Fransa

Waving Flag of France (Animated Gif)

Fransa Respublikası

 

Prezident: Zati-aliləri cənab Emmanuel Makron

Baş Nazir: cənab Eduard Filip

Senatın Sədri: cənab Jerar Larşe

Milli Assambleyanın Sədri: cənab Rişar Ferran

Avropa və Xarici İşlər naziri: cənab Jan İv Lö Drian  

Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfiri: cənab Rəhman Mustafayev

Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfiri: cənab Zaxari Qross

Azərbaycan Respublikasının Fransa Respublikasındakı internet səhifəsi: paris@mfa.gov.az

 

İkitərəfli münasibətlər

Fransa Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 3 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 21 fevral 1992-ci ildə qurulmuşdur.

Azərbaycan Respublikasının Fransa Respublikasında Səfirliyi 20 oktyabr 1994-cü ildə açılmışdır.

Fransa Respublikasının Azərbaycan Respublikasında Səfirliyi 16 mart 1992-ci ildə  açılmışdır.

Fransa, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasındadır. Fransa səfiri Azərbaycanda Türkiyə səfirindən sonra rəsmi fəaliyyətə başlayan ikinci diplomat olmuşdur.

Azərbaycan Respublikası öz növbəsində müstəqilliyini bərpa etdikdən sonra Avropanın böyük dövlətlərindən olan Fransa ilə əlaqələrini genişləndirməyə başlamışdır. Təsadüfi deyil ki, 1993-cü yeni seçilmiş Prezident Heydər Əliyev xaricə ilk rəsmi səfərini Fransaya etmişdir. Eyni zamanda 2003-cü ildə Prezident seçilmiş İlham Əliyev də ilk xarici və rəsmi səfərini Fransaya etmişdir.

Həmin vaxtdan bəri ali və yüksək səviyyəli qarşılıqlı səfərlər davam etdirilməkdədir.

Hazırda Azərbaycan və Fransa arasında əlaqələr siyasi, iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlıq yüksələn xətt üzrə inkişaf etməkdədir.

Fransa, həmçinin 1997-ci ildən etibarən ATƏT-in Minsk Qrupunun həmsədri qismində Ermənistan-Azərbaycan Dağlıq Qarabaq münaqişəsinin həlli üzrə vasitəçi missiyanı yerinə yetirir.

 

Ali və yüksək səviyyəli səfərlər

Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən bəri Azərbaycan tərəfindən dövlət başçısı səviyyəsində 21 (dövlət, rəsmi və işgüzar), Birinci vitse-prezident səviyyəsində 2, habelə Baş Nazir 3, Milli Məclisin Sədri 2, Xarici İşlər naziri isə 28 dəfə Fransaya səfər etmişdir.

Bu günə qədər Fransa tərəfindən dövlət başçısı səviyyəsinə 2 rəsmi və 1 işgüzar olmaqla ümumilikdə 3 səfər, həmçinin Senatın sədrinin 1, Xarici İşlər nazirinin isə 3 səfəri həyata keçirilmişdir.

 

Parlamentlərarası işçi qrupları

AR Milli Məclisdə Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Cavanşir Feyziyyevdir.

Fransa Respublikası Senatında Fransa–Qafqaz (Azərbaycan, Gürcüstan) parlamentlərarası dostluq qrupu mövcuddur. Qrupun (o cümlədən Azərbaycan üzrə) rəhbəri Alen Uperdir.

Fransa Respublikası Milli Assambleyasında Fransa–Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir, rəhbəri Pyer Alən Rafandır.

 

Müqavilə-hüquq bazası

Azərbaycan və Fransa arasında 53 sənəd imzalanmış, hazırda 6 sənəd layihəsi baxılmaqdadır.

 

Humanitar sahədə əməkdaşlıq

İki ölkə arasında sosial, humanitar, mədəniyyət, təhsil, elm və texnologiya, arxiv araşdırmaları, kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları, idman və gənclər sahələri və digər istiqamətlərdə əməkdaşlıq mövcuddur.

Azərbaycan və Fransa dünyəvilik dəyərlərini bölüşür. İki ölkə arasında xüsusilə də mədəniyyət və təhsil sahəsində mühüm layihələrin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur. İki ölkə başçısının işitrakı ilə 2014-cü ildə açılmış və Fransa Təhsil Nazirliyinin proqramı əsasında yüzdən çox şagirdə bağçadan bakalavr pilləsinədək təhsil almaq imkanı verən Bakı Fransız Liseyi və 2016-cı ilin payızından fəaliyyət gəstərən Fransa-Azərbaycan Universitetini (UFAZ) buna misal göstərmək olar.

Fransız dilinin tədrisi Azərbaycanda ingilis və rus dillərindən sonra üçüncü yerdə gəlir. Ölkənin 338 ümumtəhsil və 7 ali təhsil müəssisəsində fransız dili tədris edilir. Ümumilikdə 50 000-ə yaxın şagird və tələbə xarici dil olaraq, fransız dilini öyrənir. Fransanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakı Slavyan Universitetində Viktor Hüqo adına Fransız Dili və Ədəbiyyatı Mərkəzi və Azərbaycan Dillər Universitetində “Fransa Mərkəzi” yaradılmışdır.

Təhsil Nazirliyinin “SABAH” layihəsi çərçivəsində Fransa səfirliyinin dəstəyi ilə 2015-ci ildən etibarən fransalı müəllimlər tərəfindən Azərbaycanın 4 ali məktəbində (Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti) fransız dili ikinci xarici dil kimi “SABAH” qruplarında tədris edilir.

Bundan əlavə, hər il çoxsaylı azərbaycanlı gənclər təhsillərini davam etdirmək üçün Fransanın ali məktəblərinə yollanır.

