Münaqişənin həlli prosesi

MÜNAQİŞƏNİN HƏLLİ PROSESİ

Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin hazırkı mərhələsi 1980-ci illərin sonunda Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddiasının hərbi fazaya keçid alması və Azərbaycanın Dağlıq Qarabağ bölgəsi,  həmçinin Ermənistanda yaşayan azərbaycanlıların öz əzəli torpaqlarından qovulması ilə başlandı.

22 fevral 1988-ci il tarixində Dağlıq Qarabağın Əsgəran qəsəbəsi yaxınlığında ermənilər dinc azərbaycanlılara atəş açmış və nəticədə həlak olan iki azərbaycanlı gənc münaqişənin ilk qurbanları olmuşdur.

Ermənistanı tərk etməyə məcbur olmuş azərbaycanlıların kütləvi deportasiyası zamanı 200-dən çox dinc azərbaycanlı öldürülmüş və 1000-dən çox yaralanmışdır.

1991-ci ilin sonu-1992-ci ilin əvvəlində Sovet İttifaqının parçalanması və Azərbaycanda daxili çəkişmələr nəticəsində yaranmış siyasi qeyri-sabitlikdən istifadə edərək, Ermənistan Dağlıq Qarabağda geniş həcmli hərbi əməliyyatlara başlamışdır.

1992-ci ilin may ayında Şuşa şəhəri və Ermənistanla Dağlıq Qarabağ arasında yerləşən Laçın rayonu işğal edilmişdir. 1993-cü ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı daha altı rayonunu – Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etmişlər.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Respublikası ərazisinin beşdə biri işğal olunmuş, bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmiş, 20.000-dən çox insan həlak olmuş, 50.000 nəfər yaralanmış və ya əlil olmuş və 4000-dən çox Azərbaycan vətəndaşı itkin düşmüşdür.

1992-ci il

1992-ci ilin 28 fevral tarixində Praqada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM, 1 yanvar 1995-ci ildən ATƏT) Yüksək vəzifəli şəxslər Komitəsinin 7-ci görüşü baş tutmuşdur. Görüşdə Azərbaycanın Dağlıq Qarabağ regionunda atəşkəs rejiminin tətbiq edilməsi, daxili və xarici sərhədlərin toxunulmazlığına hörmət edilməsi, ərazi iddialardan əl çəkilməsi, həmçinin qarşılıqlı nifaq doğuran təbliğatdan imtina edilməsinə dair qərar qəbul olunmuşdur.

1992-ci ilin 24 mart tarixində ATƏM-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən ilk əlavə iclasında ATƏM-in prinsip, öhdəlik və müddəaları əsasında danışıqlar üçün forum təmin edəcək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə konfransın çağırılması qərara alınmışdır.

1993-cü il

1993-cü ilin 30 aprel, 29 iyul, 14 oktyabr və 12 noyabr tarixlərində BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalına cavab olaraq müvafiq olaraq 822, 853, 874 və 884 saylı qətnamələri qəbul etmişdir. BMT Təhlükəsizlik Şurasının sözügedən qətnamələri Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığını təsdiqləmiş və erməni işğalçı qoşunlarının Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmiş, qaçqın və məcburi köçkünlərin geri dönmələrini təmin etməklə, regionda qarşılıqlı əlaqələrin bərpasına çağırmışdır.

1994-cü il

1994-cü ilin 12 may tarixində atəşkəsə dair razılıq əldə olunmuşdur. ATƏM-in dövlət və hökumət başçılarının 1994-cü il 5-6 dekabr tarixlərində Budapeştdə keçirilən sammitində ATƏM çərçivəsində bütün vasitəçilik səylərinin əlaqələndirilməsi üçün Minsk konfransı həmsədrlik institutunun yaradılması barədə qərar qəbul olunmuşdur. Budapeşt sammitinin qərarında Minsk konfransı həmsədrlərinə münaqişənin əsas nəticələrini aradan qaldıracaq və Minsk konfransının çağırılmasına imkan yaradacaq siyasi razılaşmanın əldə olunması tapşırığı verilmişdir.

Sammitdə həmçinin siyasi saziş əldə edildikdən sonra münaqişə bölgəsində ATƏM-in çoxmillətli sülhməramlı qüvvələrinin yerləşdirilməsi və bu məqsədlə Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) yaradılması ilə bağlı qərarlar qəbul olunmuşdur.

