Münaqişənin tarixi aspektləri

Münaqişənin tarixi aspektləri

Qarabağ Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki "qara" və "bağ" sözlərindən əmələ gəlmişdir. Azərbaycan dilində "qara" sözünün rəngdən başqa "qalın" və ya "böyük" kimi mənaları da vardır. Bu baxımdan, "Qarabağ" "böyük bağ" və ya "qalın bağ" mənalarını kəsb edir.

Lap qədimdən XIX əsrin əvvəllərində Rusiya imperiyası tərəfindən qəsb olunana qədər bu region müxtəlif Azərbaycan dövlətlərinin tərkib hissəsi olmuşdur. 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim Xan və Rus imperatoru Sisianov arasında Kürəkçay müqaviləsi imzalandı. Bu müqavilə ilə Qarabağ xanlığı Rusiyanın hakimiyyəti altına keçdi.

1813-cü il oktyabrın 18-də Rusiya ilə İran arasında imzalanmış Gülüstan sülh müqaviləsi Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla, Şimali Azərbaycan xanlıqlarının Rusiyaya birləşdirilməsini de-jure təsdiq etdi. İkinci Rusiya-İran müharibəsinin (1826-1828) başa çatmasını təmin edən 1828-ci il 10 fevral tarixli Türkmənçay sülh müqaviləsinə əsasən İran Şimali Azərbaycan, o cümlədən Naxçıvan və İrəvan xanlıqlarından əl çəkdiyini təsdiq etmiş oldu.

GülüstanTürkmənçay müqavilələrinin imzalanmasından sonra ermənilərin çox sürətli şəkildə Azərbaycan torpaqlarına kütləvi köçürülməsi baş verdi ki, nəticədə süni ərazi bölgüsü meydana gəldi.[i] Birinci Dünya Müharibəsi də ermənilərin Cənubi Qafqazda sayca artımına təkan verdi.[ii] Təkcə 1828-1911-ci illərdə Rusiya tərəfindən bir milyondan çox erməni  İran və Türkiyədən gətirilərək regiona, xüsusilə Azərbaycan ərazilərinə yerləşdirildi.

28 May 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının (ADR) qurulduğu elan edildi. Elə həmin gün Ermənistan Respublikası yaradıldı. Azərbaycan Demokratik Respublikasının İstiqlal Bəyannaməsinin 1-ci maddəsində qeyd olunurdu: "bu gündən etibarən Azərbaycan xalqı suveren hüquqlara malik olacaqdır. Şərqi və Cənubi Qafqazı əhatə edən Azərbaycan hüquqi müstəqil dövlətdir ".

1919-cu ilin aprel ayında müttəfiq dövlətlər ADR hökuməti tərəfindən 1919-cu ilin yanvarında təsis edilmiş, mərkəzi Şuşa şəhəri və qubernatoru Xosrov bəy Sultanov olmaqla Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını özündə birləşdirən Qarabağ general-qubernatorluğunu Azərbaycanın yurisdiksiyası daxilində tanıdılar. 1919-cu ildə Dağlıq Qarabağın erməni Milli Assambleyası Azərbaycanın hakimiyyətini rəsmən tanıdı.[iii] Bu faktın özü ermənilərin Dağlıq Qarabağın "müstəqil hüquqi şəxs" və ya "müstəqil siyasi vahid" statusu olduğuna dair iddialarını tamamilə inkar edir.[iv]

Britaniyalı jurnalist Skotland-Liddel 1919-ci ildə Şuşadan Londona məktubunda yazırdı: "Qarabağa sülh gəldi. Ermənilər Azərbaycan hökumətinə itaət etməyə razılaşdılar ... Ermənilərin mənə dediyinə görə, Şuşa və Qarabağda əvvəllər heç vaxt belə bir nizam və sülh olmamışdır".[v] O həmçinin əlavə  edir ki, "hər iki xalq həyat tərzini dinc şəkildə davam etdirməyə hazırdır və təxribatçıların müdaxiləsi olmayanadək bu belə də davam edər. İnanıram ki, ermənilər Zaqafqaziyanın digər hissələrində ermənilər erməni-tatar (Azərbaycan) qırğınının səbəbkarıdır. Təbliğata gəldikdə isə, erməni təbliğatçısı vicdanla işləyir, amma əminəm ki, onların Zaqafqaziyadakı fəaliyyəti sadəcə təxribatdır".[vi]

1920-ci ildə Azərbaycan bolşevik Rusiyasının tərkibinə salındıqdan sonra erməni millətçilərinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddialarına cavab olaraq, 5 iyul 1921-ci il tarixində Rusiya Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin Qafqaz Bürosu  müsəlmanlar ilə ermənilər arasında milli sülhün təmin edilməsi zərurətini, Yuxarı və Aşağı Qarabağ arasında iqtisadi əlaqələrin,   həmçinin Yuxarı Qarabağın Azərbaycanla daimi  təmaslarının vacibliyini nəzərə alaraq, Dağlıq Qarabağın Azərbaycan Sovet Sosialist Respublikası sərhədlərində saxlanılması və Şuşa şəhəri inzibati mərkəz olmaqla Dağlıq Qarabağa geniş muxtariyyət verilməsi barədə qərar qəbul etmişdir.

