Mədəni irsə dəymiş ziyan

Mədəni irsə dəymiş ziyan

1991-ci ilin sonlarında Sovet İttifaqının süqutundan və Ermənistan və Azərbaycanın beynəlxalq aləmdə müstəqilliyinin tanınmasından az sonra Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi əməliyyatlar və hücumlar daha da intensiv xarakter aldı. Ermənistan Azərbaycana qarşı müharibəni başlamış, güc tətbiq etməklə Dağlıq Qarabağ və ona bitişik yeddi rayon da daxil olmaqla, əraziləri işğal etmiş, bir milyona qədər insanı öz dədə-baba yurdlarından didərgin salmaqla işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirmiş, münaqişə dövründə digər ciddi cinayətlər törətmiş və Azərbaycanın işğal edilmiş ərazilərində separatçı qurum yaratmışdır.

Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı hərbi gücdən istifadə və Azərbaycan torpaqlarının işğalını davamlı olaraq pisləmişdir. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı güc tətbiqini və ərazilərinin işğalını pisləyən və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələr qəbul edilmişdir. Qətnamələrdə Təhlükəsizlik Şurası Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi yenidən təsdiq etmiş və işğalçı qoşunların Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. BMT-nin Baş Assambleyası münaqişəyə dair  4 qətnamə (48/114, 20 dekabr 1993; 57/295, 6 fevral 2003; 60/285, 7 sentyabr 2006; 62/243 14 mart ) qəbul etmiş, eləcə də plenar sessiyaların gündəliyinə “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” başlıqlı xüsusi bənd daxil etmişdir.

Ermənistan beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsiplərini kobud şəkildə pozaraq və yuxarıda qeyd olunan BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinin tələbləri və digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayaraq, Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon da daxil olmaqla, Azərbaycan ərazisinin beşdə birinin işğalını davam etdirir.

Ərazi iddialarının reallaşmasına hərbi yolla nail olan Ermənistan gücdən istifadənin nəticələrinin möhkəmləndirilməsi üçün səylərini əsirgəmir və siyasi işğalçı niyyətlərini təbliğ edir. Bu məqsədlə, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik, mədəni və fiziki xarakterini qeyri-qanuni yolla dəyişdirmək üçün tədbirlər görür və bununla da BMT-nin müvafiq qətnamələri, 1949-cu il Cenevrə Konvensiyaları və humanitar hüququn digər müvafiq norma və prinsiplərini pozur. Münaqişə başlayandan keçən dövr ərzində azərbaycanlı əhalinin didərgin salındığı işğal edilmiş ərazilərə on minlərlə mühacir köçürülüb. Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərə həmçinin əmlak, təbii sərvətlər və digər sərvət növlərinin istismarı, talanı və qanunsuz ticarəti, kənd təsərrüfatı və su ehtiyatlarının, arxeoloji qazıntıların geniş istismarı və qədim dövrlərə aid maddi-mədəniyyət nümunələrinin özününküləşdirilməsi daxildir.

Azərbaycan torpaqlarının işğalı ölkənin mədəni irsi üçün həm işğal olunmuş ərazilərdə, həm də Ermənistanda faciəvi nəticələr doğurmuşdur. Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunda, eləcə də Ermənistanla sərhəddə yerləşən Qazax rayonunun yeddi kəndi və Naxçıvanın Kərki kəndində 22 muzey, 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası və 85 musiqi məktəbi talan edilmişdir. *