1995-ci il

1995-ci ilin 23 mart tarixində ATƏT-in Minsk konfransı həmsədrlərinin mandatı qəbul olunmuşdur (DOC.525/95). 

1996-cı il

1996-cı ilin 2-3 dekabr tarixlərində keçirilən ATƏT-in Lissabon sammitində ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin əsasını təşkil etməli olan prinsipləri tövsiyə etmiş, lakin Ermənistan bu prinsipləri qəbul etməmiş və ATƏT-in 54 üzv dövləti arasında bu təklifin əleyhinə səs verən yeganə dövlət olmuşdur. ATƏT-in fəaliyyətdə olan sədri sözügedən prinsipləri ehtiva edən bəyanatla çıxış etmişdir. Həmin prinsiplər aşağıdakılardır:

  • Azərbaycan Respublikası və Ermənistan Respublikasının ərazi bütövlüyü;
  • Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək səviyyəli özünüidarəetməni nəzərdə tutan öz müqəddəratını təyinetmə sazişi əsasında Dağlıq Qarabağın hüquqi statusu;
  • Nizamlamanın müddəalarını bütün tərəflərin yerinə yetirəcəyinə dair qarşılıqlı öhdəliklər daxil olmaqla Dağlıq Qarabağ və onun bütün əhalisinin təhlükəsizliyinə zəmanət.

Lissabon sammitindən sonra 1997-ci il 1 yanvar tarixindən ATƏT Minsk konfransına Fransa, Rusiya və ABŞ həmsədrlik etməyə başlamışdır (1992-ci ildən Minsk konfransına İtaliya (1992-1993), İsveç (1994), Rusiya və Finlandiya (1995-1996) sədrlik etmişlər).

1997-ci il

1997-ci ilin 1 iyun tarixində həmsədrlər münaqişənin nizamlanmasına dair hərtərəfli saziş layihəsini təqdim etmişdirlər. Azərbaycanın sözügedən sənədlərin mahiyyəti ilə bağlı konstruktiv məsləhətləşmələrə başlamağa hazır olmasına baxmayaraq, erməni tərəfi təklif olunan yanaşmanı rədd etmişlər.

1997-ci ilin sentyabrında həmsədrlər münaqişənin “mərhələli həlli”nə əsaslanan yeni təklif təqdim etmişdirlər. Bu təkliflər ilk mərhələdə Dağlıq Qarabağın ətrafındakı rayonların işğaldan azad olunması, ATƏT-in sülhyaratma əməliyyatlarının başlaması, köçkünlərin azad olunmuş ərazilərə qayıtması və münaqişə bölgəsində əsas kommunikasiya vasitələrinin bərpasını nəzərdə tuturdu. İkinci mərhələdə Laçın dəhlizi və Şuşa şəhəri, həmçinin  Dağlıq Qarabağın statusu məsələləri həll olunmalı və nəticədə ATƏT-in Minsk konfransı çağırılmalı idi.

1997-ci ilin 10 oktyabr tarixində Strasburqda Azərbaycan və Ermənistan prezidentləri birgə bəyanatla çıxış edərək, həmsədrlərin son təkliflərinin Minsk qrupu çərçivəsində danışıqların bərpa edilməsi üçün ümidverici baza olduğunu bildirmişlər. Lakin 1998-ci ilin fevral ayında Ermənistan prezidenti Levon Ter-Petrosyanın istefası və 1998-ci ilin mart ayında Robert Köçəryanın hakimiyyətə gəlişindən sonra həmsədrlərin bölgəyə növbəti səfəri zamanı Ermənistan rəsmi olaraq, münaqişənin “mərhələli” həlli təkliflərinə dair razılığını geri götürmüşdür.

1998-ci il

1998-ci ilin 9 noyabr tarixində həmsədrlər “ümumi dövlət” konsepsiyasına əsaslanan yeni təklif irəli sürmuşdürlər. Bu konsepsiyaya əsasən, Dağlıq Qarabağ respublika formasında dövlət və ərazi vahidi statusu əldə etməli və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanla birlikdə ümumi dövlət təşkil etməli idi. Azərbaycan bu təklifləri onun suverenliyi və qanunvericiliyinə zidd olması səbəbindən rədd etmişdir.

1999-2001-ci illər

1999-2001-ci illərdə Azərbaycan və Ermənistan prezidentləri arasında 20 görüş keçirilmiş, lakin bu görüşlər nəticəsiz qalmışdır.

