Sosial-iqtisadi ziyan

Ermənistanın təcavüzü nəticəsində Azərbaycana vurulmuş sosial-iqtisadi ziyan*

İşğal olunmuş ərazilərdə fəaliyyət göstərən sənaye sahələri Azərbaycanın iqtisadiyyatında mühüm yer tuturdu. Burada yeyinti, yüngül və tikinti materialları sənaye sahələri üzrə müəssisələr daha çox inkişaf etmişdir.

Göstərilən sahələrin bu regionda inkişafına güclü kənd təsərrüfatı, xammal və yerli təbii ehtiyatlar müsbət təsir göstərirdi.

İşğal olunmuş ərazilərin sənaye sahələri arasında yerli əhalinin ərzaqla təmin olunmasında mühüm əhəmiyyət kəsb edən yağ-pendir, şərabçılıq və qismən də yüngül sənaye sahələri daha çox inkişaf etmişdir. Dağlıq Qarabağ Muxtar Vilayətindəki sənaye müəssisələri tərkibi və inkişaf səviyyəsinə görə keçmiş Azərbaycan SSR-nin iqtisadi regionları arasında dördüncü yeri tuturdu.

İşğal olunmuş rayonların sənaye potensialı əsasən Dağlıq Qarabağ MV ərazisində cəmlənmişdir. Sayca ən çox sənaye və tikinti müəssisələri (137 müəssisə) bu vilayətin ərazisində yerləşdirilmişdir.

Sənaye və kənd təsərrüfatı məhsullarının istehsalına görə vaxtilə yüksək göstəricilərə sahib olmuş Azərbaycanın işğal olunmuş rayonlarında İstisu və Turşsu mineral su qablaşdıran müəssisələri, Dağlıq Qarabağ və Ağdamdakı mərmər, mişar daşı zavodları, məşhur "Ağdam" şərabları istehsal edən şərab zavodları, yağ-pendir müəssisələri, toxuculuq və ayaqqabı fabrikləri, Qarabağ İpək Kombinatı və s. fəaliyyət göstərirdi. Bakı müəssisələrinin 50-dən çox filialları işğal olunmuş ərazilərdə qalmışdır. Ümumiyyətlə, bu ərazilərdə 300-dən çox sənaye və tikinti müəssisəsi cəmlənmişdir.

Ümumi uzunluğu 25 min km. olan avtomobil və torpaq yolları, 3984 metr (dəqiqləşdirilməlidir) olan 160 ədəd körpü, 14,5 min km. elektrik xətləri, 240 km olan kanalizasiya xətləri, 2,3 min km su kəməri xətləri, 2,0 min km qaz kəməri, habelə 2500 ədəd transformator, 160 ədəd su tutarı, 34 ədəddən çox qaz paylayıcı qurğusu, 35 min nömrəlik telefon stansiyası və s. dağıdılmışdır.

Eyni zamanda, 4 hava limanı, Bakı-Ağdam və Horadiz-Ordubad dəmiryolu xətti, Bakı-Xankəndi-Naxçıvan qaz kəməri və s. işğal olunmuş ərazilərdə qalmışdır.

İşğal olunmuş ərazilərdə 300-dən çox kənd təsərrüfatı müəssisəsi, o cümlədən müasir texnika ilə təchiz olunmuş üzümçülük-şərabçılıq sovxozları, məşhur Qarabağ cins-cıdır atları yetişdirən Ağdam atçılıq sovxozu, yüzlərlə digər kolxoz və təsərrüfatlararası müəssisələr dağıdılmış, o cümlədən 7000-dən çox hidroqurğu, 40 yaxın nasos stansiyası, 30-dan çox suvarma sistemi və 1200 km təsərrüfatlararası suvarma kanalı sıradan çıxarılmış və 130 min ha keyfiyyətli suvarılan torpaq işğal altında qalmışdır. 

Azərbaycan Respublikasında istehsal edilən taxılın 14,3, üzümün 31,5, ətin 14,5, südün 17,1, yunun 19,3 və baramanın 17%-i işğal olunmuş rayonların payına düşürdü.


*http://www.azerbaijan.az/_Karabakh/_SocialEconomy/_socialEconomy_a.html
 Həsənov, T.G. “Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının ağır sosial-iqtisadi nəticələri”. Bakı:Çaşıoğlu, 2002.

Arxiv üzrə axtarış

xin diplomatic service