Həmin ərazilərdə milli əhəmiyyət kəsb edən tarixi abidələrə VI əsrin Alban Ağoğlan monastırı, Laçında XIV əsrin Məlik Əjdər türbəsi, Xocavənddə IV əsrin Alban Amaras monastırı və əhəmiyyətli sayda Alban məbədləri, XVIII əsrin Əsgəran qalası, Xocalıda XIV əsrin türbələri və tarixi Orta Əsrlərə gedib çıxan bir sıra Alban məbədləri, VI əsrin Alban Müqəddəs Yakob və XIII əsrin Alban Xatirəvəng monastırları, Kəlbəcərdə XIII-XIV əsrlərin Lek qalası, Qazaxda V-VIII əsrlərin Alban monastırı, Füzulidə XIII-XIV əsrlərin Mirəli türbəsi və XVII əsrin karvansarayı, Zəngilanda XIV əsrin türbəsi, Cəbrayılda XVII əsrin məscid kompleksi, Şuşada XVII-XIX əsrlərin Yuxarı və Aşağı Gövhərağa və Saatlı məscidləri, karvansarayları və evləri, Ağdamda XIX əsrin məscidi, Qaraköpəktəpə, Xantəpə, Günəştəpə, Uzuntəpə, Meynətəpə və Zərgərtəpə kimi arxeoloji yerləri, Füzulidə Neolit və Bürünc dövrlərinin yaşayış əraziləri, Bürünc dövrünün Çıraqtəpə və Qaraqhacı kimi yaşayış əraziləri, Ağdamda Orta dövrün Gavurqala yaşayış ərazisi, Cəbrayılda Bürünc dövrünün İmanqazantəpə və Qışlaq qum təpələri, Kəlbəcərdə Bürünc dövrünün qaya rəsmləri, Xocalıda Bürünc və Dəmir dövrlərinin daş nekropolu, Sədərəkdə Bürünc dövrünün yaşayış sahəsi və nekropolu, Laçında Bürünc və Dəmir dövrlərinin qum təpələri, Daş dövrünün mağarası, Şuşada Bürünc və Dəmir dövrlərinin qum və daş qəbiristanlıqları daxildir.

Azərbaycanın işğal edilmiş ərazilərində dünya əhəmiyyətli abidələrə Cəbrayılda orta əsrlərə aid 11 və 15 tağlı Xudafərin körpüləri və Tunc dövrünə aid Niftalı kurqanları, Kəlbəcərdə orta əsrlərə aid Gəncəsər və Xudavanq monastırları, Ağdamda XIV əsrə aid Qutlu Musa oğlu türbəsi və Tunc dövrünə aid Üzərliktəpə yaşayış massivi, Xocavənddə Paleolit dövrünə aid Azıx və Tağlar mağarası və Xocalıda Tunc və Dəmir dövrünə aid kurqanlar daxildir.

Arxitektur zənginlikləri, arxeoloji abidələri və mənzərəli təbiəti ilə yanaşı, Qarabağ həmçinin yalnız Azərbaycanın deyil, dünyanın mədəni irsinə böyük töhfələrini vermiş və beynəlxalq səviyyədə tanınmış Vaqif, Natavan, Nəvvab, Hacıbəyov, Bülbül kimi istedadlar diyarıdır.

Hərbi işğalın davamı olaraq, bu irsin bilərəkdən dağıdılması siyasəti həm Azərbaycan mədəniyyətinə, həm də dünya sivilizasiyasına sarsıdıcı zərbə olub və olmaqda da davam edir. Şuşa və Qarabağın digər şəhər və kəndlərinin mədəni görünüşünün bilərəkdən dəyişdirilməsi, arxeoloji xüsusiyyətlərin dəyişdirilməsi və “arxeloji” qazıntılar aparılması halları Ermənistanın bu ərazilərin və abidələrin Azərbaycana məxsusluğunun carçısı olan əlamətlərin aradan qaldırılması kimi uzaq məqsədli bir siyasət yürütdüyünə əyani sübutdur.

Hərbi əməliyyatların dərhal ardınca Şuşa şəhərində mədrəsələri ilə birgə Yuxarı və Aşağı Gövhərağa məscidi, Vaqif Mavzoleyi, Natavanın evi, karvansaray kimi arxeoloji abidələr dağıdılmış, yandırılmış və talan edilmişdir.