2002-ci il

2002-ci ilin mart ayında ATƏT-in Minsk qrupunun həmsədrləri bölgəyə səfərləri zamanı danışıqlar prosesinin Azərbaycan və Ermənistan prezidentlərinin xüsusi nümayəndələri səviyyəsində davam etdirilməsi təklifini irəli sürmüşdürlər. Bu təklif hər iki dövlət başçısı tərəfindən qəbul olunmuşdur.

2002-ci ilin 13-15 mart və 29-30 iyul tarixlərində Praqa yaxınlığında hər iki dövlət başçısının xüsusi nümayəndələrinin iki görüşü keçirilmişdir.

2004-ci il

2004-cü ildən etibarən “Praqa prosesi” çərçivəsində Azərbaycan və Ermənistan Xarici işlər nazirləri arasında birbaşa danışıqlar başlamışdır.

2005-ci il

2005-ci ilin 25 yanvar tarixində Avropa Şurasının Parlament Assambleyası “ATƏT-in Minsk konfransının məşğul olduğu Dağlıq Qarabağ münaqişəsi” adlı 1416 saylı qətnamə qəbul etmişdir. Parlament Assambleyası Azərbaycan ərazisinin böyük bir hissəsinin işğal olunduğunu təsdiq edərək, etnik düşmənçilik və onu müşayiət edən hərbi əməliyyatlar nəticəsində çoxlu sayda insanın etnik əsasda didərgin düşməsi və monoetnik ərazilərin yaradılmasına dair narahatlığını ifadə etmişdir. Assambleya Avropa Şurasının üzvü olan bir dövlətin digər dövlətin ərazisini işğal etməsinin həmin dövlətin üzvlük öhdəliklərini kobud şəkildə pozması demək olduğunu açıq şəkildə bəyan edərək, münaqişə zonasından didərgin düşmüş şəxslərin təhlükəsiz və ləyaqətlə geri qayıtması hüququnu bir daha təsdiq etmişdir. Assambleya həmçinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini xatırladaraq, münaqişə tərəflərini onları yerinə yetirməyə, xüsusilə də işğal olunmuş ərazilərdən hərbi qüvvələri çıxarmağa çağırmışdır.

2006-ci il

2006-cı ilin may ayında ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin müavinlərindən ibarət birgə missiya bölgəyə səfər etmişdir. Səfərin nəticəsi olaraq, 2006-cı ilin 22 iyun tarixində ATƏT-in Minsk qrupu həmsədrlərinin ATƏT-in Daimi Şurasına təqdim etdiyi məruzədə münaqişənin bütün aspektlərinin bir mərhələdə deyil,  tərəqqiyə nail olmaq üçün bəzi çətin məsələləri sonraya saxlamaqla, danışıqların irəlilənməsi tövsiyə olunurdu. Həmsədrlərin məruzəsi ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bildirmişdir ki, Azərbaycan ərazilərinin davam edən işğalı və etnik təmizləmə şəraitində Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun hüquqi statusunun müəyyən edilməsi mümkün deyildir. Bunun üçün Azərbaycan əraziləri işğaldan azad edilməli, münaqişə zonası demilitarizasiya olunmalı, müvafiq beynəlxalq təhlükəsizlik zəmanəti təmin edilməli və zorla didərgin salınmış azərbaycanlı əhali öz evinə qayıtmalıdır. Azərbaycan tərəfi Dağlıq Qarabağa Azərbaycan Respublikasının ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində yüksək səviyyəli özünüidarəetmə statusu verməyə hazır olduğunu bir daha bəyan etmişdir.

2007-ci il

2007-ci ilin 13 iyul tarixində ATƏT-in Minsk qrupu həmsədrləri 9 iyun 2007-ci il tarixində İlham Əliyev və Robert Köçəryan arasında Sankt-Peterburqda keçirilən görüşdən sonra münaqişənin həlli prosesində yaranmış vəziyyəti qiymətləndirən bəyanat yaydılar. Həmsədrlər bəyan etdilər ki, prezidentlərin görüşü zamanı, əsas etibarilə münaqişənin sülh yolu ilə həllinin “əsas prinsiplər”inə dair razılaşma ilə bağlı məhdud sayda əngəllər müzakirə edilmiş və tərəflər mövqe fərqləri səbəbindən razılığa gələ bilməmişlər. Həmsədrlər bəyanatlarında Azərbaycan və Ermənistanın bir qrup ziyalısının Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionuna, eləcə də Bakı və Yerevana birgə səfər təşəbbüsünə toxunaraq, onu bəyəndiklərini və yüksək qiymətləndirdiklərini qeyd edərək, bu təşəbbüsü ilk etimadyaratma addım adlandırdılar.