7 iyul 1923-cü il tarixində Qarabağın dağlıq hissəsində Xankəndi şəhəri inzibati mərkəz olmaqla Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradıldı. DQMV idarəetmənin bütün əsas elementlərinə sahib idi.  1923-cü ilin sentyabr ayında Xankəndi şəhərinin adı dəyişdirilərək, bolşevik lideri olan Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırıldı.

Lakin həmin dövrdə Ermənistanda kompakt şəkildə yaşayan 300 minə qədər azərbaycanlıya isə istər SSRİ-nin mərkəzi hökuməti, istərsə də Ermənistan SSR hökuməti tərəfindən mədəni muxtariyyət verməkdən belə imtina edilmişdir.

Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində muxtar vilayət statusu 1936 və 1977-ci illər SSRİ Konstitusiyalarında təsbit olunmuşdur. DQMV-nin hüquqi statusu SSRİ və Azərbaycan SSR Konstitusiyaları, həmçinin 16 iyun 1981-ci il tarixində qəbul edilmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Qanunla tənzimlənirdi. Milli ərazi vahidi kimi DQMV inzibati muxtariyyət formasına və əhalisinin xüsusi tələbatlarının həyata keçirilməsini təmin edən bir sıra hüquqlara malik idi. Keçmiş SSRİ-nin Konstitusiyasına əsasən, DQMV SSRİ Ali Sovetinin Millətlər Sovetində 5, Azərbaycan SSR Ali Sovetində isə 12 deputatla təmsil olunurdu.

Erməni dili bütün hökumət, inzibati və məhkəmə orqanları, həmçinin prokurorluğun işində, eyni zamanda vilayət əhalisinin əksəriyyətinin dil tələbatını əks etdirən təhsildə də istifadə edilirdi. Erməni dilində yerli televiziya və radio verilişləri, qəzet və jurnalların nəşri təmin edilirdi.

1971-ci ildən 1985-ci ilədək DQMV-nin inkişafına 483 milyon rubl sərmayə qoyulmuşdu. Bu, ötən 15 ildəkindən 2,8 dəfə artıq idi. 1981-1985-ci illərdə ötən 20 il ərzindəkinə nisbətən adambaşına düşən kapital sərmayələrinin həcmi təxminən 4 dəfə artmışdır (1961-1965-ci illərdəki 59 rubla qarşı 1981-1985-ci illərdə 226 rubl). Əvvəlki 15 il ərzində Azərbaycanda mənzil tikintisi adambaşına 3.64 kv.m. təşkil edirdisə, DQMV-də bu rəqəm 4.76 kv.m. idi. 10 000 nəfər üçün xəstəxana çarpayılarının sayı respublikanın digər rayonlarındakından 15 faiz artıq idi.

DQMV məktəbəqədər yerlərin sayına görə respublikanın rayonları arasında nisbətən yüksək yer tuturdu. Belə ki, 1971-1985-ci illər ərzində vilayətdə 10 000 nəfərə düşən uşaq müəssisələrinin sayı respublika üzrə orta göstəricidən 1,4 dəfə artıq idi. Bu həmçinin ümumtəhsil məktəblərində 10 000 nəfər əhaliyə olan yerlərin sayına da aiddir və bu məsələdə DQMV 1,6 dəfə irəlidə idi.

Ümumiyyətlə, mənzil, mal və xidmətlərin təmin edilməsinə görə DQMV-nin göstəricilərinin respublika göstəricilərindən yüksək olması faktı vilayətin sosial və mədəni inkişafı üçün xarakterik idi. DQMV mənzillərində adambaşı yaşayış sahəsi respublikadakı orta göstəricilərdən təxminən 0,3 dəfə, kənd əhalisinin yaşayış sahəsi isə respublikada kəndlilərə məxsus yaşayış sahəsindən, demək olar, 1,5 dəfə artıq idi.

Vilayət əhalisinin tibbi xidmətlər, mədəniyyət mərkəzləri və orta hesabdan 1,6 dəfə artıq kitab və jurnal olan kitabxanalardan istifadə etmək imkanları daha yüksək idi.

Əslində DQMV bütövlükdə Azərbaycanla müqayisədə daha sürətlə inkişaf edirdi. Məsələn, 1970-1986-cı illər ərzində respublikada sənaye istehsalı 3 dəfə artdığı halda, DQMV-də 3,3 dəfə artmışdı (artımın sürəti 8,3 faiz yüksək idi). 1986-cı ildə vilayətdə 1970-ci ilə nisbətən 3,1 dəfə artıq yaşayış obyektləri istifadəyə verilmişdi; respublika üzrə bu rəqəm 2,5 idi. Əsas sosial inkişaf göstəricilərinə gəldikdə, DQMV bu sahədə də ümumrespublika yaşayış göstəriciləri standartlarını qabaqlayırdı. Bütün respublikada, o cümlədən vilayətdə mədəniyyət müəssisələrinin inkişafında əhəmiyyətli tərəqqi müşahidə olunurdu.

