessandrina - Fori İmperiali" abidəsinin memarlıq elementlərinin bərpasına dair Saziş imzalanmışdır.

12 sentyabr 2014-cü il tarixində İtaliyanın Verona şəhərindəki məşhur "Arena di Verona" amfiteatrında Yalçın Adıgözəlovun rəhbərliyi ilə "İpək yolundan musiqi yolu ilə" adlı Azərbaycan musiqisi konserti keçirilmişdir.

2-3 oktyabr 2014-cü il tarixlərində 4-cü Bakı Beynəlxalq Humanitar Forumunda İtaliyanın parlament üzvləri, siyasi və ictimai xadimləri, mətbuat nümayəndələri və bir sıra görkəmli şəxsiyyətlərdən ibarət nümayəndə heyəti iştirak etmişdir.

4 mart 2015-ci il tarixində Romada Bakı 2015 Birinci Avropa Oyunlarının təqdimat mərasimi keçirilmişdir. Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin Sədri Mehriban Əliyeva mərasimdə iştirak etmişdir. 

6 may  2015-ci il tarixində 56-cı Venezia Biennale - Beynəlxalq İncəsənət Sərgisi çərçivəsində Heydər Əliyev Fondunun və IDEA-nın dəstəyi ilə Azərbaycanın iki pavilyonunda açılışı keçirilmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak etmişdir.

26 aprel 2016-cı il tarixində BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün İtaliya mədəniyyət nazirinin müavini Dorina Biankinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində D.Bianki Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva, habelə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən qəbul edilmişdir.

17-26 iyun 2016-cı il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə İtaliyaya səfər etmiş və səfər çərçivəsində AMEA və İtaliya Milli Tədqiqat Şurası arasında Elmi Əməkdaşlıq Sazişi imzalanmışdır.

21 iyul 2016-cı il tarixində İtaliya Respublikasının təhsil, universitetlər və tədqiqat naziri Stefania Giannininin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, həmçinin təhsil naziri Mikayıl Cabbarov ilə görüşmüş və ADA Universitetini ziyarət etmişdir.

29-30 sentyabr 2016-cı il tarixlərində keçirilmiş V Bakı Beynəlxalq Humanitar Forumunda İtaliya 40 nəfərdən ibarət geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunmuşdur. Nümayəndə heyətinin tərkibinə İtaliya parlamentinin üzvləri, akademik və təhsil sahəsini təmsil edən nüfuzlu şəxslər və ölkənin aparıcı media qurumlarının tanınmış jurnalistləri daxil olmuşdur. Forumda iştirakla yanaşı, bəzi ikitərəfli görüşlər də keçirilmişdir. Belə ki, İtaliya Senatında Azərbaycan-İtaliya dostluq qrupunun sədr müavini Mauro Marinonun rəhbərli etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Mehriban Əliyeva, xarici işlər naziri Elmar Məmmədyarov və Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov ilə görüşmüşlər. Forum çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə İtaliyanın AdnKronos xəbər agentliyi arasında informasiya mübadiləsi haqqında əməkdaşlıq sazişi imzalanmışdır.

5-6 may 2017-ci il tarixlərində Bakı şəhərində keçirilmiş “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə İtaliyanın mədəniyyət və turizm nazirinin müavini Antimo Çezaro Azərbaycana səfər etmişdir. A.Çezaro Forum çərçivəsində təşkil olunmuş Nazirlər Şurasında çıxış etmiş, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovla, eləcə də Azərbaycan Dillər Universitetində (ADU) italyan dili ixtisası üzrə təhsil alan tələbələr ilə görüşmüşdür.

22-24 iyun 2017-ci il tarixlərində Romanın “Casa del Cinema” kino evində Heydər Əliyev Fondunun dəstəyi ilə İtaliyada ilk dəfə olaraq Azərbaycan Film Festivalı keçirilmişdir. Festivalın açılışı “Əli və Nino” filminin nümayişi ilə başlamış, sonrakı günlər isə altı bədii və iki sənədli filmin nümayişi ilə davam etdirilmişdir.

29 noyabr – 1 dekabr 2017-ci il tarixlərində İtaliyada Birinci Azərbaycan Mətbəxi Festivalı keçirilmişdir.