2008-ci il

2008-ci ilin 2 noyabr tarixində Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Moskvada Bəyannamə imzaladılar. Bəyannamədə “münaqişənin nizamlanması beynəlxalq hüququn norma və prinsipləri, eləcə də bu çərçivədə qəbul edilmiş qərar və sənədlərə əsaslanmalı olduğu” vurğulanır. Digər sənədlərlə yanaşı, buraya 1993-cü il BMT Təhlükəsizlik Şurasının, eləcə də 2006 və 2008-ci il BMT Baş Assambleyasının məlum qətnamələri daxildir. Bununla yanaşı, Bəyannamədə vurğulanır ki, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan həlli regionda iqtisadi inkişaf və hərtərəfli əməkdaşlıq üçün əlverişli şərait yaradacaqdır.

2009-cu il

2009-cu il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə aparılan danışıqlar daha intensiv xarakter almışdır. Belə ki, ATƏT-in Minsk Qrupunun Həmsədrlərinin iştirakı ilə Ermənistan və Azərbaycan Prezidentləri 6 dəfə, Ermənistan və Azərbaycan xarici işlər nazirləri isə 3 dəfə görüş keçirmişlər.

2009-cu ilin 1-2 dekabr tarixlərində Afinada ATƏT-in Nazirlər Şurasının 17-ci iclası çərçivəsində ATƏT-in Minsk Qrupunun Həmsədr ölkələrinin nümayəndələri –Rusiya və Fransanın xarici işlər nazirləri, eləcə də ABŞ Dövlət Katibinin müavini birgə bəyanatla çıxış etmişlər. Bundan əlavə, ATƏT-in Nazirlər Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair Bəyanat qəbul etmişdir. Sözügedən bəyanatlarda münaqişənin nizamlanması prosesinin vacib elementi kimi, tərəflər arasında imzalanmış Moskva Bəyannaməsi və Helsinki Yekun Aktında təsbit olunmuş əsas prinsiplər göstərilir.

2010-cu il


2010-cu il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həlli üzrə danışıqlar davam etdirilmişdir. İl ərzində davam etmiş danışıqlar 2009-cu ilin dekabrında Minsk Qrupu Həmsədrləri tərəfindən təqdim edilmiş yenilənmiş Madrid prinsipləri əsasında aparılmışdır.

2010-cu il ərzində Rusiya Prezidenti Dmitriy Medvedevin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Ermənistan Prezidenti S.Sarqsyan arasında 25 yanvar tarixində Soçidə, 17 iyun tarixində Sankt-Peterburqda və 27 oktyabr tarixində Həştərxanda üç görüş keçirilmişdir. Son görüşün nəticəsində tərəflər ATƏT-in Minsk Qrupu və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin vasitəçiliyi ilə hərbi əsir və girovların, həmçinin, atəşkəs rejiminin pozulması nəticəsində həlak olmuş şəxslərin cəsədlərinin qaytarılmasına dair birgə bəyanat qəbul etmişlər. Bunun nəticəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov və şəhid Fərid Əhmədovun cəsədlərinin vətənə qaytarmaqla, torpağa tapşırılması mümkün olmuşdur.

2010-cu ildə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında 17 iyul tarixində Almatıda, 6 noyabrda Moskvada, 19 noyabrda Lissabonda, 22 noyabr və 9 dekabrda Moskvada görüş keçirilmişdir.

2010-cu ilin 20 may tarixində Avropa Parlamenti tərəfindən qəbul edilmiş “Avropa İttifaqının Cənubi Qafqaz üçün strategiya ehtiyacı” adlı qətnamədə Dağlıq Qarabağ, eləcə də onun ətrafındakı ərazilərin işğalı altında olması faktı təsdiq edilmiş və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal edilmiş ərazilərindən çıxarılması, öz doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin tezliklə öz daimi yaşayış yerlərinə qayıtması hüququnun təmin edilməsi tələb edilmişdir.

2010-cu ilin 26 iyun tarixində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının başlıca prinsiplərinin razılaşdırılması istiqamətində atılmış ən mühüm addımlardan biri ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərin başçılarının Kanadanın Muskoka şəhərində verdiyi birgə bəyanat olmuşdur. Sözügedən bəyanatda dövlət başçıları tərəfindən münaqişənin həlli üçün işğal edilmiş ərazilərin azad edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması və digər prinsipləri nəzərdə tutan mərhələli həllinin zəruriliyi vurğulanmışdır.

