Ətraf mühitə dəymiş ziyan

Ətraf mühitə dəymiş ziyan*

Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsi iri meşə rayonudur. Regionun ümumi meşə sahəsi 246,7 min hektar idi.

Təbii landşaftı, nadir bitki və heyvanlar aləmini mühafizə etmək məqsədilə işğal olunmasından öncə Dağlıq Qarabağ və ətraf bölgələrdə bir sıra qoruq və yasaqlıqlar təşkil olunmuşdur. Bunlardan Bəsitçay qoruğu, Laçın yasaqlığı və digərlərini göstərmək olar. Bəsitçay qoruğu 1974-cü ildə Azərbaycanın cənubi-qərbində işğal olunmuş Zəngilan ərazisində yerləşən Bəsitçayın dərəsində yaradılmışdır. Qoruğun sahəsi 107 hektardır. Burada qorunan obyekt şərq çinarıdır. Çay boyu çinar meşəliyi 12 km. məsafədə uzanır. Ağacların yaşı 500 ilə çatır. Şərq çinarı "Qırmızı Kitab"a daxil edilmişdir.

Laçın yasaqlığı 1961-ci ildə Azərbaycanın işğal olunmuş Laçın rayonu ərazisində təşkil edilmişdir. Sahəsi 21, 4 min hektardır. Yasaqlıqda dağ keçisi (təqribən 400 baş), cüyür (500), çöl donuzu (400), turac (800) və kəklik (2500) mühafizə olunurdu.

İşğal altında olan ərazilər yeraltı və yerüstü təbii ehtiyatlarla zəngindir. Ən çox yayılan faydalı qazıntılar əlvan metal filizləri, qızıl, civə, xromit, perlit, əhəng, mərmər, əqiq, mineral sular və başqalarıdır. Əhəmiyyətli mis-sink filiz ehtiyatları Kiçik Qafqazın şərqində yerləşən Mehmana yataqlarında cəmlənmişdir. Burada istismara hazır olan filiz ehtiyatları öyrənilmişdir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir.

İşğal olunmuş ərazilərdə böyük müalicəvi əhəmiyyəti olan 120-dək müxtəlif tərkibli mineral su yataqları vardır. Bunların içərisində Kəlbəcər rayonunda Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək, Laçın rayonunda İlıqsu, Minkənd, Şuşa rayonunda Turşsu, Sırlan və başqa mineral su mənbələrini xüsusi vurğulamaq olar. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 39,6%-i işğal altında olan rayonların payına düşür.

Respublikanın su ehtiyatlarının formalaşmasında sıx çay şəbəkəsinə malik olan və hazırda işğal altındakı Kiçik Qafqaz dağlarının da əhəmiyyəti böyükdür. Bu dağlardan öz mənbəyini götürən bütün çaylar, xüsusilə Kürün sağ qolları olan Tərtər, Həkəri, Xaçınçay, Köndələnçay və digərləri özləri ilə düzən ərazilərə bol su gətirirlər. Onların bəzilərinin üzərində süni göllər və suvarma kanalları yaradılmışdır. Suvarmada və elektrik enerjisi istehsalında istifadə edilən belə komplekslərdən biri də Tərtər hidrokompleksidir. Bu kompleks 1976-cı ildən Azərbaycan SSR üçün ayrılmış kapital qoyuluşu hesabına yaradılmışdır. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu və digər suvarma sistemləri və su mənbələrinin Ermənistan tərəfindən nəzarət olunması ölkəmiz üçün çox böyük təhlükə mənbəyinə çevrilmişdir.

Tərtər hidrokompleksinin yaratdığı Sərsəng su anbarı və elektrik stansiyası da hazırda Ermənistan hərbi qüvvələrinin nəzarəti altındadır. Sərsəng su anbarında suyun həcmi 560 min kub metrdir. Bu anbardan öz başlanğıcını götürən magistral kanallar Tərtər, Ağdam, Bərdə, Goranboy rayonları ərazilərində 80,1 min hektar torpaq sahəsini suvarırdı. Hazırda Sərsəng su anbarından kanallara verilən suyun qabağı işğalçı ermənilər tərəfindən kəsildiyinə görə Azərbaycanın göstərilən rayonlarında əkinlər məhsul vermir.

Bundan başqa, Azərbaycanın Ermənistanla həmsərhəd olan Qazax rayonunun Aşağı Əskipara, Yuxarı Əskipara, Quşçu Ayrım, Barxudarlı və digər yaşayış məntəqələrinin işğal olunması Ağstafa çayı üzərində yaradılmış və Azərbaycanın qərb rayonları üçün təsərrüfat əhəmiyyəti daşıyan su anbarına da təhlükə yaradır. Su tutumu 120 milyon kub metr olan Ağstafa su anbarından başlayan və uzunluğu 72,3 km olan suvarma kanalı Azərbaycanın Qazax, Ağstafa, Tovuz və Şəmkir inzibati rayonlarının dağətəyi təsərrüfatlarını və yaşayış məntəqələrini su ilə təmin edirdi.

Ermənistan ərazisindən başlayan çayların demək olar ki, hamısı Azərbaycanın Kür-Araz çaylarına və oradan da Xəzərə tökülür. İllər boyu bu ölkənin ərazisindən axan Oxçu, Zəngi, Araz, Ağstafa və başqa çaylar öz suları ilə Azərbaycanın çaylarını çirkləndirir. Qafan mis-molibden yataqlarından Boxçuçaya axıdılan zərərli sular, eləcə də Ermənistan AES-də istifadə olunan sular sonralar çaylar vasitəsi ilə Azərbaycana ötürülür.

İşğal olunmuş dağlıq ərazilərdə hərəkət edən ağır hərbi texnika, çoxlu miqdarda atılan mərmilər və bastırılmış minalar bu ərazilərin torpaq örtüyünə və bitki aləminə ciddi zərər vurur. Bu ərazilərdəki təbii ehtiyatlar və faydalı qazıntı yataqları vəhşicəsinə talan edilir.


*http://www.azerbaijan.az/_Karabakh/_SocialEconomy/_socialEconomy_a.html

Arxiv üzrə axtarış

xin diplomatic service