Az | En
Burkina Fasonun paytaxtı Uaqaduquda “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası həyata keçirilmişdir

Cari ilin 3-8 dekabr tarixində Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət  göstərən Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım İdarəsi bərabər tərəfdaşlıq çərçivəsində İslam İnkişaf Bankı ilə birgə Burkina Fasonun paytaxtı Uaqaduquda “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasını həyata keçirmişdir.

Sözügedən kampaniya ərzində yerli əhali üçün ödənişsiz əsasda katarakt cərrahiyyə əməliyyatları həyata keçirilmiş və 454 görmə qabiliyyətini qismən və ya tamamilə itirmiş insan yenidən öz sağlamlığına qovuşmuşdur. Bundan əlavə, kampaniya müddətində Burkina Fasodan olan 5 oftalmoloq üçün ixtisasartırma təlimləri təşkil edilmişdir.

Azərbaycanın iştirak etdiyi bu humanitar aksiya Burkina Fasonun kütləvi informasiya vasitələrində işıqlandırılmış və bu mövzuya ölkənin mərkəzi qəzetləri olan “L’Observateur”  və “Sidwaya” yer ayırmışdır.

Eyni zamanda bildiririk ki, oxşar humanitar aksiyanın cari ilin 19-27 dekabr tarixlərində Çad Respublikasında da keçirilməsi nəzərdə tutulur.

                                 

                                 

Foreign Ministry
AzerbaijanMFA
Join the conversation
Xəbərlər Sənədlər Sayt üzrə
Səyahət xəbərdarlığı