Digər şəhərlər üzrə, Ağdamın Əbdal və Gülablı kəndlərində “Pənah xan İmarəti” məscidlər kompleksi, Ağdam rayonunda Uğurlu bəy məzarlığı və Qurban Pirimovun ev-muzeyi, Xocalıda XIV əsrə aid kurqanlar, Başlıbel və Otaqlı kəndlərində məscidlər, Kəlbəcərin Moz, Keşdağ və Yuxarı Ayrım kəndlərində qədim məzarlıqlar, Zəngilanın Qıraq Muşlan, Malatkeşin, Babaylı və İkinci Ağalı kəndlərində məscidlər, Zəngilanın Babaylı və Şərifan, Cahangirbəyli kəndlərində orta əsr məzarlıqları, Qubadlı rayonunda Qayalı və Məmər kəndlərində qədim məzarlıqlar və məscid, Laçının Qarıqışlaq kəndində məscid və Zabux kəndində qədim məzarlıq, Cəbrayılın Çələbilər kəndində məscid kompleksi və Xubyarlı kəndində qədim məzarlıq, Füzuli şəhərində məscidlər və Qoçəhmədli, Mərdmli, Qarğabazar kəndlərində, Xocavəndin məzarlıqları, Ağhullu, Kuropatkina, Düdükçü və Salakatin kəndləri və Xocavəndin Tuğ kəndində qədim məzarlıq, Tərtərin Ümüdlü kəndində qədim hamamlar, Sədərəkin Kərki kəndində məzarlıq dağıdılmış, yandırılmış və talan edilmişdir.

Kəlbəcər rayonunda qədim sikkələr, qızıl və gümüş işləmələr, nadir və qiymətsiz daşlar, xalça və digər əl işlərindən ibarət unikal kolleksiyaya malik Tarix Muzeyi, Şuşa muzeyləri, Laçın Tarix Muzeyi, Ağdam Tarix və Qida Muzeyi dağıdılmış, talan edilmiş və sərgi nümunələri digər dövlətlərdə satışa çıxarılmışdır. Şairə Natəvan, bəstəkar Üzeyir Hacıbəyovun və ifaçı Bülbülün tunc heykəlləri Azərbaycan hökumətinin onları 500 min dollar qiymətinə almayacağı təqdirdə, Gürcüstanda metal parçası kimi satılacaqdı. Həmçinin Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda Sotheby`s auksionunda 80 min dollara satılmışdır.

Bu kimi vandalizm aktları işğal edilmiş ərazilərin Azərbaycana məxsus mədəni görünüşünü dəyişmək üçün müxtəlif metodlarla müşayiət olunmuşdur. Buna misal olaraq, Laçın şəhərində erməni kilsəsinin tikintisi, uşaq musiqi məktəbi, kitabxana, dərnək və infrastruktur vasitələrin dağıdılması ilə Xocalı hava limanındakı uçuş zolağının genişləndirilməsini göstərmək olar. Digər istifadə olunan təcrübə müxtəlif abidələrin arxitektur detallarının dəyişdirilməsidir, məsələn, Şuşa şəhərində Saatlı məscid və Xanlıq Muxtar karvansaraları, abidələrin Azərbaycan-İslam elementləri və ərəb dilində yazıların erməni xaçı və yazısı ilə əvəzlənməsi buna misaldır.

Ermənistan işğal edilmiş Xocavənd rayonunda Azıx mağarasında 2003-cü ildən və işğal edilmiş Ağdam şəhərinə yaxın ərazilərdə 2005-ci ilin martından “arxeoloji qazıntılar” həyata keçirir.

Azərbaycanın işğal edilmiş ərazilərində qəbirlərin qarət edilməsi, məzarlıq və qəbirlərin mədəniyyət nümunələrinin və ya dəyərli əşyaların oğurlanması məqsədilə üstünün açılması təcrübəsi haqqında geniş hesabatlar mövcuddur.