2010-ci ilin 7-12 oktyabr tarixlərində Azərbaycan tərəfi işğal edilmiş ərazilərdə təbii sərvətlərin və mədəni irsin talan edilməsi, qeyri-qanuni məskunlaşma və mülkiyyət hüquqlarının pozulması ilə bağlı vəziyyətin araşdırılması və müvafiq qiymətləndirilməsi məqsədi ilə işğal olunmuş ərazilərə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin rəhbərliyi altında beynəlxalq dəyərləndirmə missiyasının səfərinin təşkil edilməsinə nail olmuşdur.  Qiymətləndirmə missiyası bir daha Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məkunlaşdırma siyasətinin davam etdirildiyini, həmçinin infrastruktur dəyişikliklərin və iqtisadi fəaliyyətin həyata keçirildiyini aşkarlamışdır. Hesabatda eyni zamanda işğal olunmuş ərazilərdəki status quo vəziyyətin qəbulolunmaz hesab olunduğu və oradakı qanunsuz fəaliyyətə son qoyulmalı olduğu vurğulanmışdır.

2010-cu ilin 1-2 dekabr tarixlərində Qazaxıstanın Astana şəhərində keçirilmiş ATƏT-in 7-ci Sammiti çərçivəsində qəbul edilmiş Astana Bəyannaməsində ATƏT məkanında həlli uzanan münaqişələrin BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktında təsbit olunmuş normalar öz əksini tapmışdır. Eyni zamanda, Sammit çərçivəsində ATƏT Minsk Qrupunun Həmsədr ölkələrinin nümayəndə heyətlərinin başçıları və Azərbaycan və Ermənistan Prezidentləri tərəfindən qəbul olunmuş birgə bəyanatda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Minsk Qrupu Həmsədr Dövlət Başçılarının 2009-cu il İtaliya və 2010-cu il Kanadada keçirilmiş G-8 Zirvə toplantıları çərçivəsində qəbul edilmiş prinsiplər əsasında həllinin vacibliyi bir daha vurğulanmışdır.

2011-ci il

2011-ci ildə Azərbaycan və Ermənistan prezidentləri Rusiya Federasiyasının prezidenti D.Medvedyevin dəvəti ilə iki görüş keçirmişlər: 5 martda Soçidə və 24 iyunda Kazanda. Görüşlər nəticəsiz başa çatmışdır. Uğursuzluğun əsas səbəbi mövcud status quo vəziyyətin möhkəmləndirməyə və sonda gücün tətbiqi ilə yaranmış vəziyyəti (fait accompli) yeritməyə çalışan Ermənistanın destruktiv mövqeyi olmuşdur. Bundan əlavə, 29 sentyabrda prezident İlham Əliyev Varşavada ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşmüşdür.

2012-ci il

2012-ci ilin 23 yanvar tarixində Azərbaycan və Ermənistan prezidentləri Rusiya Federasiyasının prezidenti D.Medvedyevin dəvəti ilə Soçidə görüş keçirmişlər. Qəbul olunmuş birgə bəyanatda, Yekun Sülh Sazişi üzrə işin başlanmasının vacibliyi vurğulanmış və bu məqsədlə Azərbaycan və Ermənistan Prezidentlərinin əsas prinsiplər üzrə razılığı sürətləndirməyə hazır olduqlarını qeyd etmişdirlər.

2012-ci ilin 14 iyul tarixində Azərbaycan Respublikasının xarici işlər naziri ATƏT-in fəaliyyətdə olan sədri ilə görüş keçirmişdir. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunaraq nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərindən çıxarılmasından sonra sülh prosesinin irəliləməsi üçün şəraitin yaradılacağını vurğulamışdır.  

2012-ci ilin 27 sentyabr tarixində Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş keçirmişdir. Görüşdə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən Ermənistan Respublikasının silahlı qüvvələrinin çıxarılmaması və Ermənistanın status quo vəziyyətin uzadılması cəhdləri nəticəsində danışıqlar prosesində yaranmış durğunluq müzakirə edilmiş, Nazir E.Məmmədyarov Ermənistanın yaranmış vəziyyətin saxlaması üçün bütün bəhanələrə əl atdığını bildirmişdir. Həmsədrlər öz ölkələrinin prezidentlərinin verdiyi bəyanatlarını bir daha təsdiq edərək, hazırkı status quo vəziyyətin qəbuledilməz olduğunu vurğulamışlar. Azərbaycanın Xarici İşlər Naziri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qaldığı müddətdə regionda sülhün, təhlükəsizliyin və sabitliyin təhdid altında olacağını həmsədrlərin bir daha diqqətinə çatdırmışdır.  