Artıq uzun illərdir ki, Parisin Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda (INALCO) azərbaycan dilinin tədrisi həyata keçirilir. Bu tədris proqramında Fransa, eləcə də digər ölkələrdən olan 120 tələbə azərbaycan dilini öyrənir.

Həmçinin, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizi, habelə onun tarixi və

mədəni irsini fransız ictimaiyyətinə təqdim edən çoxsaylı tədbirlər təşkil olunur.    

 

Regionlararası əməkdaşlıq

Azərbaycan və Fransa arasında əlaqələrin son illər ərzində inkişafında regionlararası əməkdaşlıq xüsusi yer tutur. Bu günədək Azərbaycanın 14 şəhəri ilə Fransanın 12 şəhəri və 1 vilayəti arasında qardaşlıq, dostluq və əməkdaşlıq xartiyaları imzalanmışdır.  Bu əməkdaşlıq çərçivəsində mübadilələr və qarşılıqlı səfərlər həyata keçirilir. Buna misal olaraq, Kolmar şəhərində hər ilin noyabr-dekabr aylarında təşkil edilən Milad yarmarkasında Şəki şəhərinin iştirakının ənənə halını almasını, o cümlədən Evian-les-Ban şəhərində “Azərbaycan Bağı” və Xurşidbanu Natəvanın heykəlinin və Bulaq kompozisiyasının açılışını xüsusi qeyd etmək olar.

İki ölkə arasında regionlararası əməkdaşlığın əlaqələndirilməsi məqsədilə 19 dekabr 2016-cı ildə Regionlararası İdarəetmə Komitəsi yaradılmasına dair Anlaşma Memorandumu imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Fransa ilə Azərbaycan arasında iqtisadi əlaqələr son illər ərzində əhəmiyyətli dərəcədə möhkəmlənmişdir. Fransanın 59 şirkəti Azərbaycanda fəaliyyət göstərir. Fransa şirkətləri enerji (Total), nəqliyyat (Alstom, Thales, İveco, Systra), ətraf mühit (Suez CNİM), kənd təsərrüfatı və qida (Lactalis, Danone), mehmanxana işi (ACCOR), bank biznesi (Societe Generale), aviasiya və kosmik (Airbus, Thales) kimi əsas sahələrdə fəaliyyət göstərir və Azərbaycan iqtisadiyyatının uğurlu diversifikasiyasına töhfə verirlər.

2004-2018-ci illərdə Fransa şirkətləri ölkəmizlə əlaqədar ümumilikdə 2,300 milyon ABŞ dolları məbləğində sifarişlər yerinə yetirmişlər. 1995-2017-ci illər ərzində fransız şirkətləri tərəfindən ölkəmizə yatırılan sərmayələrin həcmi 2,200 milyon ABŞ dolları təşkil etmişdir. Analoji dövr ərzində Azərbaycanın Fransaya yatırdığı investisiyaların həcmi 224,7 milyon ABŞ dolları məbləğində olmuşdur.

Azərbaycan Respublikasının ilk peyki – "Azərspace-1'' 2013-cü ilin fevral ayında Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan – Qviana Kosmik Mərkəzindən üzərində üçrəngli Azərbaycan bayrağı olan "Ariane-5'' daşıyıcı raketi ilə orbitə buraxılmışdır. 2018-ci ilin sentyabrında isə Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılmışdır. Bu, iki ölkə arasında yüksək kosmik texnologiyalar sahəsində qurulan sıx tərəfdaşlıq nəticəsində mümkün olmuşdur.

Fransa şirkətlərinin Azərbaycana sərmayə yatırımlarında bu ölkənin “MEDEF-İnternational” Birliyi (“MEDEF” – Fransa Şirkətləri Hərəkatı) mühüm rol oynayır.

 

Azərbaycan Respublikası ilə Fransa Respublikası arasındakı ticarət dövriyyəsi (milyon ABŞ dolları)

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

Saldo

2014

157.36

1.523,48

1.680,84

1.366,12

2015

212.25

864.10

1.076,35

651.85

2016

150.41

493.64

644.05

343.23

2017

155

337

492

282

2018

183

441.7

624.7

258

2019

yanvar-mart

57.5

81.3

137.8

-

Mənbə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

 

Fransadan idxal olunan əsas mallar: Mexanizmlər, elektrotexniki avadanlıqlar və onların hissələri, qara metallar və onlardan məmulatlar, digər kimya sənayesi məhsulları, əczaçılıq vasitələri, qaz sayğacları, plastik məmulatlar, mebel və onun hissələri, süd məhsulları, canlı bitkilər, avtobuslar və s.

Fransaya ixrac olunan əsas mallar: Xam neft, metanol, fındıq, polietilen kisə və paketlər, meyvə şirəsi və digər.

 

Azərbaycan-Fransa İqtisadi Komissiyası

Azərbaycan-Fransa İqtisadi Komissiyası 1997-ci ilin dekabrında yaradılmışdır.

Komissiyanın həmsədri Azərbaycan tərəfindən Maliyyə naziri S.Şərifov, Fransa tərəfindən isə Avropa və Xarici İşlər naziri yanında dövlət katibi Jan-Batist Lömuəndır.

Komissiyanın indiyədək 8 iclası keçirilmişdir. Sonuncu iclas 2016-cı ilin 13-14 dekabr tarixlərində Paris şəhərində keçirilmişdir.

Eyni zamanda Azərbaycan-Fransa biznes forumlarının keçirilməsinə xidmət etmək məqsədilə 2014-cü ildə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası yaradılmışdır.

Arxiv üzrə axtarış

xin diplomatic service