Ermənistan ərazisində olan Azərbaycana məxsus tarixi və mədəni irs də eyni aqibəti yaşayır. Azərbaycanın orta əsr şəhərlərindən biri İrəvandakı (hazırda Yerevan) Dəmirbulaq məscidi yer üzündən silinmişdir, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdiriməsi məqsədilə “yenidən təmir edilmişdir”. Dağıdılmış arxitektur abidələri arasında XVIII əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda tikilmiş Hacı Novruzəli bəy məscidi və Səfəvi və Qacar dövrünün qiymətli saray arxitektura nümunəsi olan “Sərdar sarayı” və ya “Xan sarayı” saraylar kompleksidir. İrəvanın Sərdar məscidi (bəzən Abbas Mirzə məscidi adlandırılır) də sistemli dağıntıya məruz qalmış və 2014-cü ildə tamamilə məhv edilmişdir. Ermənistanda Cəfərabad (ad Argavand adı ilə dəyişdirlimşidir) kəndində 1413-cü ildə tikilmiş Əmir Saad mavzoleyi də dağıdılmış abidələr sırasındadır. Mavzoleyin Azərbaycana məxsusluğu əlamətinin aradan qaldırılması üçün üzərində ərəb dilində yazılmış “Pir Budaq xanın hakimiyyəti dövründə Əmir Pir Hüseynin əmri ilə tikilmişdir” sözləri silinərək, abidənin adı “Türkmən Əmirləri ailəsinin mavzoleyi” adlandırılmışdır. Həmçinin, Ermənistanda olan qədim və yeni Azərbaycana məxsus qəbirstanlıqlar məhv edilmişdir. İşğal edilmiş ərazilərdə olduğu kimi, Ermənistanda olan Azərbaycanın tarixi yerlərində toponimlər orijinal xarakterinin dəyişdirilməsi məqsədilə dəyişdirilmişdir.

Mülki obyektlərə aid olan mədəni mülkiyyət xüsusi qorunur. 1907-ci il Haaqa Nizamnamələri mədəni mülkiyyətin dağıdılmasının qarşısının alınması üçün dəqiq qaydalar təsbit edir və işğal edilmiş ərazilərdə mədəni və dini təsisatların qorunmasının geniş əhatəsini müəyyən edir. 1949-cu il IV Cenevrə Konvensiyası isə silahli münaqişələr dövründə mədəni mülkiyyətin qorunması üçün yetərli istiqamət vermirdi.

1954-cü il Haaqa və ya “Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya”ya əsasən, hücum edən tərəfin mədəni mülkiyyətə hörmət edib qorumaqla yanaşı, həm də işğal edilmiş ərazilərdə bu mülkiyyətin oğurlanmasının qarşısının alınması istiqamətində konstruktiv addımlar atma öhdəliyi var. Konvensiyaya üzv dövlətlər “mədəni mülkiyyətə qarşı yönəlmiş vandalizm aktlarını qadağan etmək, qarşısını almaq və zərurət yaranarsa, mədəni mülkiyyətə qarşı yönəlmiş oğurluq, qarət və qanunsuz mənimsənilmənin istənilən formasına son qoymaq” barəsində razılığa gəlmişdir. İşğalçılardan həmçinin “mədəni mülkiyyətin qorunub-saxlanılması üzrə tədbirlər görülməsi” tələb olunur, hətta bu məqsədin yerinə yetirilməsi üçün milli hakimiyyətlə yaxından işləmək tələb olunur.

Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində Haaqa Konvensiyasının İkinci Protokolunun 9-cu bəndi işğalda iştirak edən tərəfin “işğal edilmiş ərazilərə münasibətdə” mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının almasını (“qadağan edəcək və qarşısını alacaq”) təsbit edir.

Yuxarıda qeyd olunan sənədlərə əlavə olaraq, bir sıra digər müqavilələr də mədəni mülkiyyətin qorunması üçün önəmli hüquqi çərçivə yaradır.


*http://www.azerbaijan.az/_Karabakh/_SocialEconomy/_socialEconomy_a.html

Arxiv üzrə axtarış

xin diplomatic service