Az | En
Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəisi Əşrəf Şıxəliyev Encamenada həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasında iştirak etmək üçün 24-27 dekabr tarixlərində Çada səfər etmişdir

Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət  göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin(Azerbaijan International Development Agency - AIDA) rəisi Əşrəf Şıxəliyev, AİDA-nın Strateji Tərəfdaşlıq çərçivəsində İslam İnkişaf Bankı ilə birgə 2012-ci ilin 3-8 dekabr tarixlərində Burkina Fasoda baş tutmuş humanitar aksiyanın davamı olaraq, ötən ilin 19-27 dekabr tarixlərində Çadın paytaxtı Encamenada həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasında iştirak etmək üçün  24-27 dekabr tarixlərində bu ölkəyə səfər etmişdir.

Sözügedən kampaniya ərzində yerli əhali üçün ödənişsiz əsasda katarakt cərrahiyyə əməliyyatları həyata keçirilmiş və 804 görmə qabiliyyətini qismən və ya tamamilə itirmiş insan yenidən öz sağlamlığına qovuşmuşdur. Ümumilikdə isə Burkina Faso və Çadda keçirilmiş humanitar aksiyalar nəticəsində 1258 insanın görmə qabiliyyəti bərpa edilmişdir.

Səfər çərçivəsində Ə.Şıxəliyev Çadın neft və energetika naziri, iqtisadiyyat, planlaşdırma və beynəlxalq əməkdaşlıq naziri, Xarici İşlər Nazirliyinin Baş katibi və Səhiyyə Nazirliyinin Baş katibi ilə görüşlər keçirmişdir. Görüşlərdə AİDA-nın fəaliyyəti haqda ətraflı məlumat verilmiş, enerji, səhiyyə, təhsil və digər sahələr üzrə qarşılıqlı əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılmışdır.

Kampaniya ilə bağlı təntənəli mərasim Çadın kütləvi informasiya vasitələrində geniş işıqlandırılmış və mövzuya ölkənin mərkəzi qəzeti olan “Le Progres” də geniş yer ayırmışdır.

AİDA Agentliyi və İslam İnkişaf Bankı tərəfindən oxşar birgə humanitar aksiyaların 2013-cü il ərzində Benin, Burkina Faso, Çad, Kamerun, Cibuti, Qvineya, Mali, Niger və Liviya kimi Afrika ölkələrində də,  keçirilməsi nəzərdə tutulur.

     

    

    

Foreign Ministry
AzerbaijanMFA
Join the conversation
Xəbərlər Sənədlər Sayt üzrə
Səyahət xəbərdarlığı