1988-1989-cu tədris ilində Dağlıq Qarabağda erməni dilini tədris dili kimi istifadə edən 136 orta ümumtəhsil məktəbi (16 120 şagird) mövcud idi. Xankəndi Dövlət Pedaqoji İnstitutunda əksəriyyəti ermənilərdən ibarət 2 130-dan artıq tələbə Azərbaycan, erməni və rus bölmələrində təhsil alırdı. Bundan əlavə, Dağlıq Qarabağda erməni və rus dillərində təhsil verən onlarla ixtisaslaşdırılmış orta məktəb və peşə hazırlıq məktəbi mövcud idi.

Erməni dilində beş müstəqil dövrü nəşr çapdan çıxırdı. Respublikanın dağlıq rayonlarında və paytaxtdan uzaqda yerləşən Azərbaycanın digər inzibati ərazi vahidlərindən fərqli olaraq, DQMV televiziya və radio proqramlarının qəbulu üçün texniki infrastrukturla təchiz edilmişdi.

Beləliklə, DQMV-nin Azərbaycanın tərkibində muxtariyyət forması əhalinin iqtisadi, sosial, mədəni həyat tərzini və milli xüsusiyyətlərini tam şəkildə əks etdirirdi.

Dağlıq Qarabağ Muxtar Vilayəti onun üçün yaradılmış müstəsna şərait nəticəsində inkişaf etmiş aqrar-sənaye bölgəsinə, Qarabağın azərbaycanlılar yaşayan aran rayonları və digər rayonlar isə onun xammal bazasına çevrilmişdir. Beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayətində həyat səviyyəsi Ermənistanın özü və Azərbaycanın  digər rayonları ilə müqayisədə daha sürətlə inkişaf edirdi.  Bütün bunlar, XIX-XX əsrlərdə kütləvi şəkildə Azərbaycanın Qarabağ bölgəsinə köçürülmüş və 1980-ci illərin sonunda DQMV-də çoxluq təşkil edən ermənilərin milli eqoizm və etnik separatçılıq meyllərini artırırdı. Nəticədə, 20 fevral 1988-ci il tarixində DQMV Xalq Deputatları Sovetinin bir sıra erməni nümayəndələri DQMV-nin Azərbaycan SSR-dən ayrılaraq, Ermənistan SSR-nə birləşdirilməsinə dair müraciət ilə çıxış etdilər.

 


[i] И. Шопен, Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи; Санктпетербургъ: В тип. Имп. Акад. наук, 1852, 636 с., 639-641 сс., 706 с. Н. Шавров, Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцам; С.-Петербург: Тип. редакции период. изданий Мин. финансов, 1911, 59-60 сс.

[ii] История армянского народа (С древнейших времён до наших дней), Под редакцией проф. М. Г. НЕРСИСЯНА. Издательство Ереванского Университета, ЕРЕВАН — 1980, 268 с.  Сборник статистических сведений о Кавказе, том I, И.И. Воронов (ред.), отдел I (Тифлис: Типография Главного управления наместника Кавказского и Меликова и Ко, 1869 г.), часть 3. Кавказский календарь на 1917 год. И.П. Степальщук (ред.); Тифлис: Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, 1916 г., 183 с., 219-221 сс. Акты, собранные Кавказской Археографической комиссией: Под общ. ред. А. Д. Берже. - Тифлис : Тип. гл. упр. Наместника Кавк., 1866-1904. Т. 4: Под ред. А. Д. Берже. - 1870. док. 37, 37 с.

[iii] К истории образования Нагорно - Карабахской автономной области Азербайджанской ССР. 1918 - 1925: Документы и материалы. - Б.: Азернешр, 1989, 23-25 сс. Tadeusz Swietochowski, Russia and Azerbaijan: A Borderland in Transition New York: (Columbia University Press, 1995), pp. 75-76. Тадеуш Светоховский, Россия и Азербайджан: Пограничная полоса в переходном периоде; (Нью-Йорк: Тип. Колумбийского Университета, 1995), 75-76 сс.

[iv] See, e.g., Legal aspects for the right to self-determination in the case of Nagorny Karabakh, Annex to the note verbale dated 21 March 2005 from the Permanent Mission of Armenia to the United Nations Office at Geneva addressed to the Office of the United Nations High Commissioner for Human Rights, E/CN.4/2005/G/23, 22 March 2005, p. 2.

[v] Azərbaycan Respublikasının Dövlət Arxiv İdarəsi, f. 894, siy. 10, iş. 103, v. 18.

[vi] Yenə orada., v. 11.

Arxiv üzrə axtarış

xin diplomatic service