2012-ci ilin 27 oktyabr tarixində Parisdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçirilmişdir. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak etmişlər. Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətlə əlaqədar narahatçılıq bildirilmişdir. Həmçinin mövcud status quo vəziyyətin dəyişdirilməsinin zəruriliyi və münaqişənin həlli prosesində yaranmış durğunluqdan çıxış yolları ətrafında müzakirələr aparılmışdır.

2013-cü il

2013-cü ilin 4 mart tarixində Azərbaycan xarici işlər naziri ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi ilə görüş keçirmişdir. Görüş zamanı həmsədrlər regiondakı status-quo vəziyyətin qəbulolunmaz olduğunu bir daha vurğulamışlar. Xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın qeyri-konstruktiv mövqeyinin münaqişənin həllinə mane olduğunu qeyd edərək, sülh prosesinin irəliləməsi və bütün regionda sülh və sabitliyin bərqərar olunmasına zəmin yaradılması üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılmasının zəruri olduğunu bir daha vurğulamışdır.

2013-cü ilin 17 may tarixində Polşanın Krakov şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə birgə görüş keçirmişlər. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi də görüşdə iştirak etmişdir. Görüşdə danışıqlar prosesinin irəliləməsi üçün mümkün yollar müzakirə edilmişdir. Həmsədrlər sülh prosesinə zərbə vuracaq və gərginliyi artıra biləcək çağırış və addımlardan çəkinməyin zəruriliyini bir daha təkrarlamış və xarici işlər nazirləri ilə barışıq mühitinin yaradılmasına zəmin yaradacaq mümkün tədbirləri müzakirə etmişlər.

2013-cü ilin 19 noyabr tarixində Vyana şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü baş tutmuşdur. Görüşdə hər iki ölkənin xarici işlər nazirləri ilə yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi də iştirak etmişdir. Prezidentlər təkbətək görüşdə və sonra həmsədrlər və nazirlərin iştirakı ilə aparılan məsləhətləşmələrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlərin geniş spektrini müzakirə etmişlər. Prezidentlər münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmağa yönəldilmiş gələcək danışıqlara təkan vermək barədə razılığa gəlib və xarici işlər nazirlərinə həmsədrlərlə birlikdə sülh prosesinin intensivləşdirilməsi üçün daha əvvəl görülənlər əsasında işi davam etdirməyi tapşırmış, danışıqları davam etdirmək barədə razılığa gəlmişlər.

2013-cü ilin 4 dekabr tarixində Nazir Elmar Məmmədyarov ATƏT-in 21-ci nazirlər şurasının iclası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşmüşdür. Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi və ATƏT-in Minsk qrupunun həmsədrlərinin qarşıdan gələn ildə bu istiqamətdə plan və təklifləri ətrafında müzakirələr aparılmışdır. Nazir Elmar Məmmədyarov münaqişənin həllinə dair Azərbaycanın mövqeyini bir daha səsləndirərək vurğulamışdır ki, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. 

2014-cü il

2014-cü il ərzində Ermənistan və Azərbaycan Prezidentləri üç dəfə görüş keçirmişlər. Azərbaycan Respublikasının və Ermənistan Respublikasının Prezidentləri arasında birinci görüş Rusiya Prezidentinin vasitəçiliyi ilə 10 avqust tarixində Soçi şəhərində, ikincisi ABŞ-ın Dövlət katibinin vasitəçiliyi ilə 5 sentyabr tarixində Uelsin Nyuport şəhərində, üçüncüsü isə Fransa Prezidenti vasitəçiliyi ilə 27 oktyabr tarixində Paris şəhərində baş tutmuşdur.

Danışıqlar prosesində intensivliyin artdığını görən Ermənistan hərbi təxribatlara üz tutmuşdur. Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində Azərbaycan silahlı qüvvələrinin mövqeləri üzərində hücum xarakterli uçuşlar etməsi Ermənistan helikopterlərindən birinin vurulması ilə nəticələndi.