2017-ci ildə Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi İtaliyanın Sapienza və Ka Foskari universitetləri ilə bu təhsil müəssisələrində Azərbaycanla bağlı fəaliyyətin davam etdirilməsi üçün yeni əməkdaşlıq sazişlər imzalamışdır.

15 mart 2018-ci il tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan İtaliya Senatının sədr müavini Linda Lanzillottanı qəbul etmişdir. 20-22 iyun 2019-cu il tarixlərində Romanın “Casa del Cinema” kino evində Heydər Əliyev Fondunun dəstəyi ilə İtaliyada İkinci Azərbaycan Film Festivalı keçirilmişdir.

 

Müqavilə hüquq bazası

Azərbaycan Respublikası və İtaliya Respublikası arasında 44 sənəd imzalanmışdır.

 

 

İqtisadi sahədə əməkdaşlıq

İtaliya ölkəmizin ən böyük ticarət tərəfdaşı və ən böyük ixrac məntəqəsidir. Eyni zamanda, Azərbaycan Cənubi Qafqazda İtaliya məhsullarının ən böyük alıcısı və xam neft üzrə İtaliyanın ən böyük təchizatçısıdır.

İtaliya hökumətinin iqtisadi məsələlərə cavabdeh hökumət üzvlərinin ölkəmizə mütəmadi səfərləri həyata keçirilir. Bu xüsusda, 12-14 noyabr tarixlərində 2013-cü ilin İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Karlo Kalenda, 14 aprel 2015-ci il iqtisadi inkişaf naziri Federika Quidi və 22-23 fevral tarixlərində iqtisadi inkişaf naziri Karlo Kalenda Azərbaycanda səfərdə olmuş, səfərlər vaxtı rəsmi görüşlərdə və təşkil olunmuş Azərbaycan-İtaliya binzes forumlarında iştirak etmişlər.

Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan Trans Adriatik boru kəmərinin reallaşdırılması Azərbaycan-İtaliya əlaqələrində prioritet istiqamətlərindən biridir. Bu xüsusda, 17 dekabr 2013-cü il tarixində Şahdəniz-2 Yekun İnvestisiya Sazişinin imzalanma mərasimində İtaliyanın xarici işlər naziri Emma Bonino, 20 sentyabr 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində İtaliya iqtisadi inkişaf nazirinin müavini Klaudio De Vinçentini, habelə 2015-2019-cu illərdə "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin iclaslarında isə İtaliyanın müxtəlif hökumət üzvləri iştirak etmişlər.

2018-ci ildə də ticarət dövriyyəsi 6,200 milyon ABŞ dollarına çatmış, 2018-ci il üzrə idxalatın həcmi 340,1 milyon ABŞ dolları, ixracatın həcmi 5,900 milyon ABŞ dolları təşkil etmişdir ki, bu da Azərbaycanın ümumi xarici ticarətinin 20,11%, ixracatının 30,22%, idxalatının 2,97%-nə bərabərdir. 2019-cu ilin ilk beş ayı ərzində isə qarşılıqlı ticarət dövriyyəsi 2,700 milyon ABŞ dolları, idxalatın həcmi 155,2 milyon ABŞ dolları, ixracatın həcmi 2,500 milyon ABŞ dolları təşkil etmişdir ki, bu da ölkəmizin ümumi xarici ticarətinin 18,77%, ixracatının 29,68%, idxalatının 2,66%-nə bərabərdir.

İki ölkənin xarici ticarət dövriyyəsinin məhsullar üzrə strukturunda xam neft və neft məhsullarının İtaliyaya ixracı üstünlük təşkil edir. İdxalatın məhsullar üzrə strukturunda maşınqayırma məhsulları, xüsusi təyinatlı mexaniki qurğular və maşınlar, dəzgahlar, ehtiyat hissələri, həmçinin, dərman vasitələri, transformatorlar, inşaat materialları, mebel, ərzaq, trikotaj məmulatları yer tutur.

 

Azərbaycan və İtaliya arasındakı ticarət dövriyyəsi (son 5 il üzrə, milyon ABŞ dolları)

İllər

İdxal

İxrac

Dövriyyə

Saldo

2014

272

4805

5077

4533

2015

587

2254

2841

1667

2016

332

1556

1888

1224

2017

319

4406

4725

4087

2018

340

5879

6219

5539

 

Arxiv üzrə axtarış

xin diplomatic service