2014-cü ilin 22 iyul tarixində nazir Elmar Məmmədyarov Brüsseldə keçirilən Avropa Birliyi Şərq Tərəfdaşılığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşündə iştirakı ilə yanaşı ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə də görüşmüşdür. Görüşdə münaqişənin həlli prosesinin sürətləndirilməsi yolları müzakirə edilmişdir.

2015-ci il

2015-ci ilin 23 yanvar tarixində nazir Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri ilə görüşmüşdür. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi, ATƏT-in Minsk qrupunun fəaliyyət planı və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

2015-ci ilin 27 yanvar tarixində nazir Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri və Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə Krakov görüşü baş tutmuşdur.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasının regionda davamlı sülh və sabitliyin bərqərar olmasına əsas əngəl olduğunu vurğulamış və münaqişənin həlli üçün əsas məsələ olan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini diqqətə çatdırmışdır. Xarici işlər naziri Ermənistan siyasi rəhbərliyinin danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutduğunu bildirərək, ATƏT-in Minsk Qrupunun münaqişənin nizamlanması prosesində aktivliyinin artırılmasının vacibliyini qeyd etmişdir.

2015-ci ilin 16 fevral tarixində xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşmüşdür. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılmışdır. Nazir atəşkəsin pozulması hallarından danışarkən ilk növbədə, beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərinə uyğun olaraq, həmsədrlər tərəfindən Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının tələb olunmasının vacibliyini vurğulamışdır.

2015-ci ilin 1 iyun tarixində xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvica Dacici ilə görüşmüşdür. Görüşdə nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət və BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi əsasında həllinin mümkün olduğunu nəzərə çatdırmışdır.

2015-ci ilin 25 sentyabr tarixində Azərbaycan xarici işlər naziri BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində ATƏT Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Ermənistanın xarici işlər naziri ilə görüşmüşdür. Nazir tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Azərbaycanın yuxarıda qeyd olunan mövqeyi bir daha vurğulanmışdır.

2016-cı il

2016-cı ilin 17 mart tarixində xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar haqqında məlumat verən nazir Elmar Məmmədyarov Ermənistanın əsl məqsədinin müxtəlif təxribatçı əməllərlə danışıqlar prosesinə xələl gətirmək, işğal və təcavüzə əsaslanan mövcud status kvonu davam etdirmək və Azərbaycan ərazilərini ilhaq etmək olduğunu vurğuladı. İnsidentlərin araşdırılması kimi texniki məsələnin qəsdən gündəmə gətirilməsinin Ermənistanın münaqişənin həllindən diqqəti yayındırmaq cəhdlərindən biri olduğunu nəzərə çatdırmışdır.

Nazir bildirmişdir ki, münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən ilk növbədə Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı, işğal və təcavüz faktına son qoyulmalı, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır. 

2016-cı ilin 22 sentyabr tarixində xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşmüşdür. Görüşdə sülh prosesinin sürətləndirilməsi və danışıqlarda əsaslı nəticələrin əldə olunması ətrafında müzakirələr aparılmışdır. Nazir Elmar Məmmədyarov Ermənistanın son təxribat əməllərinin, o cümlədən Azərbaycanın işğal olunmuş Ağdam rayonunda həyata keçirdiyi hərbi təlimlərin danışıqlar prosesini pozmaq məqsədi daşıdığını bildirmişdir.

2017-ci il

2017-ci ilin 19 iyun tarixində xarici İşlər Naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi ilə görüşmüşdür. Görüşdə mövcud status quo vəziyyətin qeyri-davamlı və qəbuledilməz olduğu qeyd olunaraq substantiv danışıqlar yolu ilə onun dəyişdirilməsinin vacibliyi vurğulanmışdır. Nazir diqqəti Ermənistanın təmas xəttində törətdiyi son təxribatlara çəkərək Ermənistanın məqsədyönlü şəkildə bu kimi təxribatlar və vəziyyəti gərginləşdirmək yolu ilə danışıqlar prosesini pozmaq siyasətini yürütdüyünü qeyd etmişdir.

Elmar Məmmədyarov Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi qeyri-qanuni əməlləri, o cümlədən məskunlaşdırma, maddi-mədəniyyət abidələrinin talan və məhv edilməsi, qanunsuz uçuşların təşkil edilməsi, iqtisadi fəaliyyətin aparılması kimi məsələlərə toxunmuşdur. O əlavə etmişdir ki, Ermənistanın işğal olunmuş ərazilərdə həyata keçirdiyi bu kimi qeyri-qanuni əməlləri münaqişənin həlli üzrə danışıqlara ciddi maneə təşkil edir.

2017-ci ilin 23 sentyabr tarixində xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində ATƏT-in Baş katibi ilə görüşmüşdür.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişə üzrə danışıqlar prosesinin son vəziyyətinə dair ətraflı məlumat vermiş və ATƏT-in Minsk Qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətin mövcud status quo vəziyyətin qəbuledilməz və qeyri-davamlı olması faktını qəbul etdiyini deyərək, münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirdi. Elmar Məmmədyarov güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğuladı. Nazir, həmçinin, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll edilməli olduğunu bir daha bəyan etdi.

Xarici İşlər naziri Elmar Məmmədyarov sessiya çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşmüşdür. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi və gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparılmışdır.

2017-ci ilin 25 sentyabr tarixində nazir Elmar Məmmədyarov BMT Baş məclisinin 72-ci sessiyası çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi iştirakı ilə Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanla görüşmüşdür. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ətraflı fikir mübadiləsi aparmış və Ermənistan, Azərbaycan və həmsədrlər tərəfindən atılmalı olan addımlar nəzərdən keçirilmişdir.

2018-ci il

2018-ci ilin 11 iyul tarixində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Brüsseldə görüşü baş tutmuşdur. Görüş əsnasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətraflı müzakirə olunmuş və mövcud danışıqlar formatının davam etdirilməsi qeyd olunmuşdur. Həmçinin, danışıqlar prosesinin irəli aparılması üçün növbəti addımlara və həmsədrlərinin fəaliyyət planlarına dair fikir mübadiləsi aparılmışdır.

2018-ci ilin 28 sentyabr tarixində Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət baş tutmuşdur. Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, təmas xəttində və Ermənstan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildirmişlər.

2018-ci ilin 5 dekabr tarixində Milanda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan ilə görüş baş tutmuşdur. Görüşdə tərəflərin bir-birlərinin mövqeyini daha da anlaması baxımından faydalı danışıqlar aparılmış, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı sülh yolu ilə həlli istiqamətində işlərin davam etdirilməsi barədə razılıq əldə olunmuşdur. 

2019-cu il

2019-cu ilin 16 yanvar tarixində Parisdə  Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan ilə görüş baş tutmuşdur. Görüş nəticəsində hər iki tərəfin əhalinin sülhə, təhlükəsizliyə və dayanıqlı inkişafa hazırlanmasına dair birgə bəyanat qəbul edilmişdir.

2019-cu ilin 22 yanvar tarixində Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü baş tutmuşdur. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilmişdir.

2019-cu ilin 29 mart tarixində Vyanada Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etmək üçün görüşü baş tutmuşdur. Gorüş əvvəlcə təkbətək keçirilib, daha sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə davam etmişdir.

2019-cu ilin 15 aprel tarixində Moskva şəhərində Rusiya tərəfinin təşəbbüsünə əsasən, Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçirilmişdir. Görüşdə həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrləri  iştirak etmişdir. Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini, danışıqlar prosesinin irəli aparılmasını, münaqişə zonasında gərginliyin azaldılmasını, həmçinin KİV nümayəbndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlararası təmasların qurulması istiqamətində addımların atılması müzakirə edilmişdir.

2019-cu ilin 20 iyun tarixində Vaşinqton şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçirilmişdir. Görüşdə həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrləri  iştirak etmişdir. Görüş zamanı nazirlərin bundan öncəki Paris və Moskva görüşləri nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi müzakirə edilmişdir.

2019-cu ilin 23 sentyabr tarixində Nyu York şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri  ilə görüşü keçirilmişdir. Görüş zamanı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə sülh gətirmək və bölgədə beynəlxalq norma və prinsiplərə, qaydalara hörmət edilməsi ilə bağlı səylərini genişləndirilməli olduqları anlayışı ilə mövcud danışıqlar üzrə fikir mübadiləsi aparılmışdır.

2019-cu ilin 5 dekabr tarixində ATƏT Nazirlərinin Bratislavada keçirilən iclası çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin ilə görüşü keçirilmişdir. 3 saat yarımdan çox davam edən görüş zamanı tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr apardılar. Nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi üzrə razılığa gəlmişdirlər.

Arxiv üzrə axtarış

xin diplomatic service